BAYRAQDAR MEDİA – Yanvarın 30-u saat 19:00-da Xalça Muzeyində Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi altında “LèRami” art studionun tələbələrinin iştirakı ilə “Aether” adlı qrup sərgisinin açılışı olacaq.
Bu haqda BAYRAQDAR MEDİA-ya R.Şamilova məlumat verib.
Xəbərdə bildirilir ki, “R.Şamilova estetik dünyasına böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət səyahəti 12 yaşında başlayıb və müxtəlif təhsil müəssisələrində, o cümlədən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam edib. R.Şamilova, həmçinin London Müasir İncəsənət Muzeyinin “Müasir İncəsənət və İdeyalar”ı kursunda onlayn təhsil alıb. Onun tələbələri sənət dünyasında öz yollarını aydınlaşdırmağa davam edir”.
Bildirək ki, sərgi R.Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını qeyd etmək üçün mükəmməl bir fürsətdir. Sərgi, həmçinin tələbələrin yaradıcılıq çeşidini və sənətə olan yanaşmalarını nümayiş etdirəcək.
Sərgidə 35 rəssam olmaqla 85 əsər yer alır. Böyüklərlə yanaşı, uşaqlar da bu sərgidə iştirak edərək öz istedadlarını nümayiş etdirirlər. Əsərlər ən böyük 2 metr, ən balaca isə A5 ölçülərində yağlı boya və qrafika olmaqla dəyişir.
Qeyd edək ki, sərgi fevralın 1-dək davam edəcək.





