BAYRAQDAR MEDİA – İvane Cavaxişvili Tbilisi Dövlət Universitetinin nəzdində, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə fəaliyyət göstərən Heydər Əliyev Auditoriyasında Gürcüstanda yaşayan və təhsil alan azərbaycanlı gənclərlə maarifləndirici görüş keçirilib. Görüşdə Kuzey Kıbrıs Türk Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri, eyni zamanda Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Həsənoğlu iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya O.Həsənoğlu məlumat verilib.
Məlumata görə, tədbirin açılışında çıxış edən Mərkəzin direktoru Leyla Əmrahova görüşün əhəmiyyətindən, gənclərin gələcək həyat və karyera seçimlərində dünyəvi biliklərin və beynəlxalq təcrübənin mühüm rol oynadığından danışıb: “O, bu cür görüşlərin gənclərin dünyagörüşünün genişlənməsinə və onların cəmiyyətə daha faydalı fərdlər kimi formalaşmasına töhfə verdiyini vurğulayıb”.
Sonra Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşı Cavid Məhərrəmov çıxış edərək bildirib ki, səfirlik hər zaman Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızın sosial və mədəni həyatında fəal iştirakına dəstək göstərməyə hazırdır.
Çıxışı zamanı Orxan Həsənoğlu xarici ölkələrdə təhsilin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu, yalnız fərdi inkişaf baxımından deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və milli maraqların müdafiəsi baxımından da böyük önəm daşıyır. Onun sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlı gənclər diaspor fəaliyyətinin güclənməsində, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırlar. O, xüsusilə İkinci Qarabağ müharibəsindən əvvəl və müharibə dövründə Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasında xaricdə təhsil alan gənclərin fəallığını yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün dünyanın müxtəlif aparıcı beynəlxalq təşkilatlarında və qurumlarında çalışan azərbaycanlı mütəxəssislər ölkəmizin xaricdəki siması kimi çıxış edirlər.
Görüş zamanı Gürcüstanda yaşayan soydaşlarım;z;n KKTC-də fəaliyyət göstərən universitetlərdə təhsil imkanları barədə də ətraflı məlumat verilib. Orxan Həsənoğlu, həmçinin Azərbaycan və KKTC ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açaraq, bu istiqamətdə Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin gördüyü işlərin əhəmiyyətini vurğulayıb.





