BAYRAQDAR MEDİA – Azərbaycan Yazıçılar Birliyinin Natəvan salonunda sözügedən qurumun, Vektor Beynəlxalq Elmlər Akademiyasının və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə tanınmış tədqiqatçı, ictimai xadim, şair Dr. Şəmsəddin Kuzəçinin “Kərkükün günəşi” adlı şeirlər kitabının təqdimatı keçirilib.
Tədbirin moderatoru, kitabın tərcüməçisi Prof. Rəsmiyyə Sabir açılışda iştirakçıları salamladıqdan sonra Azərbaycanın və ümumiyyətlə türk dünyasının şəhidlərinin ruhunu yad etmək üçün sayğı duruşuna dəvət edib.
Prof. Rəsmiyyə Sabir daha sonra müəllifin yaradıcılıq yolundan, türk dünyası ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələrdən, Azərbaycan-İraq türkman ədəbi əlaqələrindənki rolundan danışıb.
Təqdimat mərasimində İraq türkman ədəbiyyatının yorulmaz tədqiqatçısı, tanınmış alim, Prof. Qəzənfər Paşayev şairin yaradıcılığı haqqında geniş məruzə edib.
Kitabın naşiri, tanınmış şair, Prof. Elçin İsgəndərzadə “Kərkükün günəşi” kitabı haqqında çıxış etdikdən sonra Şəmsəddin Kuzəçiyə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomunu təqdim edib.
Tədbirdə tanınmış elm adamları, yazarlar, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri – Güllü Yoloğlu, Azər Həsrət, Elza Seyidcahan, Arzu Bağırova, Arzu Bayramlı, Günay Novruz, Şəlalə Hümmətli, İntiqam Yaşar, Orxan İsayev və digər qonaqlar çıxış edərək müəllifi təbrik ediblər.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov müəllifə sədr, Xalq yazıçısı Anar Rzayevin təbrikini çatdırıb və Şəmsəddin Kuzəçiyə 60 illik yubileyi münasibəti ilə AYB-nin diplomunu təqdim edib.
Tədbirdə Prof. Elçin İsgəndərzadə “İsa Kayacan Türk Kültürüne Hizmet Ödülü” mükafatı ilə təltif olunub.
Daha sonra Azərbaycan-İraq türkman ədəbi əlaqələrinin gücləndirilməsindəki xidmətlərinə görə bir sıra ədəbiyyat nümayəndəsinə Kərkük Kültür Dərnəyinin təşəkkürnamələri verilib.
Sonda Şəmsəddin Kuzəçi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, xatirə şəkli çəkdirib.










İlk şərhi yaza bilərsiniz