Press "Enter" to skip to content

Rejissor “Ayı” tamaşası haqqında danışıb

Samirə Əşrəf

“Peşəkar aktyorlarla yox, tələbələrlə çalışmağı seçdim”

BAYRAQDAR MEDİA – Martın 3-də Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Tamaşanın premyerasında mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, ədəbiyyat və media mənsubları iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinin l kurs tələbəsi yazıçı-rejissor Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Premyeradan sonra S.Əşrəf BAYRAQDAR MEDİA-ya tamaşanın ərsəyə gəlməsi haqqında danışıb: “Bu tamaşa Teatr Xadimləri İttifaqında “Baxış-6” teatr festivalı çərçivəsində rejissor laboratoriyasında hazırlanan tamaşadır. Rejissor laboratoriyasının rəhbəri Əməkdar incəsənət xadimi, həm də mənim kurs rəhbərim Bəhram Osmanovdur. Belə bir festival olacağı ilə bağlı elan veriləndə mən dərhal fikirləşdim ki, bəlkə orada özümü sınayım. Başlanğıcda biz Bəhram müəllimlə müzakirə edəndə o, seçimi mənim öz üzərimə buraxdı. Söylədi ki, əsərləri oxu, hansı əsəri istəsən gətir ona baxaq, müzakirə edək. O zaman Çexovun “Ayı” əsəri mənim çox xoşuma gəldi. Bu komediya janrındadır. Əslində, mən dramatik bir əsər və ya faciə də götürə bilərdim. Sadəcə mən düşündüm ki, həm I kurs, həm tələbələrlə görülən iş və həmçinin indiki dövrdə insanların komediyaya daha çox ehtiyacı var. Çünki həyatımız çox dinamikdir, ritmikdir, stresslərlə doludur”.

Rejissor aktyor seçimlərində də B.Osmanovun ona azadlıq verdiyini söyləyib: “Mən peşəkar aktyorlarla yox, tələbələrlə çalışmağı seçdim. Çünki bu, həm də özüm üçün bir təcrübə idi. Düzdür, çətin oldu. Amma biz çalışdıq ki, dərslərə mane olmasın. Məşqlərimiz isə təxmini 3 ay oldu. Mən elə gəlir ki, başlanğıc üçün yaxşıdır. Klassikaya müraciət etdim”.

S.Əşrəf gənclər üçün belə bir şərait yaratdığına görə Teatr Xadimləri İttifaqına təşəkkür edib: “Eləcə də mənə mənəvi dəstəyə və aşıladıqları bilik, savada görə Bəhram müəllimə, Esmiralda Osmanovaya təşəkkür edirəm”.

Bildirək ki, səhnə əsərində İncəsənət Universitetinin tələbələri Hüseyn Quluzadə (Qriqori Stepanoviç Smirnov), Türkel Ələsgər (Yelena İvanovna Popova), Nərmin Ağayeva (Anfisa) iştirak edirbər.

Tamaşada gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.