BAYRAQDAR MEDİA – Azərbaycanla İraq türkmənlərinin daha yaxınlaşması, elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım atılıb. Bu yöndə kerküktenazerbaycana.com internet saytı istifadəyə verilib.
Xəbəri Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu yayıb.
Xəbərdə deyilir ki, “sayt Azərbaycan Milli Elmlər Akademiyası və Kərkük Kültür Dərnəyinin birgə layihəsi olaraq reallaşıb. Saytda Azərbaycan və İraq türkmənlərinin ortaq dəyərləri, dil xüsusiyyətləri, görkəmli şəxsiyyətləri və uzun əsrlər boyu mövcud olmuş ədəbi-mədəni əlaqələri ilə bağlı məqalələr, elmi araşdırmalar və gündəlik xəbərlər yer alacaq”.
Bildirilib ki, “internet saytının Azərbaycan tərəfdən baş redaktoru akademik İsa Həbibbəyli, İraq türkmənləri tərəfdən Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şemseddin Kuzeçi, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevdir”.









