BAYRAQDAR MEDİA Gözəl xanımın Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova ilə müsahibəsini təqdim edir.

-Özünüzü oxuculara necə təqdim edərdiniz? Könül Əskərovanın yol xəritəsi haradan başlayıb?
-Mən özümü ilk növbədə cəmiyyətin bir fərdi kimi təqdim edərdim. Təbiətcə mülayim, duyğularına hakim, lazım gəldikdə soyuqqanlılığını qoruyan biri kimi. Fikirlərini ifadə etməkdən çəkinməyən, hadisələri olduğu kimi qəbul edən və özünə tənqidi yanaşmağı bacaran insanam. Düşünürəm ki, yalnız belə olduqda insan cəmiyyətdə layiqli yerini tapa bilər.
Mənim yol xəritəm isə ailə ocağından başlayıb – valideyn tərbiyəsindən və böyüklərdən aldığım öyüd-nəsihətdən.
-Ədəbiyyata sevginizin formalaşmasında ailə mühitinin rolu nə olub?
-Əlbəttə, ədəbiyyata olan sevgim ailəmdən qaynaqlanır. Bizim ailədə hər kəs kitab oxumağı sevərdi, kitaba bağlılıq həyatımızın ayrılmaz hissəsi idi. Bəlkə də bu, atamın ədəbiyyatçı olmasından irəli gəlirdi. Atam boş vaxtlarında uzun-uzadı mütaliə edərdi. Biz də dərslərimizi tələsik başa vurardıq ki, onun yenicə alıb gətirdiyi kitabları oxuya bilək. Bəzən bir kitabı özümüz də hiss etmədən bir nəfəsdə bitirirdik.
Ədəbiyyatı mənə sevdirən həm də çox hörmət bəslədiyim ədəbiyyat müəllimim Sokrat Arzumanov olub. Hamı ona “Sekret müəllim” deyə müraciət edərdi. O, ədəbiyyatı böyük məhəbbətlə sevər, dərsliklərlə kifayətlənməzdi. Xüsusi, qalın dəftərlər hazırlayar, həmin vəsaitlərdə şair və yazıçıların həyat və yaradıcılığı haqqında daha geniş məlumat verərdi. Dərsliklərə düşməyən şeirləri də köçürər, bizə oxudar və ədəbiyyatın əsl ruhunu hiss etdirərdi.
-Mədəniyyət və ictimai fəaliyyət sahəsinə gəlməyinizdə hansı amillər əsas rol oynadı?
-Etiraf edim ki, mədəniyyət sahəsinə gəlməyim tam təsadüfi olub. İxtisasca pedaqoq olduğum üçün həmişə müəllim kimi fəaliyyət göstərmək arzusunda idim. Müəllim peşəsini çox sevirəm və uşaqlarla işləməkdən həzz alıram. Amma həyat məni mədəniyyət sahəsinə gətirdi.
Düzdür, bu sahəyə təsadüfən gəlmişəm, amma mən həyatda təsadüflərə inanmıram. Düşünürəm ki, Uca Rəbbim mənə bu yolu uyğun görübsə, deməli, belə olmalıymış. Hazırda çalışdığım mədəniyyət sahəsində özümü tapıram. İşimlə yanaşı ictimai fəaliyyətlə də məşğulam. Məni tanıyanlar təsdiqləyərlər ki, məktəb illərində də ictimai fəal olmuşam və bütün tədbirlərdə iştirak etmişəm. Həmişə cəmiyyətə faydalı olmağı məqsəd bilmişəm. Düşünürəm ki, insan yalnız özü üçün yaşadıqda yarımçıq qalır. Mədəniyyət və ictimai fəaliyyətim mənim üçün həm xidmət, həm də mənəvi rahatlıq deməkdir.
-Rəhbər kimi sizi digərlərindən fərqləndirən əsas prinsip və yanaşmalar hansılardır?
-Mənə görə hər bir rəhbərin özünəməxsus iş prinsipləri olmalıdır. Mənim prinsiplərimin ən başında ədalətli olmaq durur. Əgər hər hansı bir işdə ədalətli yanaşma yoxdursa, digər müsbət keyfiyyətlərdən danışmağa belə dəyməz.
Daha sonra, işçi ilə rəhbər arasında etibarlı bir körpü olmalıdır. Çünki rəhbərlik bir kollektivi idarə etmək deyil, onunla birlikdə yol getməkdir.
Və son olaraq, rəhbərlikdə ən vacib prinsiplərdən biri səbrdir. Səbr, anlayış və ədalət mənim rəhbər kimi yolumu formalaşdıran əsas prinsiplərdir.
-Sizi işinizdə irəli aparan, ruhlandıran əsas motivasiya nədir?
-İnsanı işində irəli aparan amillərdən biri inadcıl olmaq, digəri isə nə olursa olsun, ruhdan düşməməkdir. Necə deyərlər, “yenidən küllərindən doğulmaq”. Əfsuslar olsun ki, bu keyfiyyətlərin heç biri məndə yoxdur, tez ruhdan düşən biri olduğumu deyə bilərəm.
Lakin sualınıza cavab olaraq qeyd edə bilərəm ki, məni irəli aparan və motivasiya verən əsas amil işimə məsuliyyətlə yanaşmağım və əldə olunan nəticələrdir. Ən çox isə, insanların güvənməsi və etibar etməsi mənə enerji verir və ruhlandırır.
-Xaçmazda həyata keçirdiyiniz regional layihələrin cəmiyyətə təsirini necə qiymətləndirirsiniz?
-Əvvəla demək istərdim ki, işin mahiyyəti keçirilən tədbirin miqyasında deyil, onun insanlara düzgün və təsirli şəkildə çatdırılmasındadır.
Bildiyiniz kimi, fəaliyyətimizin əsas istiqaməti Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və mənəvi irsinin təbliği və gələcək nəsillərə çatdırılmasıdır. Keçirdiyimiz hər bir tədbirdə çalışırıq ki, Ulu Öndərin dövlətçilik fəlsəfəsini, milli-mənəvi dəyərlərə bağlılığını və Azərbaycançılıq məfkurəsini gənclərin düşüncəsinə çatdıraq.
İnanırıq ki, bu istiqamətdə həyata keçirilən layihələr cəmiyyətin maariflənməsinə, vətənpərvərlik ruhunun güclənməsinə və milli kimlik şüurunun formalaşmasına mühüm töhfə verir.
-Beynəlxalq Könüllülər Günü və oxşar tədbirlərin gənclər üçün əhəmiyyəti nədədir?
-Könüllülük hərəkatının gənclərin həyatına böyük təsiri var. Bu fəaliyyət onların həyatında ilk pillə hesab olunur – burada gənclər inkişaf edir, formalaşır və özlərini cəmiyyətə hazırlayırlar.
Belə tədbirlər həm də gənclərdə həmrəylik və sosial məsuliyyət hissini gücləndirir, onların ictimai fəallığını artırır və gələcəkdə məsuliyyətli vətəndaş kimi formalaşmalarına töhfə verir.
-Rəhbərliyiniz dövründə həyata keçirdiyiniz ən yaddaqalan layihələr hansılardır?
-Rəhbərliyim dövründə bir çox layihələr və tədbirlər həyata keçirilib. Qeyd etmək istərdim ki, iş prinsiplərimiz çoxşaxəlidir. Əlbəttə ki, fəaliyyətimizin əsası müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği və bu istiqamətdə tədbirlərin keçirilməsidir.
Bu baxımdan, ən yaddaqalan tədbirlər 2023-cü ildə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil etdiyimiz tədbirlərdir.
Bundan əlavə, bir neçə il əvvəl həyata keçirdiyimiz “İstedadların üzə çıxarılması” layihəsini də qeyd etmək istərdim. Adətən istedad deyəndə ilk olaraq rəssamlıq və dekorativ sənətlə məşğul olanlar yada düşürlər. Biz isə bu layihə çərçivəsində rayonumuzun gənc musiqiçisinin böyük ictimaiyyətə tanıdılmasına vəsilə olduq. Düzdür, bu yolda çətinliklərimiz oldu, amma nəticədə bacardıq. Çox gözəl səsə malik olan Xaçmazlı gənc musiqiçimiz Fərhad Ramazanovun klip təqdimatını keçirdik (qeyd edim ki, sözləri və musiqisi özünə məxsusdur).
Zənnimcə, əsl istedad üzərinə günəş üfüqləri düşdüyü zaman parlayan mücərrəd bir işıq kimidir; yetər ki, ona parlamağa münbit şərait yaradılsın.
-Gənclərin mədəniyyətə marağını artırmaq üçün hansı üsulları daha effektiv hesab edirsiniz?
-İlk olaraq qeyd etmək istərdim ki, bugünkü gənclər yüksək intellektə və xüsusi bacarıqlara malikdirlər. Yeniliklərə açıqdırlar və texnologiyalardan anlayışları çox güclüdür. Məhz bu keyfiyyətlər onları maraqlandıran yeni layihələrə cəlb etmək üçün böyük imkan yaradır.
Gənclər hazır layihələrin yalnız tamaşaçısı yox, həm də iştirakçısı olmalıdır. Mədəniyyət isə çox zəngin sahədir və hər gənc özünü bu sahədə tapa bilər. Doğru istiqamətləndirmə və maraqlı təşəbbüslərlə onların mədəniyyətə olan bağlılığını gücləndirmək mümkündür.
-Region gənclərinin potensialını necə qiymətləndirirsiniz və onların inkişafı üçün nə vacibdir?
-Region gənclərinin potensialı çox böyükdür və bunu təcrübədə də aydın şəkildə görmək olar. Sadəcə onlara doğru imkan və istiqamət lazımdır.
Mən gəncləri daim diqqətlə müşahidə edirəm. Böyük əksəriyyəti özlərini ictimaiyyət qarşısında lazımı səviyyədə təqdim edə bilmir. Amma bir dəfə inam və dəstək verildikdə, onlar öz potensialını üzə çıxarır və böyük uğurlara imza atırlar.
Ən vacib amillərdən biri odur ki, gəncləri hər yanlışında qınamaq yox, səhvlərini göstərərək yanlarında olduğumuzu hiss etdirməyimizdir. Bu, onların inkişafına və özünəinamına ən böyük dəstəkdir.
-Kitab təqdimatları və ədəbi gecələrin cəmiyyətin düşüncəsinə təsiri, sizcə, nə qədər önəmlidir?
-Kitab təqdimatları və ədəbi gecələr cəmiyyətin düşüncə mühitini zənginləşdirir. Söz insanı dəyişə bilər; bəzən bir misra bir ömrün istiqamətini müəyyən edir.
Təəssüf ki, son zamanlar kitab oxumağa maraq xeyli azalıb. Müasir gənclik daha çox rahat informasiya mənbələrinə yönəlir ki, bu da düşünmə qabiliyyətini zəiflədir, söz ehtiyatını məhdudlaşdırır, insanı özünü kəşf etməkdən və dərin düşünməkdən uzaqlaşdırır və müəyyən asılılıqlar yaradır.
Bu gün müasir cəmiyyətdə kitaba marağın artırılması üçün bir çox yenilikçi layihələr həyata keçirilir və biz də bu imkanlardan istifadə etməliyik.
-Rayonda fəaliyyət göstərən “Ulduzlar” Ədəbi Məclisinin fəxri üzvü kimi bütün tədbirlərdə fəal iştirak edirsiniz. Bu Məclis sizin yaradıcılıq və ictimai fəaliyyətinizə nə qazandırır?
“Ulduzlar” Ədəbi Məclisi mənim üçün ilk növbədə dostluğun ünvanıdır. Yaradıcı mühit insana fikir mübadiləsi və mənəvi zənginlik qazandırır. Burada zamanın necə axıb keçdiyini unudursan.
Şair və yazıçı olmasam da qələm sahibləri ilə bir ortamda olmaq mənə dərin mənəvi rahatlıq verir. Söylənilən şeirlərdə özünü tapırsan; bəzən uşaqlığına qayıdırsan, bəzən atalı-analı günlərini xatırlayırsan, bəzən isə gələcəyə süzülüb gedirsən.
“Mənə yaradıcılığımda və ictimai fəaliyyətimdə nə qazandırır” deyə soruşursunuz. Cəsarətimi artırır. Bəlkə bir gün mən də hekayə yazmağı düşünərəm, amma zamana buraxaq…
-Ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmaq və əməyinizə yüksək qiymət verilməsi sizdə hansı hissləri doğurur? Bu təqdir fəaliyyətinizə necə təsir edir?
-“Tərəqqi” medalı ilə təltif olunmaq mənim üçün böyük qürur və məsuliyyət hissi doğurur. Bu, yalnız görülən işin qiymətləndirilməsi deyil, eyni zamanda daha böyük və uğurlu işlərə stimul verir.
-Sizcə, qadın cəmiyyətdə özünü təsdiq etmək üçün hər şeyi təkbaşına bacara bilərmi?
-Qadın güclüdür və əlbəttə ki, təkbaşına hər çətinliyin öhdəsindən gələ bilər. İstədiyi uğuru qazana, nailiyyəti əldə edə bilər – yetər ki, istək olsun.
Amma qadın hər işi təkbaşına etmək məcburiyyətində deyil. Mənim fikrimcə, dəstək və anlayış olduqda qadın daha böyük zirvələr fəth edə bilər. Əsas odur ki, yanında ona inanan və uğurlarına sevinən biri olsun.
-Çətin anlarda sizi ayaqda saxlayan daxili güc və prinsiplər hansılardır?
-Çox sadədir – məni ayaqda saxlayan ilk tutunduğum prinsip “bu da keçəcək” düşüncəsidir və bunu hamıya tövsiyə edirəm. Daha sonra isə inam, səbr və məqsəd dayanır.
Hər çətinlik mənim üçün dayanmaq yox, düşünmək, yanlışlarımı təhlil etmək və daha güclü irəliləmək üçün bir fürsətdir.
-Gələcək üçün hansı yeni layihə və hədəfləri planlaşdırırsınız?
-Yəqin ki, oxucular məndən inciməz, əgər bu sualın cavabını bir az gizli tutsam. Yalnız onu deyə bilərəm ki, günün tələblərinə uyğun yenilikçi planlar nəzərdə tutulub.
-Sonda oxucularımıza, əsas da gənclərə vermək istədiyiniz əsas mesaj nədir?
-Əvvəlcə təşəkkürümü bildirirəm; sizinlə həmsöhbət olmaq mənim üçün çox xoş oldu. Suallar olduqca düşündürücü və vacib idi.
Oxucularımıza isə demək istərdim: özünüzə inanın və qorxmadan addım atın. Kiçik başlanğıclar böyük nəticələrin təməlini qoyur. Müasir gəncliyimizə isə üzümü tutub deyirəm: sözə, elmə və dəyərə sahib çıxın – gələcək sizin əlinizdədir.









İlk şərhi yaza bilərsiniz