Press "Enter" to skip to content

İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Azerbaijan” arasında Memorandum

Bayraqdar.info – “Carlsberg Azerbaijan” Şirkətinin ölkəmizdə yeni inkişaf və sərmayə planları diqqətəlayiqdir. Bu gün imzalanan sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşündən irəli gələn tapşırığının icrasıdır. Şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, xammal bazasının lokallaşdırılması və innovativ texnologiyalara əsaslanan istehsal prosesinə keçidi nəzərdə tutan proqramını təqdir edirik.”

İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Qeyd edək ki, mayın 18-də İqtisadiyyat Nazirliyi və ölkəmizdə ən böyük pivə istehsalı şirkəti olan “Carlsberg Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma onlayn formatda keçirilib. Mərasimdə nazir Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, “Carlsberg Group” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən nazir onu da bildirib ki, Anlaşma Memorandumu bir sıra məqsədləri hədəfləyir: “Belə ki, şirkət 2025-ci ilədək Azərbaycanda pivəlik arpanın istehsalını dəstəkləməklə xammal idxalını əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur. İstehsalın genişləndirilməsi və lokallaşdırılması ixrac imkanlarını da artıracaq, məşğulluğa töhfə verəcək. İqtisadiyyat Nazirliyi ixraca dəstək mexanizmləri çərçivəsində qarşılıqlı əməkdaşlıq etməklə şirkətin ixrac potensialının artırılmasına dəstək verməyə hazırdır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabət qabiliyyətliliyinin təmin olunmasına xidmət edəcəkdir”.

“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann deyib ki, bu Memorandum Azərbaycanda biznesə dəstəyin gözəl nümunəsidir.

“Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev isə “Mən dörd ilə yaxındır ki, Azərbaycanda yaşayır və işləyirəm. İstər Azərbaycandakı biznesin rəhbəri kimi bizneslə hakimiyyət arasında dialoqda, istərsə də gündəlik həyatda bazar şəffaflığında, müştəriyə xidmətdə və bir çox başqa sahələrdə ildən-ilə real tərəqqini görürəm. Şübhəsiz ki, bu, həm də İqtisadiyyat Nazirliyinin sektor və miqyasından asılı olmayaraq biznesin dəstəklənməsinə yönəlmiş effektiv və dəqiq aparılan işinin nəticəsidir” deyib.

Sənədə uyğun olaraq, “Carlsberg Azerbaijan” şirkəti aidiyyatı üzrə bir çox sahələrə, eləcə də 2021-2025-ci illərdə istehsalın inkişafına yönəlmiş kommersiya layihələrinə 25 milyon manatdan çox sərmayə yatırmağı planlaşdırır. Tərəflər həmçinin, “Made in Azerbaijan” məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ixrac layihələrində əməkdaşlıq barədə razılığa gəliblər.

Mission News Theme by Compete Themes.