Son yeniləmə: 25 Fevral 2026
BAYRAQDAR MEDİA – Fevralın 25-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, bu şəxslərin hər biri mədəniyyətin inkişafına öz töhfələrini verirlər”.
Ardınca xəbərdə, “Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mədəniyyətə xüsusi münasibət olduğunu deyən nazir qeyd edib ki, dahi şəxsiyyət respublikaya rəhbərliyinin hər iki dövründə mədəniyyətə böyük diqqət və qayğı göstərib. Bu mütərəqqi yanaşma hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətin inkişafı, qoruması və təbliği sənət adamlarına yüksək səviyyədə qayğı ilə paralel şəkildə aparılır. Dövlət başçısının sərəncamları ilə yaradıcı insanlar təqaüd və təltiflərə layiq görülürlər. Bu münasibət, sözsüz ki, mədəniyyət xadimlərinə böyük stimul verir, onları həyata və sənətə daha möhkəm bağlayır. Sonra A.Kərimli yubilyarlara Nazirliyinin Fəxri diplomlarını təqdim edib, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb” deyə qeyd olunur.
Mədəniyyət xadimləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda birgə foto çəkdirilib.






İlk şərhi yaza bilərsiniz