BAYRAQDAR MEDİA – Manisa Celal Bayar Universitetinin rektoru professor Rana Kibar Muğla Sıtkı Koçman Universitetinin ev sahibliyi etdiyi Ege Bölgəsi Universitetləri Birliyinin təsis və təqdimat toplantısına qatılıb. Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvarın da iştirak etdiyi tədbirdə Ege bölgəsinin 19 ali təhsil müəssisəsini birləşdirən qurumun məqsədləri müzakirə olunub.
Universitetin məlumatına əsasən, Birliyin əsas hədəfi universitetlər arasında akademik, elmi və texnoloji əməkdaşlığı genişləndirmək, birgə layihələr həyata keçirmək və regional ali təhsil potensialını gücləndirməkdir.
Erol Özvar universitetlərin tədqiqat imkanlarından və elmi infrastrukturundan ortaq məqsədlər naminə istifadə edilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə kənd təsərrüfatı, qida texnologiyaları, bərpaolunan enerji, su ehtiyatları, səhiyyə və mədəni irs sahələrində birgə tədqiqatların aparılmasını təklif edib. YÖK sədri həmçinin universitetlər arasında tələbə və doktorant mübadiləsinin genişləndirilməsini, süni intellektdən akademik dürüstlük və etik prinsiplər çərçivəsində istifadə olunmasını, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılmasını vacib sayıb. Birliyin ilk dövr sədrliyini Muğla Sıtkı Koçman Universiteti həyata keçirəcək.






İlk şərhi yaza bilərsiniz