Press "Enter" to skip to content

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya

BAYRAQDAR MEDİA – Bugünlərdə filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zenfira Aslanın “XIX əsr Qarabağ ədəbi mühiti” adlı monoqrafiyası nəşr olunub. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə yayımlanmış kitabın elmi redaktoru Prof. Vaqif Sultanlı, rəyçiləri isə Prof. Sənan Səlcuq və filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlidir.

Müəllifin uzun illik elmi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyanın ayrı-ayrı fəsil və bölmələrində XIX əsr Qarabağ ədəbi-mədəni mühitini fоrmalaşdıran sosial-siyasi və kulturоlоji amillər dəyərləndirilmiş, ədəbi məclislərin pоеziyanın inkişafında rоlu, təzkirə və ədəbi tоpluların yaranması, divan ədəbiyyatı ənənələri və epik şeirin əsas inkişaf xüsusiyyətləri, yenilik axtarışları, poeziyada ictimai motivlərin və realist inikas çalarlarının güclənməsi, folklor üslubuna qayıdış, maarifçi-rеalist düşüncənin təşəkkülü, satiranın bədii ifadə imkanları kimi məsələlər sistemli şəkildə təhlil obyektinə çevrilmişdir.

Kitaba yazdığı “Qarabağın poetik mənzərəsi” adlı ön sözdə monoqrafiyanın önəmini vurğulayan Prof. Vaqif Sultanlı daha çox diqqəti mövzunun aktuallığına yönəldir: “XIX yüzildə Qarabağ təkcə siyasi-tarixi hadisələrin qovşağına deyil, həmçinin söz sənətinin, poetik zövqün, estetik axtarışların canlı mərkəzinə çevrilmişdi. Bu dönəmdə Qarabağ mühiti klassik Şərq ədəbi ənənələri ilə yeni dövrün sosial-mədəni çağırışlarının qovuşduğu bir məkan rolunu oynamış və bu qovuşma sonrakı yüzildə Azərbaycan ədəbiyyatının ideya-bədii istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biri olmuşdur. Bu mənada XIX yüzil Qarabağ ədəbi mühiti milli nəzəri-kulturoloji düşüncənin formalaşmasında mühüm bir mərhələni təmsil edir”.

Monoqrafiyada XIX yüzil Qarabağ ədəbi mühiti poeziya fonunda araşdırılsa da müəllif yeri gəldikcə digər janrları təhlilə çəkmiş, bütövlükdə bəhs olunan dövrün ədəbi-mədəni mənzərəsini yaratmağa çalışmışdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.