Press "Enter" to skip to content

Gəlin tanış olalım

Görüşdən xatirə fotosu

Yaxud, türk dünyası “Dildə, fikirdə, işdə birlik” fəlsəfəsinə sadiq qalaraq inamla yoluna davam etməlidir

Gelin tannış olalım
İşi kolay kılalım
Sevelim sevilelim
Dünya kimseye kalmaz

BAYRAQDAR MEDİA – Yuxarıda təqdim etdiyimiz şeir parçası böyük mütəfəkkir Yunus Emreyə məxsusdur. O, bütün həyatını insanlığa, insanların bir araya gəlməsinə, ülvi hisslərlə bir-birinə bağlanmasına həsr etmiş bir dahidir. “Gəlin tanış olaq” fəlsəfəsi Yunus Emrenin dünyagörüşünün əsasını təşkil edir.

Səfir çıxış edərkən
Səfir çıxış edərkən

Bu fəlsəfəyə, ümumilikdə Yunus Emre yoluna sadiq qalan qardaş Türkiyədə fəaliyyət göstərən Yunus Emre İnstitutu artıq uzun illərdir dünyanın müxtəlif bölgələrində Amerikadan Asiyaya, Afrikadan Türk dünyasına qədər olan ərazidə, ümumilikdə 80 ölkədəki təmsilçiliklər vasitəsilə məhz bu ülvi dəyərləri aşılayır. İnstitutun fəaliyyəti türkün mənəvi irsində yer alan birlik, səmimiyyət, dostluq, paylaşmaq və birgə yaşamaq fəlsəfəsinə əsaslanır.

“Dostluq Süfrəsi: Anadolu səhər yeməyi görüşü” də məhz Yunus Emrenin “gəlin tanış olaq” çağırışının növbəti təcəssümü idi

Bakıda təşkil olunan “Dostluq Süfrəsi: Anadolu səhər yeməyi görüşü” də məhz Yunus Emrenin “gəlin tanış olaq” çağırışının növbəti təcəssümü idi. Elə qardaş Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgünün çıxışında “Türkiyə və Azərbaycanın bir-birindən ayrı heç nəyi yoxdur. Ancaq bir-birimizi daha yaxından tanımalı, daha yaxşı anlamalıyıq”, – deyə vurğulaması da əslində, elə bəhs edilən məqamın aktuallığına işarə edirdi.

Tədbirdən foto
Tədbirdən foto

Bu məclis barədə məlumata keçmədən öncə xatırladaq ki, Yunus Emre XIII–XIV əsrlərdə yaşamış böyük türk mütəfəkkiri, sufi şairidir. O, Anadolu türkcəsində yazaraq türk dilinin sadə, anlaşılan və mənəvi dərinliyə malik bir ədəbiyyat dili kimi formalaşmasında mühüm rol oynamışdır. Yunus Emrenin yaradıcılığının əsas mövzularını sevgi, insanpərvərlik, mərhəmət, birlik, Tanrı eşqi və mənəvi kamillik təşkil edir. Bu gün Yunus Emrenin irsi türk dünyasında və ümumilikdə bəşər mədəniyyətində mənəvi dəyərlərin, humanizmin və qarşılıqlı anlayışın mühüm simvolu kimi yaşayır.

Beləliklə, vurğuladığımız kimi Bakıdakı “Dostluq Süfrəsi” də məhz bu amala xidmət edirdi. Anadolunun zəngin səhər yeməyi ənənəsinə uyğun şəkildə təşkil edilən bu dostluq süfrəsi ətrafında Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Arca Turganer, eləcə də media nümayəndələri və tələb-gənclər bir araya gəldilər.

Prof. Dr. Birol Akgün: Bu birlik isə ortaq dəyərlərimizin və qarşılıqlı etimadın bariz nümunəsidir.

Tədbirdə çıxış edən səfir Birol Akgün Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının mədəni aspektlərinə diqqət çəkdi. Qeyd edildi ki, bu gün “Bir millət, iki dövlət” prinsipi əsasında hərəkət edən Azərbaycan və Türkiyə siyasət, iqtisadiyyat, diplomatiya və digər sahələrdə vahid mövqedən çıxış edir. Bu birlik isə ortaq dəyərlərimizin və qarşılıqlı etimadın bariz nümunəsidir.

Tədbir zamanı
Tədbir zamanı

Bu birliyin türk dünyasında münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayan Birol Akgün, “Bir millət, iki dövlət” anlayışının daşıyıcıları olan Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının gələcəyi baxımından böyük rol oynadıqlarını xüsusi qeyd etdi: “Ümid edirəm ki, qarşıdakı illərdə də türk dünyası daha böyük əməkdaşlıqlara imza atacaq. İsmayıl Qaspıralının irəli sürdüyü, türk dünyasının ortaq ədəbi dilə, düşüncə tərzinə və fəaliyyət birliyinə çatmasını hədəfləyən “Dildə, fikirdə, işdə birlik” şüarı reallığa çevriləcək”.

Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün
Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün

Bu il Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Prof. Dr. Birol Akgün dil və mədəniyyət sahəsində ortaq irsimizin ön plana çıxarılmasının, eləcə də ortaq əlifba məsələsi ilə bağlı siyasi iradənin önəminə də diqqət çəkdi: “2026-cı il Birinci Türkologiya Qurultayının 100 illiyinə təsadüf edir. Bu il dil və mədəniyyət sahəsində ortaq əlifbanın istifadəsinin genişləndirilməsi ilə bağlı siyasi iradənin ortaya qoyulduğu əlamətdar bir dövr olacaq. Başda Bakı olmaqla, Türkologiya Qurultayının 100 illiyi münasibətilə bir sıra mühüm beynəlxalq tədbirlər keçiriləcək. Türk dünyasının müxtəlif ölkələrindən akademiklər və siyasətçilər bu tədbirlərdə iştirak edəcəklər. Beləliklə, ortaq gələcəyimiz naminə birlikdə çalışma imkanı əldə edəcəyik”.

Ufuk Arca Turganer: Türkiyə-KKTC-Azərbaycan münasibətləri ortaq tarix, dil və mədəniyyət zəminində hər keçən gün daha da güclənir

KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri səfir Ufuk Arca Turganer isə çıxışında Yunus Emre İnstitunun Bakıda təşkil etdiyi bu anlamlı tədbiri müsbət qiymətləndirdi. O, Yunus Emre İnstutunun türk dünyasının birliyi və ortaq dəyərlərin təbliği istiqamətində oynadığı rolu da təqdir etdi.

KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer
KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer

Daha sonra üç qardaş ölkə arasındakı mövcud əlaqələrə toxunun Ufuk Arca Turganer “Türkiyə-KKTC-Azərbaycan münasibətləri ortaq tarix, dil və mədəniyyət zəminində hər keçən gün daha da güclənir” dedi.

Diplomat, Türkiyə və Azərbaycanın KKTC-yə verdiyi dəstəyin onlar üçün son dərəcə dəyərli olduğunu ifadə etdi.

Gökhan Seyhan: Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin dərinləşməsi istiqamətində fəaliyyətlər bundan sonra da davam etdiriləcək

Bakı Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan isə öncə tədbirin bu formatda keçirilməsinin təsadüfi olmadığını dedi. Çünki bu gün türk dünyasının ortaq mirasından danışırıqsa o sırada mədəni dəyərlər, o cümlədən mətbəx mədəniyyətimiz də var. Deməli, zəngin mətbəx mədəniyyətimiz də türk dünyasının birliyinin daha da güclənməsində öz sözünü deyə bilır.

Bakı Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan
Bakı Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan

Çıxışına davam edən Gökhan Seyhan “Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin dərinləşməsi, qarşılıqlı addımların atılması istiqamətində fəaliyyətlər bundan sonra da davam etdiriləcək” dedi.

Tədbir çərçivəsində Anadolu səhər yeməyinin tarixi və mədəni mənşəyi aşpaz təqdimatı ilə iştirakçılara çatdırıldı. Anadolu mətbəxinin zəngin dadları qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Anadolunun zəngin səhər yeməyi ənənəsini əks etdirən proqramda paylaşma, qonaqpərvərlik və söhbət mədəniyyətinin önəmi vurğulandı.

Tədbirdən bir an
Tədbirdən bir an

Beləliklə, bu görüşdə təkcə Anadolunun zəngin mətbəx mədəniyyətinin nümunələrindən dadılmadı, eyni zamanda türk dünyasının dünəni, bu günü və sabahı ətrafında fikir mübadiləsi aparıldı. Yunus Emrenin “Gəlin tanış olaq” misrasından ilham alan bu görüşdə bir daha vurğulandı ki, türk dünyası “dildə, fikirdə, işdə birlik” fəlsəfəsinə sadiq qalaraq inamla yoluna davam etməlidir.

Mission News Theme by Compete Themes.