Əminə Dəmirova: Türk dünyası çərçivəsində turizm yalnız iqtisadi sahə deyil, eyni zamanda ortaq mədəniyyətin, tarixin və dəyərlərin dünyaya təqdim olunması üçün strateji platformadır
BAYRAQDAR MEDİA – “Hazırda fəaliyyət mexanizmimiz tərəfdaşlıq, keyfiyyət, şəffaflıq və davamlı inkişaf prinsipləri üzərində qurulub. Biz dövlət qurumları, özəl sektor, beynəlxalq tərəfdaşlar və akademik strukturlarla sıx əməkdaşlıq edərək turizm məhsullarının yaradılması, təşviqi və bazara çıxarılması üzərində çalışırıq”.

Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində “Space Travel” turizm şirkətinin direktoru Əminə Dəmirova deyib.
“Space Travel” turizm sektorunda formalaşan yeni çağırışlara cavab vermək, Azərbaycanın turizm potensialının daxili və beynəlxalq bazarlarda daha peşəkar şəkildə təqdim olunmasına töhfə vermək məqsədilə yaradılıb
Rəhbərlik etdiyi şirkətin fəaliyyətinə dair sualı cavablandıran Əminə Dəmirova öncə bildirib ki, “Space Travel” turizm şirkəti turizm sektorunda formalaşan yeni çağırışlara cavab vermək, Azərbaycanın turizm potensialının daxili və beynəlxalq bazarlarda daha peşəkar şəkildə təqdim olunmasına töhfə vermək məqsədilə yaradılıb: “Fəaliyyətə başladığımız ilk gündən əsas hədəfimiz klassik turizmlə yanaşı, sağlamlıq, müalicəvi, termal, mədəni və ixtisaslaşmış turizm istiqamətlərini sistemli şəkildə inkişaf etdirmək olub. Əsas fəaliyyət istiqamətlərimizə sağlamlıq və termal turizm, incoming və outgoing turizm, turizm layihələrinin hazırlanması, beynəlxalq əməkdaşlıq, kadr hazırlığına dəstək, eləcə də tədbir və forumların təşkili daxildir”.
Bu, eyni zamanda turizm şirkətlərinin üzərinə daha böyük məsuliyyət qoyur
“Dövlət dəstəyinin turizm şirkətlərinin fəaliyyətindəki roluna dair suala cavabında müsahibimiz bildirib ki, bu gün turizm dünya miqyasında əsas gəlir mənbələrindən biri kimi ön sıralardadır: “Azərbaycanda da turizmin inkişafı üçün dövlət tərəfindən mühüm addımlar atılır. Son illər Azərbaycanda turizmin inkişafı istiqamətində atılan addımlar, qəbul olunan dövlət proqramları, infrastruktur layihələri və beynəlxalq təşviqat kampaniyaları sektor üçün yeni imkanlar yaradıb. Bu, eyni zamanda turizm şirkətlərinin üzərinə daha böyük məsuliyyət qoyur”.

Ə.Dəmirovanın sözlərinə görə, bu gün turizm subyektləri yalnız tur paketləri satan qurumlar deyil, ölkənin imicini formalaşdıran, xidmət keyfiyyətini müəyyən edən, innovativ məhsullar yaradan strukturlar olmalıdır: “Hesab edirəm ki, hazırda qarşımızda duran əsas vəzifələr – yeni turizm marşrutlarının hazırlanması, regionların turizmə cəlb edilməsi, ixtisaslaşmış turizm sahələrinin inkişafı, beynəlxalq bazarlara çıxışın genişləndirilməsi və insan resurslarının gücləndirilməsidir. Təbii ki, bu istiqamətdə dövlət qurumları ilə sıx şəkildə və koordinasiyalı formada addımlar atmalıyıq. Dövlət – özəl sektor əməkdaşlığı nə qədər güclü olarsa, Azərbaycanın turizm brendi də bir o qədər dayanıqlı və rəqabətədavamlı olar”.
Bu gün artıq türk dövlətləri arasında turizm sərgiləri, biznes forumları, qarşılıqlı səfərlər, birgə layihələr və təlim proqramları intensiv xarakter alıb
“Türk dünyasında inteqrasiya prosesi kontekstində turizm sahəsini təmsil edən qurumlar arasında qeyri-rəsmi əməkdaşlığın mövcud vəziyyətini necə qiymətləndirmək olar” sualına isə direktor aşağıdakı cavabı verib: “Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən proseslər təkcə rəsmi səviyyədə deyil, qeyri-rəsmi, institusional və biznes əlaqələri müstəvisində də özünü göstərir. Bu gün artıq türk dövlətləri arasında turizm sərgiləri, biznes forumları, qarşılıqlı səfərlər, birgə layihələr və təlim proqramları intensiv xarakter alıb”.

Konkret olaraq Space Travel-ə gəlincə vurğulanıb ki, şirkət tərəfindən Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla müxtəlif formatlarda əməkdaşlıqlar qurulub: “Bu əməkdaşlıqlar həm sağlamlıq və müalicə turizmi, həm qarşılıqlı turist axınlarının təşkili, həm də kadr və təcrübə mübadiləsi istiqamətlərini əhatə edir. Düşünürəm ki, türk dünyası çərçivəsində turizm yalnız iqtisadi sahə deyil, eyni zamanda ortaq mədəniyyətin, tarixin və dəyərlərin dünyaya təqdim olunması üçün strateji platformadır”.
2026-cı il üçün fəaliyyət planı daha çox institusional güclənmə və beynəlxalq mövqelərin möhkəmləndirilməsi üzərində qurulub
Nəhayət, “2026-cı il üçün fəaliyyət planına hansı əsas istiqamətlər və layihələr daxildir” sualını cavablandıran Ə.Dəmirova deyib ki, 2026-cı il üçün fəaliyyət planı daha çox institusional güclənmə və beynəlxalq mövqelərin möhkəmləndirilməsi üzərində qurulub: “Prioritet istiqamətlərə sağlamlıq və termal turizm üzrə yeni layihələrin reallaşdırılması, regionlarda turizm təşəbbüslərinin dəstəklənməsi, türk dünyası və digər xarici bazarlar üçün xüsusi turizm paketlərinin hazırlanması daxildir. Eyni zamanda beynəlxalq forum və sərgilərdə iştirakın genişləndirilməsi, xarici tərəfdaşlarla birgə layihələrin icrası, turizm sahəsində maarifləndirici və peşəkar tədbirlərin təşkili də planlarımız arasındadır”.









