Son yeniləmə: 26 Fevral 2026
BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilən “D” kateqoriyalı məşqçi kursları davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “kursun ikinci günü nəzəri və praktiki sessiyalarla yadda qalıb. AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları”, həmçinin uşaq və yeniyetmələrlə iş zamanı pedaqoji yanaşma, məşq prosesinin planlaşdırılması və oyunçu inkişafının mərhələləri ilə bağlı geniş təqdimatlar keçirilib”.
Ardınca xəbərdə, “sessiyalar zamanı müasir məşq metodologiyasının tətbiqi, yaş qruplarına uyğun məşq modellərinin qurulması, təhlükəsizlik qaydaları və motivasiya üsulları praktiki nümunələr əsasında izah olunub. Təlimatçılar tərəfindən real oyun situasiyaları üzərindən analizlər aparılıb, iştirakçılarla interaktiv müzakirələr təşkil edilib və müxtəlif prizmalardan fikir mübadiləsi həyata keçirilib” deyə qeyd olunur.
Praktiki hissədə isə məşq planının hazırlanması, meydanda düzgün yerləşmə, tapşırıqların izahı və məşqçinin kommunikasiya bacarıqları üzərində xüsusi dayanılıb. İştirakçılar qrup şəklində tapşırıqlar yerinə yetirərək nəzəri biliklərini meydanda tətbiq etmək imkanı qazanıblar.






İlk şərhi yaza bilərsiniz