Press "Enter" to skip to content

Gənclik öz keçmişini dərindən öyrənməlidir

Prof. Dr. Burhan Sayılır

Prof. Dr. Burhan Sayılır: Biz gəncləri türk dünyasına, ortaq mirasa, ortaq mədəniyyətə və tarixə bağlı, bu zəngin irsin mahiyyətini dərk edən bir nəsil kimi yetişdirməliyik

BAYRAQDAR MEDİA – “Əvvəla onu qeyd edim ki, biz gəncləri türk dünyasına, ortaq mirasa, ortaq mədəniyyətə və tarixə bağlı, bu zəngin irsin mahiyyətini dərk edən bir nəsil kimi yetişdirməliyik. Eyni zamanda, onlar azad düşüncəli, müstəqil mövqeyi olan insanlar olmalıdırlar. Gənclərimiz yalnız tarix öyrənməməli, həm də bu tarixi yaşayan, onu anlayan və ona sahib çıxan bir şüura malik olmalıdırlar”.

Bunu BAYRAQDAR MEDİA-ya Anadolu Universiteti Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılır deyib.

Ortaq mirasımızın bugünkü gənclərə çatdırılması gələcəyimiz üçün həyati əhəmiyyət daşıyır

O, qeyd edib ki, gənclik öz keçmişini – atalarının və babalarının hansı çətinliklərdən keçdiyini, hansı uğurlara imza atdığını bilməlidir: “Bu bilik onların gələcəkdə eyni problemlərlə, yəni bir zamanlar ata-babalarının üzləşdikləri problemlərlə üzləşməməsi üçün mühüm əsasdır. İkinci mühüm məsələ isə mədəniyyətin və ortaq irsin təhsil kanalları vasitəsilə gənc nəslə sistemli şəkildə ötürülməsidir. Ortaq tariximizin, mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın bugünkü gənclərə çatdırılması gələcəyimiz üçün həyati əhəmiyyət daşıyır”.

Gənclərimiz başqa mədəniyyətlərin arxasınca kor-koranə qaçmaq əvəzinə…

Professor deyib ki, gənclər əvvəlcə bu suallara cavab tapmalıdırlar: “Biz kimik? Bəşəriyyətin və dünya mədəniyyətinin içində yerimiz haradadır? Əsrlər boyu biz elmə, mədəniyyətə və insanlığa nə vermişik?”

Onun sözlərinə görə, bu suallara dolğun cavab vermək üçün gənclərə uşaq yaşlarından etibarən dərin və sistemli bilik verilməlidir: “Gənclərimiz başqa mədəniyyətlərin arxasınca kor-koranə qaçmaq əvəzinə, öz zəngin və bəşəriyyətə daim töhfələr vermiş mədəniyyətini tanımalıdır. Bunun əsas məsuliyyəti də bizim, yəni böyüklərin üzərinə düşür”.

Biz gənclərə təkcə nəyi öyrənməli olduqlarını deyil, necə öyrənməli olduqlarını da göstərməliyik

Müsahibimiz əlavə edib ki, biz gənclərə təkcə nəyi öyrənməli olduqlarını deyil, necə öyrənməli olduqlarını da göstərməliyik: “Onlar muzeylərə getməli, tarix institutlarını tanımalı, konsert zallarında və teatrlarda olmalı, arxivlərdə çalışmalı, türk dünyasının ortaq tarixi, mədəniyyəti, musiqisi, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olmalıdırlar. Bu, sadəcə söz xatirinə deyilən fikirlər deyil. Gənclər özünü, atasını, babasını və onların uğurlarını tanımalıdır. Əgər bunu etməsələr, gələcəkdə yeni faciələrin təməli qoyula bilər. Əgər gəncliyə öz mədəniyyətini tanıtmasaq və onlarda bu mədəniyyətlə fəxr etməyi formalaşdırmasaq, onlar öz kökündən uzaqlaşıb yad mədəniyyətlərin təsiri altına düşə bilərlər. Bu isə bütövlükdə türk dünyasının gələcəyini sual altına qoya bilər”.

Öz tarixini, mədəniyyətini və kimliyini də dərindən bilən bir nəsil olmalıdır

“Unutmamalıyıq ki, türk dövlətçilik ənənəsində yalnız bu günü deyil, gələcəyi də düşünmək var. Gələcək nəsillər üçün məsuliyyət daşımaq var. Biz də bu ənənənin davamçıları olaraq bu gün gələcək nəslin elmli, savadlı, bilikli və ən əsası, öz kökünə bağlı olması üçün ciddi addımlar atmalıyıq” deyə professor vurğulayıb.

Qeyd olunub ki, eyni zamanda, gənclərə azad düşünməyi də öyrətməliyik: “Mustafa Kemal Atatürkün müəllimlərə müraciətində dediyi kimi: “Cümhuriyyət sizdən fikri hür, vicdanı hür, irfanı hür nəsillər gözləyir.” Belə bir azad və şüurlu nəsil yetişdirməliyik, amma bu nəsil eyni zamanda öz tarixini, mədəniyyətini və kimliyini də dərindən bilən bir nəsil olmalıdır”.

Mission News Theme by Compete Themes.