Press "Enter" to skip to content

Qiymətləndiricilərin peşəkar hazırlığı vacibdir

Asif Yusubov

Son yeniləmə: 26 Noyabr 2026

Asif Yusubov: AQC beynəlxalq standartların milli qiymətləndirmə praktikasına tətbiqi istiqamətində işləri gücləndirir

BAYRAQDAR MEDİA – Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı üçün qanunvericilik bazası formalaşsa da, bazarın real məlumatlarına çıxış, hesabatların keyfiyyətinə nəzarət, qiymətləndiricilərin peşəkar hazırlığının davamlılığı və bank sektorunda vahid metodoloji yanaşma kimi məsələlər hələ də həllini gözləyir. Bu problemlərin aradan qaldırılması üçün, Qiymətləndirmə fəaliyyəti haqqında Qanuna yeni variantda əlavələr və beynəlxalq standartların milli praktikaya tətbiqi vacibdir.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvü, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Asif Yusubov bildirib.

AQC-dən verilən məlumata görə, A.Yusubiv deyib ki, hazırda qiymətləndirmə sektorunda ən ciddi çətinliklərdən biri daşınmaz əmlak bazarında faktiki əməliyyat qiymətlərinin sistemli şəkildə əlçatan olmamasıdır. Qiymətləndiricilər bir çox hallarda elan saytlarındakı təklif qiymətlərindən istifadə etməyə məcbur qalırlar. Halbuki elan qiyməti ilə real alqı-satqı qiyməti arasında ciddi fərqlər ola bilər.

“Bizdə qiymətləndirmənin məlumat bazası ilə bağlı problem var. Satıcının elan saytında göstərdiyi qiymət hələ həmin əmlakın real bazar dəyəri demək deyil. Qiymətləndirici faktiki satış qiymətlərinə çıxış əldə etməlidir. Bunun üçün notariat qaydasında təsdiqlənən alqı-satqı əməliyyatları əsasında anonimləşdirilmiş məlumat bazasının yaradılması məqsədəuyğun olardı. Almaniya təcrübəsində bu mexanizm uzun müddətdir tətbiq edilir. Belə bir sistem həm qiymətləndirmənin dəqiqliyini artırar, həm də bazarda daha obyektiv qiymət göstəricilərinin formalaşmasına imkan verər”, – deyə ekspert qeyd edib.

Ekspert qiymətləndiricilərin peşəkar hazırlığı məsələsinə də diqqət çəkib. Bildirib ki, ixtisas imtahanından keçmək peşə fəaliyyətinə başlamaq üçün vacib şərtdir, lakin bu, mütəxəssisin sonrakı illərdə də eyni bilik səviyyəsini qoruyacağı anlamına gəlmir.

Onun fikrincə, qiymətləndiricilər üçün illik davamlı peşəkar təhsil proqramları, biliklərin dövri qiymətləndirilməsi və ixtisasın yenilənməsi mexanizmləri tətbiq olunması məqsədəuyğundur. Bu, xüsusilə yeni qiymətləndirmə metodlarının, rəqəmsal texnologiyaların və süni intellektin peşə fəaliyyətinə daxil olduğu indiki mərhələdə əhəmiyyətlidir.

Asif Yusubov bank sektorunda girov qiymətləndirməsinin də ayrıca diqqət tələb etdiyini vurğulayıb. Qeyd edib ki, 2026-cı ilin mart ayının sonuna Azərbaycanın 22 bankının kredit portfeli 30,3 milyard manat, ipoteka kreditlərinin həcmi isə 4,6 milyard manat olub. Belə böyük maliyyə portfelinin təminatında istifadə olunan əmlakın qiymətləndirilməsi bank risklərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.