Press "Enter" to skip to content

Doğu Türküstanlı Abdurəhimin tüklər ürpərdən ailə dramı – FOTOLAR/VİDEO

Abdurahim Ghani Uyghur

Son yeniləmə: 7 Aprel 2021 10:03

“Mənim ailəmin 19 üzvü Çinin uyğurlara qarşı soyqırımının təkzibedilməz təsdiqinin sübutudur!” Bu sözləri bayraqdar.info-ya illərdir Avropada haqqını arayan uyğur fəalı Abdurəhim Qəni (Abdurehim Gheni Uyghur) deyib.

Abdurəhim hazırda 3 uşağı və həyat yoldaşıyla birlikdə Hollandiyada yaşayır. O, bir Çinli mühacirdir. Özünün Çinin işğalı altındakı Doğu Türküstanda qalan 19 ailə üzvü ilə sonuncu dəfə 2017-ci ilin 23 mayında əlaqə saxlaya bilib. İndi isə onların harada olduqlarını bilmir. “Bəlkə ümumiyyətlə sağ deyillər. Bəlkə əsir düşərgəsində və ya həbsxanadadırlar”, – deyə Abdurəhim bildirir.

Bayraqdar.info-ya danışan Abdurəhim deyir ki, 23 iyun 2018-ci ildən Amsterdamın Dam Meydanında nümayiş keçirir. Əsas məqsədi uyğurların problemlərinə diqqət çəkmək, öz ailəsinin taleyini öyrənməkdir.

“Mən eyni zamanda Hollandiya parlamentinin önündə də dinc nümayiş keçirmişəm. Eyni qaydada Haaqadakı Çin səfirliyinin, Parisdəki Eyfel qülləsinin, Cenevrədəki BMT binasının önündə nümayişlərim olub. Lakin hələ də ailəmlə bağlı heç bir xəbər ala bilmirəm”, – deyə Abdurəhim bildirir.

Abdurəhim deyir ki, Hollandiya Kralına, Baş nazirinə, Xarici işlər nazirinə məktub göndərərək yardım istəyib. Tək istəyi diplomatik kanallarla ailəsi haqqında bilgi almaqdır. Bundan sonra müraciət ünvanları Çin səfirliyinə məlumat veriblər. Səfirlik də öz növbəsində Abdurəhimlə əlaqə saxlayaraq Doğu Türküstandakı ailə üzvləri haqqında əlavə bilgi istəyib.

Abdurəhim əlavə edir ki, 14 avqust 2020-ci ildə tək başına Haaqadakı Çin səfirliyi önündə etiraz aksiyası keçirərək ailə üzvlərinin durumu haqqında bilgi tələb edib. Öz tələblərini səsləndirmək üçün səfirliyin həyətinə daxil olduğu zaman Holland polisi onu həbs edərək 2 saat saxlayıb. Üstəlik min avro cərimə də edilib.

Etirazının 2-ci günündə isə Doğu Türküstandakı kiçik qardaşı Abdukərimdən zəng gəlib. “O, Çin polisinə zəng etməyimi istədi. Sonra daha iki dəfə mənə zəng elədi. Dedi ki, ailə üzvlərimin hamısı sağ-salamatdır. Lakin mənin onların heç biri ilə danışmağıma imkan verilmədi. Yalnız Abdulkərimlə danışa bildim”, – deyir Abdurəhim.

24 sentytabr 2020-də Abdurəhimə Hollandiya Xarici İşlər Nazirliyindən məktub daxil olub. Orada Çin rəsmilərindən alınmış bilgi varmış. Deyilirmiş ki, Abdurəhimin yaxınlarından 5 nəfəri müxtəlif ittihamlarla 3 ildən 16 ilədək həbsə məhkum edilib. 14 nəfəri isə “azad” yaşayırmış.

“Mən Abdukərimdən əlavə digər ailə üzvlərimlə də danışmağa cəhd etdim. Lakin bu, mümkün olmadı. Abdukərim də digərlərinin başına nə gəldiyini demədi. Mən Çin dövlətinin digər 14 ailə üzvümün azadlıqda olması haqqında dediklərinə inanmıram”, – deyə Abdurəhim bayraqdar.info-ya bildirib.

Abdurəhim deyir ki, “əgər onlar doğrudan da azaddırsa, niyə Çin rəsmiləri bizim əlaqə saxlamağımıza imkan vermir?”

“Mənim durumum fərdi deyil. Ümumi faciənin tərkib hissəsidir. Mənim başıma gələnlər Doğu Türküstandakı bütün uyğur ailələrinin başına gələnlərin eynisidir”, – deyə uyğur fəalı bildirir.

“Mən Çin hökumətindən yenə də soruşuram: 19 ailə üzvüm haradadır? Mənim ailə üzvlərimin yoxa çıxması Çin dövlətinin uyğurlara qarşı tətbiq etdiyi soyqırımın təkzibedilməz sübutudur”, – deyir Abdurəhim.

Bayraqdar.info-ya danışan Abdurəhim Hollandiyaya necə gəlib çıxmasına da aydınlıq gətirib. O, deyib ki, Doğu Türküstanda pedaqoji təhsil alıb, 3 il müəllim işləyib. 2005-ci ildə oxumaq üçün Malayziyaya gedib. Oradan da Türkiyəyə yollanıb. Daha sonra – 2007-ci ilin mayında Hollandiyaya mühacirət edib və burada vətəndaşlıq alıb.

Çini tərk etmə səbəblərindən də danışan Abdurəhim bildirib ki, buna səbəb onun müəllim işlədiyi məktəbdə süni şəkildə Çin (xan) əsilli müəllimlərin sayının artırılması, uyğurların sıxışdırılması olub. 2004-cü ildən isə Çin dövləti uyğurca təhsili yasaqlayıb. Abdurəhim bu sıxıntılar qarşısında duruş gətirə bilmədiyi üçün işdən çıxmağa məcbur olub və ölkəni tərk etmək qərarına gəlib.

Deyir ki, 2007-ci ildən sonra atası da daxil olmaqla ailə üzvləri ilə telefonda danışa bilmir. Sadəcə əlaqə saxlamağa imkan verilmir. Bir neçə dəfə cəhd edib, qısa danışıb və anlayıb ki, nəsə işlər yolunda deyil.

“Türk dünyasından gözləntiləriniz nədir?” sualımıza cavab olaraq Abdurəhim deyir ki, Çin yalnız uyğurları əzməklə qalan deyil.

“Çinin uzaq gedən hədəfi ümumiyyətlə Orta Asiya türklərini istila edib yoxa çıxarmaqdır. Ona görə də türk dünyası məsələyə diqqətli olmalıdır. Hamımızı Çin zülmü gözləyir. Təəssüf ki, türk və müsəlman dövlətlərinin dəstəyini görmürük. Qərb dövlətləri bizi dəstəkləyir, lakin özümüzdən olanların dəstəyi yoxdur. Bunun da səbəbi odur ki, türk və müsəlman ölkələri Çinlə yaxın iqtisadi əlaqələr içindədir”, – deyə Abdurəhim bildirir.

Abdurəhim Qəni hazırda 44 yaşındadır. 2016-ci ildən başlayaraq davamlı şəkildə uyğurların haqları uğrunda nümayiş keçirir. Tək başına savaşır bu meydanda. Deyir ki, indi Çində qalsaydım hazırda əsir düşərgələrində saxlanılan 3 milyon uyğurdan biri də mən idim. “Vaxtında Çindən qaçmasaydım başıma nələrin gələcəyini təsəvvür belə etmək istəməzdim”, – deyir Abdurəhim.

Sonda bir istəyini də dilə gətirdi Abdurəhim: “Bütün dünya, özəlliklə də türk dünyası bizim taleyimizə belə biganə qalmasın istəyirik”.

Bir də Abdurəhim deyir ki, aşağıda təqdim edilən, 2005-ci ildə o, Çindən ayrılmazdan 2 həftə öncə ailəsi birlikdə önündə şəkil çəkdirdiyi evi də dağıdıb qırmızı kommunist rejim…

 

Mission News Theme by Compete Themes.