BAYRAQDAR MEDİA – “Qadınlara qarşı zorakılıq müasir dünyanın ən ciddi sosial və humanitar problemlərindən biri olaraq qalır. Bu problemin aradan qaldırılması yalnız hüquqi tədbirlərin görülməsini deyil, həm də cəmiyyətin maarifləndirilməsini, qadın hüquqlarına hörmət və bərabərlik prinsiplərinin möhkəmləndirilməsini tələb edir. Hər bir qadının təhlükəsiz, zorakılıqdan uzaq və ləyaqətli həyat sürmək hüququ təmin olunmalıdır”.
Bunu “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyinin sədri Jalə Teymurlu BAYRAQDAR MEDİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq coğrafiyasından, sosial vəziyyətindən və mədəni xüsusiyyətlərindən asılı olmayaraq dünyanın müxtəlif ölkələrində müşahidə olunan problemdir. Heç bir qadın fiziki, psixoloji, iqtisadi və ya digər zorakılıq formaları ilə üzləşməməlidir. Qadının ləyaqətinin, hüquqlarının və təhlükəsizliyinin qorunması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin qarşısında duran mühüm vəzifədir.
Jalə Teymurlu bildirib ki, bu mübarizə təkcə zorakılıq faktlarına hüquqi qiymət verilməsi ilə məhdudlaşmamalıdır: “Eyni zamanda, belə halların qarşısının alınması, qadınların hüquqi maarifləndirilməsi, zərərçəkmiş şəxslərin müdafiəsi, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülməlidir. Xüsusilə ailədə və cəmiyyətdə qadına hörmət, gender bərabərliyi və qarşılıqlı məsuliyyət prinsiplərinin möhkəmləndirilməsi sağlam ictimai mühitin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”.
O qeyd edib ki, Azərbaycan da qadın hüquqlarının qorunması və zorakılığa qarşı mübarizə məsələsində qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakının təşviqi, onların hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
“Ümumiyyətlə dünyanın harasında olursa-olsun qadına qarşı zorakılığa bəraət qazandıran heç bir bəhanə və yanaşma qəbul edilə bilməz. Bu məsələdə susmaq, laqeyd qalmaq və zorakılıq hallarını adi sosial problem kimi qəbul etmək yolverilməzdir. Hər bir insan, xüsusilə də ictimai təsir imkanlarına malik şəxslər qadınların hüquqlarının müdafiəsi, zorakılığa qarşı mübarizə və sağlam ailə münasibətlərinin təşviqi istiqamətində üzərinə düşən məsuliyyəti dərk etməlidir. Unutmayaq ki, qadınlara qarşı zorakılığın olmadığı bir dünya qurmaq yalnız qadınların deyil, bütün bəşəriyyətin ortaq məqsədi olmalıdır”, – deyə Jalə Teymurlu sonda vurğulayıb.






İlk şərhi yaza bilərsiniz