Press "Enter" to skip to content

Xocalı soyqırımına həsr olunmuş sərgi

Xocalı soyqırımına həsr olunmuş sərgi

BAYRAQDAR MEDİA – Fevralın 26-da Xocalı soyqırımının törədilməsindən 34 il ötür. Dünya tarixində dinc əhaliyə qarşı törədilmiş ən ağır kütləvi qırğınlardan biri kimi dərin iz buraxmış bu faciənin anılması, həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və yaddaşlarda yaşadılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitab sərgisi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sərgidə Xocalı həqiqətlərini əks etdirən çoxsaylı nəşrlər nümayiş etdirilir. Onların sırasında “Xocalı şahidləri danışır”, “Xocalı şəhidləri 613”, “Xocalı soyqırımı. 1992” (üç dildə), “Xocalı. XX əsrin soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Mələklərin soyqırımı”, “Müharibə uşaqları”, “Xocalı yaddaşı”, “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması”, “Qatil”, “Onları Vətəndən məhrum ediblər”, “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” və digər nəşrlər yer alır”.

Sonra xəbərdə, “təqdim olunan ədəbiyyatda şəhəri müdafiə edən sakinlərin göstərdiyi qəhrəmanlıq nümunələri, faciənin canlı şahidlərinin xatirələri, həmçinin Azərbaycan dövlətinin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və bu hadisənin soyqırımı kimi tanınması istiqamətində apardığı ardıcıl və sistemli fəaliyyət geniş şəkildə əksini tapıb. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də xalqımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətin səbəbləri və nəticələri barədə ətraflı məlumat verilir” deyə qeyd edilir.

Qeyd edək ki, sərgidə nümayiş olunan nəşrlərin həm çap, həm də elektron variantı ilə tanış olmaq mümkündür.

Sərgi iki həftə müddətində davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.