Press "Enter" to skip to content

Heydər Əliyev Aeroportunda karbon emissiyaları azalıb

Heydər Əliyev Aeroportunda karbon emissiyaları azalıb

BAYRAQDAR MEDİA – Heydər Əliyev Beynəlxalq Aeroportu “Airport Carbon Accreditation” proqramı üzrə üçüncü səviyyə akkreditasiyasını uğurla yeniləyib. Bu nailiyyət aeroportun karbon emissiyalarının idarə olunması, enerji səmərəliliyi və ekoloji dayanıqlılıq istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə tanınmasını təsdiqləyir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aeroportun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “2025-ci ildə aeroport rekord sayda — 7,64 milyon sərnişinə xidmət göstərməklə yanaşı, öz əməliyyat fəaliyyəti və satın alınan elektrik enerjisi ilə bağlı karbon emissiyalarını 2024-cü illə müqayisədə 22 faiz azaldıb. Bir sərnişinə düşən müvafiq emissiya göstəricisi isə 2022-ci illə müqayisədə 55 faiz azalaraq 3,96 kq CO₂ ekvivalentinə çatıb. Bu nəticələrin əldə olunmasında enerji resurslarından səmərəli istifadə, əməliyyat proseslərinin optimallaşdırılması və müasir idarəetmə texnologiyalarının tətbiqi mühüm rol oynayıb. Xüsusilə, Terminal 1-də təkmilləşdirilmiş Bina İdarəetmə Sistemi (BMS) işıqlandırma və ventilyasiya sistemlərinin daha səmərəli idarə olunmasına imkan verir. Aeroportun bu istiqamətdə fəaliyyəti ISO 14001:2015 və ISO 50001:2018 beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılmış idarəetmə sistemləri ilə dəstəklənir”.

Ardınca xəbərdə, ““Airport Carbon Accreditation” proqramının üçüncü səviyyəsi aeroportdan karbon emissiyalarının idarə olunması üzrə fəaliyyətini öz əməliyyatları ilə məhdudlaşdırmayaraq aviaşirkətləri, yerüstü xidmət təminatçılarını və digər maraqlı tərəfləri də bu prosesə cəlb etməyi tələb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Bakı aeroportu 2025-ci ildə tərəfdaşları ilə əməkdaşlığı gücləndirib və karbon emissiyalarının inventarlaşdırılması üzrə əhatə dairəsini genişləndirib. Əldə olunan nəticələr “Azərbaycan Hava Yolları” QSC-nin ESG strategiyasının dayanıqlı yerüstü əməliyyatlar və infrastruktur üzrə prioritetlərinə uyğundur. Uzunmüddətli dekarbonizasiya hədəfləri çərçivəsində aeroport enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və tərəfdaşlarla birgə ekoloji təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır” deyə vurğulanır.

Qeyd edək ki, “Airport Carbon Accreditation” hava limanlarında karbon emissiyalarının idarə olunması üzrə institusional səviyyədə tanınan yeganə qlobal sertifikatlaşdırma proqramıdır. Proqram yeddi səviyyədən ibarət sertifikatlaşdırma sistemi vasitəsilə hava limanlarının karbon emissiyalarının ölçülməsi, idarə olunması və azaldılması istiqamətində göstərdikləri səyləri müstəqil şəkildə qiymətləndirir və tanıyır. Proqram ACI EUROPE-a məxsusdur və qurum tərəfindən ACI-nin digər dörd regional təşkilatı ilə sıx əməkdaşlıq şəraitində, ACI World-un dəstəyi ilə idarə olunur. Üçüncü səviyyə çərçivəsində hava limanlarından üçüncü tərəflərin karbon izinin idarə olunması prosesinə cəlb edilməsi tələb olunur. Bu yanaşma hava limanlarının birbaşa nəzarətindən kənarda yaranan emissiyaların azaldılması məqsədilə aeroport ekosisteminin iştirakçıları arasında əməkdaşlığı təşviq edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.