BAYRAQDAR MEDİA – Azərbaycan Memarlıq və İnşaat Universitetində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşü davam edir. Bu çərçivədə “Gələcəyin memarları Azərbaycanda yetişir” mövzusunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş görüş keçirilib.
Bu barədə verilən məlumata görə, görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva açılış nitqi ilə çıxış edib. O, universitetdə təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, onların elmi potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Sima Yaqubova, Şura üzvləri Vidadi Fətullayev və Nədimə Rəhimli çıxış edərək əcnəbi tələbələrin miqrasiya hüquqları, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də onların cəmiyyətə inteqrasiyası məsələləri barədə məlumat veriblər.
Tədbirdə həmçinin WUF13 Əməliyyat Şirkətinin substantiv məzmun meneceri Cəmilə İsmayılzadə çıxış edərək beynəlxalq tədbirlərin təşkili, xüsusilə də Ümumdünya Şəhərsalma Forumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və əməkdaşlıq imkanları barədə danışıb.
Görüşdə Dövlət Miqrasiya Xidmətinin nümayəndələri çıxış edərək əcnəbi tələbələrin miqrasiya məsələləri, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də mövcud qanunvericiliklə bağlı ətraflı məlumat veriblər.
Görüşün sonunda əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb, miqrasiya sahəsi ilə bağlı praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri dinlənilib.






İlk şərhi yaza bilərsiniz