Press "Enter" to skip to content

“Medianın dili elmi müzakirə müstəvisində”

Tədbirdən foto

AMEA və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfrans keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, tədbirin əsas məqsədi mediada dil normalarına riayət olunması məsələlərini, eləcə də bu sahədə mövcud problemləri və onların aradan qaldırılması yollarını elmi müstəvidə geniş müzakirə etmək olub.
Məlumata görə, əvvəlcə konfrans iştirakçıları AMEA-da nəşr olunmuş ana dilinə dair kitabların sərgisi ilə tanış olublar.

Məlumata görə, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. İ.Həbibbəyli tədbirin Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubiley yığıncağındakı çıxışında və yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili ilə bağlı irəli sürdüyü vəzifələrin və qarşıya qoyulan tələblərin elmi müstəvidə müzakirəsinə həsr olunduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının bu istiqamətdə çıxışları, səsləndirdiyi fikirlər müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, milli-mənəvi birliyin gücləndirilməsinə və Azərbaycan dilinin qorunub zənginləşdirilməsinə yönəlib.

Azərbaycanda dövlət dili siyasətinin möhkəm təməllərinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan İ.Həbibbəyli bildirib ki, Ulu Öndərin təşəbbüsü və qətiyyətli siyasəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi uzaqgörənliyin və milli dəyərlərə bağlılığın bariz nümunəsidir: “Müasir dövrdə Prezident İlham Əliyev Azərbaycan dili siyasətini dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlayır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” bu sahədə aparılan elmi tədqiqatlar üçün əsas “yol xəritəsi” rolunu oynayır. Dövlətimizin başçısının AMEA-nın 80 illik yubileyindəki çıxışı, eləcə də cari ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

Çıxışında AMEA-da dövlət dil siyasətinin icrası istiqamətində görülən işlərdən də danışan akademik deyib: “Dilçi-alimlər, eləcə də Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilən tədbirlər, Azərbaycan dili üzrə Olimpiadanın təşkili, orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanması, şəxs adları ilə bağlı məlumat kitabçalarının tərtibi bu fəaliyyətin əsas istiqamətləridir. Həmçinin Azərbaycan dilinin qrammatikası üzrə sistemli elmi tədqiqatların aparılır, fonetika, morfologiya və leksika ilə bağlı nəşrlər çap olunub, sintaksis üzrə əsər isə hazırlanma mərhələsindədir”.

Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbirin əhəmiyyətinə toxunan akademik İ.Həbibbəyli medianın Azərbaycan dilini ən çox aktivləşdirən və kütləviləşdirən əsas vasitə olduğunu qeyd edib, media dilinin tənzimlənməsi istiqamətində işlərin aparılmasının zəruriliyini bildirib və AMEA-nın bu sahədə Azərbaycan Mətbuat Şurasına elmi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid dil məsələsinə həsr olunan tədbirin aktual və əhəmiyyətli olduğunu deyib. R.Məcid Prezident İlham Əliyev tərəfindən AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlərin Azərbaycan dilinin bu günü və gələcəyi ilə bağlı aydın istiqamət müəyyənləşdirən strateji çağırış, dövlətin dil siyasətində yeni mərhələyə keçidin ifadəsi olduğunu vurğulayıb: “Jrnalistlər və ümumilikdə media nümayəndələri dilimizin inkişafında, qorunmasında mühüm rol oynayırlar. Buna görə də media nümayəndələrinin Azərbaycan dilini düzgün, səlis və ədəbi normalara uyğun şəkildə istifadə etməsi əsas vəzifələrdən biridir”.

Çıxışında Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının fəaliyyəti barədə də məlumat verən R.Məcid deyib: “Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildə keçirilən iclasında Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı fikirlərindən irəli gələn məsələlər müzakirə olunub və Komissiyanın tərkibi yenidən formalaşdırılıb. Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üçün AMEA-nın institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir. Tədbir bu baxımdan mühüm əhəmiyyət daşıyır”.

Məlumata əsasən, daha sonra çıxış edən “APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının sədri Vüsalə Mahirqızı Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli düşüncə modeli olduğunu deyib. Bildirib ki, təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində Azərbaycan dilini milli kimliyimizin və dövlətçiliyimizin əsas atributu kimi dəyərləndirib, dilin saflığının qorunmasının vacibliyini qeyd edib. Bu istiqamətdə əsas məsuliyyətin dilçi-alimlərin üzərinə düşdüyünü söyləyən Vüsalə Mahirqızı əlavə edib ki, yeni sözlərin yaradılması, terminologiyanın formalaşdırılması və müzakirəyə çıxarılması birbaşa mütəxəssislərin işidir. Eyni zamanda, media nümayəndələri dilin qorunması və inkişafı naminə dilçi-alimlərlə davamlı və sistemli əməkdaşlıq etməli, birgə fəaliyyət göstərməlidirlər.

Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və təhlil şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Mətbuat Şurasının Dil Komissiyasının üzvlərindən – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, tanınmış teleaparıcı, Əməkdar artist Nərgiz Cəlilova, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, eləcə də Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova çıxış ediblər.

Çıxışlarda media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsinin təşviqi, dil mədəniyyətinin inkişafı, sosial media dili və televiziya və radio məkanında nitq mədəniyyəti məsələləri müzakirə olunub. Vurğulanıb ki, media Azərbaycan ədəbi dilinin qorunması və cəmiyyətdə fəal şəkildə işlədilməsində strateji rol oynayır. Yeni terminlərin dilimizə gətirilməsi prosesində, dilin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.

Bildirilib ki, efir məkanında, çap və rəqəmsal media platformalarında ədəbi dil normalarına riayət olunması milli-mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.