
BAYRAQDAR MEDİA bu dəfə Gözəl xanımın Azərbaycan Yazıçılar Birliyi və Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü, istedadlı şair Məmməd Qədirlə müsahibəsini təqdim edir.
-Kimdir Məmməd Qədir?
-Qədirov Məmməd Əmrəddin oğlu. 14 mart 1960-cı ildə Xaçmaz şəhərində anadan olmuşam. İki yaşımdan ana kəndimdə, Çiləgirdə yaşamışam. Kasıb ailə olmuşuq. Böyük qardaşımla növbə ilə qoyun-quzu otarmışıq çöllərdə. O üzdən çölün gül-çiçəyini də, otunu, ağacını, sürünən və uçanlarını da gözəl tanıyıram və sevirəm.
Mənim uşaqlığım çöllərin olub,
Böyümüşəm kəndin sürüsü ilə.
Heybəmin bir gözü yarpızla dolub,
Bir gözü gül ətri, quzu səsiylə…
Yay mövsümündə kərpic kəsib, satıb birtəhər dolanmışıq. Axşam evə gələndə atam bizə “Koroğlu” dastanını, “Tahir və Zöhrə”, “Əsli və Kərəm” dastanlarını nəsri və nəzmi ilə əzbərdən söyləyərdi. İkinci sinifi bitirməsinə baxmayaraq güclü hafizəsi var idi.
Kənddə birinci sinifə gedib əlifbanı öyrənən gündən kitab ovuna çıxmışam. Artıq ikinci sinifdə oxuyanda kitabxanaçı Bəsirə xanım (ruhu şad olsun) deyirdi ki, sən bütün kitabxananı iki dəfə oxumusan, sənə nə kitab verim? Beləliklə mənim həyat normam belə idi: gündə bir roman və ya iki povest. On ili belə başa vurub sənədlərimi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq və biblioqrafiya şöbəsinə verdim və konkursa düşdüm. Eyni bal toplayan stajlılar keçdilər. Həmin illərdə artıq şeirlərim ara-sıra yerli “Dostluq” qəzetində dərc olunurdu. Bu dəfə sənədlərimi M.Qorki adına Moskva Ədəbiyyat institutuna verdim. Həm rus, həm Azərbaycan dilində qrammatikanı çox yaxşı bilirdim. Öz yazılarımı hərfi tərcümə edib bəlli bir həcmdə o zaman yerli qəzetin məsul katibi Murad Qudyalçaylıya da göstərdim. O, rus dili və ədəbiyyatını gözəl bilirdi. Tərcümələri çox bəyəndi, beləliklə məktubla göndərdim. Müxtəlif vaxtlarda üç cavab aldım: “Bədii məziyyətlərinə görə müsabiqədən keçmədiniz”. Sonra bəlli oldu ki, ora təqdimatla respublikadan iki nəfər göndərilir.
Beləliklə məktəb arzularım yarımçıq qaldı. Bir il texniki peşə məktəbində oxudum. Təəccübümə rəğmən orda estetika fənni tədris edilirdi. Estetika müəllimimiz Seyfəddin adlı bir Axısxa türkü idi, çox savadlı və nəzakətli bir insan idi. Hazırda Türkiyədə universitetlərin birində müəllim kimi fəaliyyət göstərir, professordur. Estetikanı bəyəndiyim üçün bu barədə bir çox kitablar oxumuş və müəyyən bilgilərə sahiblənmişdim. Müəllim sual verəndə mən dərhal cavab verirdim. O, sonra dərsdən kənar mənimlə görüşdü, xeyli söhbət etdik, şeirlərimlə tanış oldu və bildirdi ki, “mənim tədris edəcəklərimi sən bilirsən. Ona görə də gələn dərsdən bu fənni sən tədris edirsən”. Belə də oldu. Proqramı verirdi, dərsi mən keçirdim. Uşaqlar mən içəri girəndə pıçıldaşırdılar: Lenin gəldi!
Seyfəddin müəllim ilə bu gün də əlaqəmiz var. İşsiz olduğumdan kitablardan və şeir yazmaqdan ayrılmırdım. Mütəmadi yerli qəzetdə çap olunurdum. Düşündüm ki, artıq əməlli-başlı şairəm. Respublika mətbuatında çap olunmaq lazımdır. Bir neçə yaxşı hesab etdiyim şeirimi ” Azərbaycan gəncləri” qəzetinə göndərdim. Bir müddət sonra cavab məktubu gəldi. “Şeirləriniz bədii cəhətdən zəif olduğu üçün çapa layiq bilinmədi. Məsul katib: Əyyub Sədi”. Təəccübləndim. Dedim, gedib kitabxanadan bu adamın kitabını alacağam. Görüm bu cavabı yazan adamın özünün yazdığı nədir? Cibimdə on manat pul var idi.(Atam hər maaşda on manat pul verirdi kitab almağa.) Gördüm ki, satışda onun nazik cildli ilk kitabı var. Alıb birinci şeirindən ilk beyti oxudum:
Mənim bir vətənsiz məhəbbətim var,
Torpağı vətəndir, daşı vətəndir…
Düzü çaşıb qaldım, o necə vətənsiz məhəbbətdir ki, torpağı da, daşı da vətəndir? Mən bunu dərk edənə kimi iki gün keçdi. Və bütün yazdıqlarımın hamısını cırıb yandırdım.
Maraqlısı bu idi ki, özüm şeir yaza-yaza bir dənə də şeir oxumurdum. Düzdür, qafiyəsi, hecası, qayda-qanunu yerində olurdu, amma şeir deyildi. Bundan sonra qərara gəldim ki, hər gün bir roman və bir şeir kitabı oxuyacağam. Düz doqquz il gecələr yatmadım. Əvvəllər əlimə nə keçdi oxuyurdum, sonra isə artıq seçib oxumağa başladım. Üstəlik “Ulduz”, “Azərbaycan” jurnallarına da abunə idim və onların ədəbi tənqid bölməsini acgözlüklə oxuyurdum. Ədəbi tənqid sahəsində görkəmli alimlərin əsərlərini xüsusi diqqətlə oxuyurdum. Və müasir ədəbi yaradıcılıqda nələrin tələb olunduğunu gözəl bilir, yazdıqlarımı bu tələblərə uyğunlaşdırmağa çalışırdım.
Qərara gəldim ki, bir neçə şeirimi götürüb gedim Bakıda “Çinar” ədəbi məclisində oxuyum. O zaman bu məclisə mərhum şairimiz Məmməd İsmayıl rəhbərlik edirdi. Estetika müəllimimiz də o vaxt Bakıda yaşayırdı və məni qarşıladı, qaldıqları yataqxanaya apardı. Görkəmli şairimiz Ramiz Qusarçaylı ilə orda tanış oldum. Onda gənc olmasına baxmayaraq Ramiz Qusarçaylı tanınmış şair idi. Məmməd İsmayıl olmayanda məclisi o aparırdı.
Zal dolu idi. Respublikanın ən üzdə olan yazarları burda idi. Kəndli balası utana-utana bir neçə seirini oxudu. Müzakirə və mübahisələr başladı. Təqdir edənlər də oldu, tənqid edənlər də. Xeyli mübahisə yarandı. Məmməd İsmayıl müzakirələrə yekun vurdu. İyirmi dəqiqə mübahisəyə səbəb olubsa, demək şeirlərində nəsə var. Çalışmağı məsləhət gördü. Düzü mən küsdüm və daha yazmamağa qərar verdim. Əlyazmaları da Ramiz Qusarçaylıya verdim, onun əlyazmalarını da oxumaq üçün götürüb kəndə qayıtdım.
Başımı aşağı salıb kitablarımı oxumağa davam etdim. Düz doqquz il. Hər gecə bir roman və bir şeir kitabı.
Sonra iş həyatı başladı.
RTS adlı bir təşkilata kartotekaçı qəbul olundum. Güclü yaddaşım var idi. Bir günə bir poema əzbərləyə bilirdim. Bu yaddaş işimə yaradı. Bir ilin içində mühasibatlığı öyrəndim. Artıq ilin sonunda on nəfərin içində böyük mühasib vəzifəsini daşıyırdım. Xalq təsərrüfatı institutunu bitirənlər mənim yanımda staj keçirdilər. İşə başım elə qarışmışdı ki, şeir haqda tamam unutmuşdum. Qəfildən görürdüm bir qəzetdə, yaxud jurnalda bir neçə şeirim çap olunub. Çox təəccüblənirdim, mən axı heç yerə şeir verməmişəm. Sonradan bir jurnalda təqdimatla şeirlərim dərc olunanda bu işlərin sahibinin görkəmli şairimiz Ramiz Qusarçaylı olduğunu başa düşdüm. On il ərzində şair ruhumu ölməyə qoymayıb ayaqda saxlayan o imiş. Özü Donbasda mühacirətdə ola-ola mənim şeirlərimi çap etdirirmiş. Nadir insanlarda belə ürək olur. Sonra Ramiz Qusarçaylı 1992-ci ildə Vətənə qayıdıb Qubada “Ay işığı” ədəbi məclisini yaratdı. Onun ilk üzvlərindən biri də mən oldum və bu məclisdən sonra yenidən ədəbi proseslərə qoşuldum.
Və bir gün Məmməd Aslan Ramiz Qusarçaylı və AzTV heyəti ilə birgə Çiləgirdə, bizim həyətdə peyda oldu. Məşhur “Dərədən-təpədən” verilişinin bir buraxılışı da bizim həyətdə çəkildi.
Bu gün Məmməd Qədir Xaçmaz ədəbi mühiti deyəndə ilk adı çəkilən yazarlardan biridir. Xaçmazın ilk və ikinci “Duyğu yarpaqları” adlı ədəbi almanaxlarının yaradıcısı, redaktoru və korrektorudur. Xaçmazın tarixində ilk və ikinci dəfə Azərbaycan yazıçılar birliyinin” Natəvan ” klubunda kitablarının təqdimatını keçirən adamdır. Onlarla şeir və nəsr kitablarının redaktoru və korrektorudur. Çap olunmuş yeddi kitabın, çap olunmamış üç mindən çox şeirin müəllifidir, Azərbaycan yazıçılar birliyinin on bir il stajı olan üzvüdür. İki övlad, altı nəvə sahibidir.
-“Möcüzə baş verəydi, Keçmişə qayıdaydım…” Uşaqlığınız və ailənizlə bağlı hansı xatirələr sizi bu sözləri yazmağa vadar edib?
Düzünü deyim ki, “Kaş anam sağ olaydı” şeiri uşaqlığımla bağlı deyil. Bir neçə il əvvəl Xaçmazda Tarix Diyarşünaslıq Muzeyində Vüsal Yurdoğlunun ilk kitabının təqdimatında şairin rəhmətlik atası, sonra isə anası çıxış etdi. Vüsalın anası şair oğlu haqqında o qədər qürurla və fəxrlə danışdı ki, düzü çox qibtə etdim, çox da kövrəldim. Yadıma düşdü ki, Bakıda keçirilən iki təqdimatımda, həmçinin bu zalda keçirilən təqdimatımda bioloji qohumlarından heç kim yox idi. Amma çox istərdim ki, anam yanımda olsun, ən azından oğluna sevinsin.
Qaldı ki, sualın o biri üzünə, nə uşaqlığıma, nə də gəncliyimə qayıtmaq istəməzdim, çünki orada da yük arabası olmuşam. Bircə anamın xatirinə onun sağ vaxtlarına qayıdardım və bir dəqiqə gözümdən uzağa qoymazdım…
-Ailə içində yaşadığınız çətinliklər sizi şair kimi daha da gücləndirdimi, yoxsa ruhdan saldı?
-Şair kimi gücləndirdi, amma insan kimi ruhdan saldı.
-“Ruhumu yıxıb içimdən, Ürəyim çıxıb içimdən, Həyatım axıb içimdən…” Bu misralarda yarım yaşamaq anlayışı ilə həyatın çətinliyi birləşir. “Yarım can” sizin üçün nə deməkdir?
-Hər insan öz yarısını axtarır, tapanda tam olur, tapmayanda yarımcan. Bu mənada mən həm fiziki, həm də ruh yarısını axtaran adam olmuşam.
-Dərin metaforaları yaratmaq zamanı sizi idarə edən əsas hisslər hansılardır?
-Bunun üçün dərin düşünmək bacarığı lazımdır, hansı ki, dərinliyin özü də nisbi anlayışdır. Mənə dərin olan digərinə dayaz gələ bilər. Hər birimiz çalışırıq ki, özümüzdən sonra bir iz qoyaq, elə bir iz ki, gələni, gedəni, biləni, faydalananı olsun.
-Bir şeirinizin yaranma prosesini təsvir edə bilərsinizmi?
-Ən təsirli şeirlərimi özümdə olmayan vaxtı yazmışam.
Mən şeir yazanda dəli oluram,
Mən dəli olanda şeir yazıram.
Təsəvvür edin ki, kimsə kənara çəkilib əl, qol ilə danışır, sanki kiminləsə şiddətli mübahisə edir. Lapdan gülür, hərdən göz yaşları sinəsinə süzülür. Bu vəziyyət yarım saat çəkir. Sonra tam sakitlik. Siz axı bilirsiniz o təkdir. Bu insanı necə dəyərləndirərsiniz? Hamı barmağını gicgahına qoyub hərlədəcək. Yəni dəlidi də… Yaxına gedib soruşarsınız ki, vətəndaş, Siz orda nə edirdiniz? Hətta şeir yazırdım deməyə də utanacaq. Ən yaxşı şeirlər şəxsən mənim üçün belə yaranıb. Cəmiyyətdən uzaqda, kimsənin görmədiyi bərri-biyabanda. Göz yaşlarım köynəyimi isladıb, yaxud qəzəbdən dodağımı kəsmişəm. Ən maraqlısı isə budur ki, dərhal da unutmuşam. Bir vaxt göz açıb görmüşəm ki, nəsə təzə yazı var. Oxuyub heyrətlənmişəm. Yəni bunu doğrudan mən yazmışam? Bu da normal şeirin anormal doguluş prosesi.
-44 günlük Vətən müharibəsindən sonra Xaçmaz şəhidlərinə həsr etdiyiniz kitabları hazırlamaq qərarını necə verdiniz?
-44 günlük müharibə xalqımızın şərəf tarixidir. Biz bir xalq olaraq alnımızdan əsrlərin ləkəsini sildik, qəhrəmanlıq salnaməsi yazdıq. Müharibə baslayan gündən bütün xalq səfərbər oldu və qələbə naminə hər şeyimizdən keçməyə hazır olduq və bu şərəf tarixinin hər gününü, hər dəqiqəsini yaşadıq. Şəxsən mən müharibənin hər gününə, Ali Baş Komandanın dillərdə əzbər olan hər frazasına ayrı ayrılıqda şeirlər yazmışam. Ali Baş Komandana, Recep Tayyip Erdoğana, Hikmət Hacıyevə, şəhidlərimizə və sairə. Xalq da bunları oxuyur və təqdir edirdi. Hikmət Hacıyevi xalq nə qədər sevirmiş. Adi bir şeiri iki mindən çox adam paylaşırdı. Və bu ruh yüksəkliyi ilə müharibəni elliklə və zəfərlə başa vurduq. Doğrudur, şəhidlərimiz, yaralılarımız çox oldu. Hər kəs bacardığı sahədə öz töhfəsini verdi. Şair qələmi də az iş görmədi. Xaçmaza 51 şəhid gəldi. Elliklə dəfnlərində, anım tədbirlərində iştirak etdik. Bir gün düşündüm ki, niyə Xaçmaz şəhidlərinə ayrıca bir kitab yazmayım, mən yazmasam kim yazacaq? Fikrimi Xaçmaz mədəniyyət idarəsinin o zaman sədri olan Nazim Ağayevə bildirdim. O, bu təşəbbüsü çox bəyəndi və kitabın nəşri üçün maliyyəni də öz üzərinə götürdü. Mən də 2021-ci il 23 yanvardan bir-bir həmin şəhid ailələrinə baş çəkdim, şəhidlərimiz haqqında məlumat topladım, hər birinə ayrılıqda bir şeir həsr edib rəngli şəkillərlə bir kitab hazırladım. 45 gün yollarda olub iki min kilometr məsafə qət elədim. Hər bir şəhidin şeirini ailə şəkilləri ilə birgə tərtib edib özlərinə göndərdim. Sonradan bir çox şəhidin stendində həmin tərtib olunmuş şəkillərin böyüdülüb çərçivəyə salındığını gördüm. Bu, mənim əlavə xidmətim idi. Şəhid ailələrinin nələr çəkdiyini öz gözlərimlə gördüm, onlarla birgə göz yaşı tökdüm. Yarı canım getdi gördüyüm bu işdə.
Nəhayət kitab hazır olan vaxt Nazim müəllim işdən azad olundu. Məcbur olub borc-xərc kitabı aprel ayının 20-də nəşriyyatdan götürdüm. Və təkrar iki min kilometr yol qət edərək kitabları şəhid ailələrinə hədiyyə elədim. Bu kitab Azərbaycanda şəhidlərə həsr olunan ilk şeir kitabı oldu. İndi şəhidlərin anım günlərində həmin şeirlər oxunur, bulaq üstündə həmin şeirlər həkk olunur.
-“Ulduzlar” Ədəbi Məclisinə ilk gəldiyiniz günü xatırlayırsınızmı? O zaman bu məclis Sizə nə vəd edirdi?
-Bu hadisə uzaq 1978-ci ildə, bir payız günündə baş verib. Rəhmətlik Murad Qudyalçaylının dəvəti ilə getmişdim. Mən özüm həvəsli idim və öyrənmək məqsədilə məşğələlərə qatıldım.
-İllər ərzində məclisdə ən çox sizi incidən və düşündürən məqam nə olub?
-Əgər ilk illəri, yəni sovet dönəmini nəzərə alsaq ciddi senzura var idi. Təəssüf ki, əsl şeir yazan yox, uyğun şeir yazanlar irəli çəkilirdi. Konkret olaraq mənə deyirdilər ki, sən bizim məclisin ən istedadlı üzvüsən, lakin biz səni çap edə bilmirik. Çap edəndə isə açar bəndi şeirdən çıxarıb çap edirdilər. Oxucu da düşünürdü ki, görəsən bunu hansı axmaq yazıb. Hərdən bəyənilməyən şeiri respublika qəzetində dərc etdirib gətirib göstərəndə konkret üzümə elə söz dedilər ki, o böyüklüyə qətiyyən yaraşmırdı. Mən belə ögey münasibət görmüşəm. Amma düşünürdüm ki, bu belə olmamalıdır, gəncləri irəli çəkmək və həvəsləndirmək lazımdır.
-Ədəbi məclislərdə bəzən qruplaşmalar, tərəfkeşlik və laqeydlik müşahidə olunur. “Ulduzlar”da necədir?
-“Ulduzlar” da qruplaşmalar son onillikdə peyda olub. Bilirsiniz, həmin qrupda on il əvvəl də deyirdilər ki, onsuz da məclis sədrinin funksiyalarını sən yerinə yetirirsən. Gəl səni seçək, sədrlik elə. Bu söhbətlər dəfələrlə olub. Mən razılıq verməmişəm. Böyüyə qarşı çıxmağı özümə ar bilmişəm. O üzdən qruplaşma məsələsini özləri həll edərək əslində ən sivil yol tutaraq ayrılıb təzə bir ədəbi məclis yaratdılar. Mən və bir neçə yazar isə ocağın dağılmasının qəti əleyhinə olduq və ocaqda qaldıq. Məclisin bölünməsi məni çox sarsıtdı. Ocaqda cəmi üç, dörd adam qaldı ki, bu da məclis demək deyildi. Etiraf etmək lazımdır ki, ədəbi məclisi dəyərli basqanımız Azər Həsrət bəy xilas etdi, daimi iştirakı, şəxsi nüfuzu, əlaqələri, dəyərli qonaqlar dəvət edərək canlandırması, mətbuatda geniş işıqlandırması ilə yeni üzvləri cəlb etməklə ocağı sölələndirib gur etməsi ilə.
-“Ulduzlar” Ədəbi Məclisinin müxtəlif rəhbərləri ayrı-ayrı illərdə fəaliyyət göstərib və siz buna şahid olmusunuz. Bu illər ərzində məclisin ruhu necə dəyişib və yaradıcı mühit rəhbərlikdən rəhbərliyə fərqlənibmi?
-Sovet dönəmindən tutmuş son bir ilə qədər məclisin ruhu qətiyyən dəyişməmişdi. Doğrudur, məclisimizə Aqşin Dadasoğlunun, Habil Rza Nurun, Vüsal Yurdoğlunun hərdən qatılması ilə ruh partlayışı baş verirdi, amma ümumi mənzərə eyni idi. Aqşinin məclisə baş katib seçilməsindən sonra isə vəziyyət kökündən dəyişdi. Gənclər önə çəkildi, təbliğat vasitələri yaradıldı və aktivləşdirildi, yaradıcı mühit, necə deyərlər, qaynamağa başladı. Bunun nəticəsində bu gün bizim ədəbi məclis respublikada ən çox tanınan, təbliğ edilən və parlayan ədəbi məclislərin başında dayanır. Yaradıcı insanların inkişafı üçün hər cür şərait yaradılıb. İstənilən yazarın arzusu bu deyilmi? Bizə isə yazmaq və yaratmaq qalır.
-Əgər imkanınız olsaydı, “Ulduzlar”da hansı ənənəni dəyişərdiniz?
-Ənənə deməzdim, imkanım olsa mövcud qaydaları dəyişərdim, yəni sədrin, katibin seçilməsini. İlin tamamında hesabat verərək dəyərləndirilib vəzifədə qalıb-qalmamaq məsələsini kollektivin ixtiyarına buraxardım.
-Bəzən istedad sükut içində qalır. Sizcə, “Ulduzlar” sükutu eşidə bilən bir məclisdirmi?
-Ulduzların hazırki kollektivində heç bir istedad sükut içində qalmır, bəlkə dəyərindən də çox qiymətləndirilir. Məclisin tərkibində isə yeganə olaraq nəinki sükutu, harayı belə eşitməyən şəxs Məmməd Qədirdir.
-İcma üzvlərinin bir-birinə verdiyi dəstək sizin üçün nə deməkdir?
-İcma üzvlərinin bir birinə verdiyi dəstək hər üzvün vicdan məsələsidir. Eyni bulaqdan su içən adamların bir-birini dəstəkləməməsi təəccüblü olardı.
-Ədəbi icma içində insanın ruhunu və yaradıcılığını necə qorumaq olar?
-Hər bir insanın ruhu fərqlidir. Güclü də ola bilər, zəif də, həm də ruh dəyişməz qalan yeganə nəsnədir. Təsir altına düşmək, bir-birindən faydalanmaq da təbiidir. Yaradıcılıq prosesində hansı ruhun təsiri altına düşməkdən asılı olmayaraq şair öz ruhunu yazacaq, kənar təsirlər isə onu daha da öz məninə yaxınlasdıracaq.
-Məclisdə gənc qələm sahiblərinə münasibət hər zaman ədalətli olubmu?
-Xeyr, olmayıb. Xüsusilə bu, sovet dönəminə aiddir.
-Laqeydliklə üzləşdiyiniz anlarda şair üçün ən doğru yol nədir?
-Haqqı tələb etmək.
-Müasir Azərbaycan poeziyasında öz yerinizi necə görürsünüz?
-Müasir Azərbaycan poeziyasında məni “sevgi şairi” kimi tanıyırlar. Məndə yaxıngörmə mərəzi var, uzaqlarla işim yoxdur.
-Dövlət tərəfindən təqdir və oxucu sevgisi yaradıcılığa necə təsir edir?
-Dövlət tərəfindən təqdiri hələ ki, görməmişəm. Oxucu sevgisi isə şairin yaradıcılığında ən böyük stimuldur.
-Böyük şair olmağınıza baxmayaraq, bəzən lazımi qiyməti almadığınız olur. Bu sizi ruhdan salır, yoxsa daha da gücləndirir?
-Bəzən ruhdan salır… Amma sonra alma ağacını düşünürəm. Onun funksiyası çiçəkləyib meyvə gətirməkdir. Buna görə ondan bəhrələnənlərdən heç bir minnətdarlıq gözləmir.
-Sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə çatmısınız. Sizcə, bu platformalar müasir şair üçün nə dərəcədə önəmlidir və tanınma prosesində onların rolu nədir?
-Bəli, tamamilə doğrudur. Sosial şəbəkə beynəlxalq auditoriyadır. Doğrudur, o zamanadək də müəyyən qədər imzam tanınırdı. İki kitab müəllifi idim. 2015-ci ildən Facebook sosial şəbəkəsinə qoşuldum. Təsəvvür edin ki, bir ilin doqquz ayında artıq məşhur söz adamı kimi tanındım. Çoxlu dost və sadiq pərəstişkar tapdım. Şeirlərim bəyənildi və sevildi. Azərbaycanin böyük dilçi alimi rəhmətlik Nizaməddin Şəmsizadə məni tanımadan şeirlərim haqqında geniş bir məqalə dərc etdirdi. O Nizaməddin Şəmsizadə ki, ulu öndərimiz dilçilik haqqında fundamental tədqiqatlarına görə respublikanın ilk dövlət mükafatına layiq görmüşdü. Bu gün də üz-üzə görüşmədiyim, adının çəkilməsini belə istəməyən bir pərəstişkarım şəxsi vəsaiti hesabına üç yüz səhifəlik “Bu gecəyə toxunma” adlı bir kitabımı üç yüz tirajla nəşr etdirib özümə göndərdi. Ön söz isə Nizaməddin Şəmsizadə tərəfindən yazılmışdı. Adını cəkməsəm də kitabımı çap etdirən respublikanın tanınmış on yazıçısından biridir.
Həmin vaxt “Bu gecəyə toxunma” seirinə gənc bəstəkar Emil Murad tərəfindən mahnı bəstələndi. Və uzun müddət “Lider” TV kanalında Sevda Şirvanlı tərəfindən ifa edildi. Daha bir mahnı eyni bəstəkar tərəfindən bəstələndi və Sevda Şirvanlı radioda ifa etdi. Həmin doqquz ayda Naxçıvan dövlət radiosunda şeirlərimdən ibarət poeziya dəqiqələri adlı qırx beş dəqiqəlik musiqili veriliş efirə çıxdı. Həmin ilin sonunda Azərbaycan dövlət radiosunda öz səsimlə on iki şeirim qızıl fonda daxil edildi. Xalq artisti Eldost Bayram səsimi də çox bəyəndi. Qeyd etdi ki, səsində diksiya ladı var, çalışsan alınar. Həmin il Azərbaycan yazıçılar birliyinə sənəd verdim və bir ayda qəbul olundum. Zəmanət verənlər Prof. Nizaməddin Şəmsizadə, Prof. Paşa Qəlbinur və yazıçı Vaqif Əlixanlı idi. Bu, bir ilimin nəticələri idi.
Çoxlu dostlar qazandım, Məzahir Süleymanzadə; Əməkdar jurnalist, bir vaxtlar üç milyon tirajla çap olunan əfsanəvi “Səhər” qəzetinin baş redaktoru, şair və gözəl insan. Yaradıcılığımın vurğunu idi. Həsən Cəbrayılov. Məşhur parodiyaçı, yazıçı, şair, Azərbaycan televiziyasının arxivariusu. Şeirlərimin hamısını skan edib götürürdü, deyirdi ki, elə bil mənim həyatımı yazırsan. Təəssüf ki, hər ikisi haqq dünyasına qovuşub.
Bir il sonra tanınmış naşir, poeziya bilicisi və vurğunu Cəfər Əzizoğlu (dövlət müşaviri Hidayət Orucovun bacısı oğlu) sahibi olduğu nəşriyyatda “Aya bir söz demişdim” adlı dörd yüz səhifəlik dördüncü kitabımı dörd yüz tirajla öz hesabına nəşr etdi. Bu işdə ona daha bir oxucum, Neft Akademiyasının müəllimi Prof. Fariz Əmirov dəstək oldu. Həmin ilin dörd oktyabrında Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda iki kitabımın imza günü və təqdimatı keçirildi. Çox həyəcanlı idim. Facebook-da adi elan vermişdim. Görən gələn olacaqmı? Yazıçılar Birliyinin katibliyində də dedilər ki, bu boyda zalı tutmusan, heç olmasa bir otuz nəfər gələcəkmi? Təlaşda qaldım. Başım imzalı kitabları verməyə qarışıq ikən dedilər ki, başlamaq vaxtıdır. Zala daxil oldum, gözlərimə inanmadım. Nəinki zal dolmuşdu, hətta ayaq üstə durmağa yer çox az idi.
Tədbiri gözəl şairəmiz Fərqanə Mehdiyeva (ruhu şad olsun) aparırdı. Söz sahibləri çıxış etdilər. Şeirlər, alqışlar səsləndi. Tədbir davam edərkən yer olmadığı üçün çöldən baxanlar, geri qayıdanlar da var idi. Fərqanə xanım qeyd etdi ki, “bu zalda hər gün tədbirlər olur. Amma son bir neçə ilin ən böyük tədbirini sən keçirdin”. Bilirsiniz, bu mənə yox, sözə verilən dəyər idi. Deməli ki, söz hələ diri imiş… Xaçmazın tarixində ilk dəfə bu zalda təqdimat mənim kitablarımın olub, “Ulduzlar” Ədəbi Məclisini belə təqdim etdik bütün respublikaya. Qazaxlı şair dostlar çıxış edərək bildirdilər ki, Səməd Vurğunun məşhur “Şairlər vətəni bizim tərəflər…” indi Qazax deyil, Xaçmazdır. Yeri gəlmişkən, dəyərli basqanımız Azər Həsrət bəylə əyani orda tanış oldum. O gur səsi ilə gözəl və mükəmməl bir çıxış etdi ki, hamı heyranlığını bildirdi. Məclis reqlamentdən bir saat daha çox çəkdi. Ömrümün ən gözəl, ən xoşbəxt gününü yaşadım. Xalqın sevgisini gördüm. Şair üçün bundan böyük dəyər yoxdur. Sıradan bir kənd şairinin belə möhtəşəm qarşılanması inanılmaz idi. Hələ indiyə kimi təsirindən çıxa bilməmişəm. Utandığım bir səhnə də oldu. Tədbirdən sonra şəkil çəkmə mərasimində bəzi xanımlar əlimdən öpürdülər. Qəbul edə bilməsəm də bu, sözə, şairə verilən dəyər, qiymət idi. Həmin gün mən öz dəyərimi aldım, zəhmətimin bəhrəsini gördüm. Həm də Xaçmazın, “Ulduzlar”ın şöhrətini göylərə qaldırdıq.
Sonrakı il daha bir, 617 səhifəlik “Şeirlər şairin göz yaşlarıdır” adlı kitabım yenə naşir Cəfər Əzizoğlu və Prof. Fariz Əmirovun vasitəçiliyi ilə nəşr olundu. Ön söz müəllifi yenə də sosial şəbəkə üzərindən tanıdığım, görkəmli professorumuz Vaqif Yusifli idi. O, yaradıcılıgım haqqında geniş həcmli “Ver sözə ehya ki…” adlı bir məqalə yazmış və “525-ci qəzet”də çap etdirmişdi. Payızda Yazıçılar Birliyində yeni kitabımın təqdimatını keçirdik. Hazırda yaradıcılığım haqqında 75 səhifəlik bir tədqiqat işi vardır ki, bu əsəri də sosial şəbəkə üzərindən tanıdığım bir şəxs yazıb. Rəhmətlik Məzahir Süleymanzadənin yaradıcılığım haqqında əcəlin imkan vermədiyi dissertasiya yazmaq arzusunu o, reallasdırdı. Baxın, bütün bu işlər sosial şəbəkələr üzərindən baş verdi. Sosial şəbəkə çox böyük rola malikdir, yetər ki, tutduğun yol sənətə, mədəniyyətə, ədəbiyyat və mənəviyyata xidmət edə.
-Həyatı dərinliyinədək dərk edən bir insan, bir şəxsiyyət olaraq, gələcək nəsillərə hansı dərsi vermək istərdiniz?
Bağışlayın, mənim ali təhsilim yoxdur, deməli dərs vermək səlahiyyətindən məhrumam. Yunus Emre deyir ki, “hündürdən baxan göz deyil”. Hündürdən baxanlar da gözümün düşmənidir. Başımı aşağı salıb sözümlə məşğul oluram. Zatən insan gedir, söz qalır. Bir misram yadda qalacaqsa, demək mən də sağ qalacağam. Gələcək nəsillərə ötürdüyüm də yalnız sözdür. Lazım bildiklərini götürəcəklər. Hər birinizə söz ömrü arzulayıram.
Sonda susqun şairi bu qədər danışdırdıgınıza görə təşəkkür edirəm. Sualları elə qoymusunuz ki, insanı iç dünyasını açmağa sövq edir. Düzgün sualı tapmaq cavabın yarısına bərabərdir. O üzdən peşəkarlığınız təqdirə layiqdir. Sağ olun!










İlk şərhi yaza bilərsiniz