BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı kəndləri, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndləri, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (QMKDİK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə 1 ailə – 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər, Xocavənd şəhərinə 7 ailə – 30 nəfər, Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə – 71 nəfər köçürülüb”.
Sonra xəbərdə, “doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz