Press "Enter" to skip to content

Vətənpərvərlik həm də şüurlu seçim, mənəvi mövqe və əməli məsuliyyətdir

Tədbir zamanı

Fazil Mustafa: Biz hərbi-vətənpərvərlik tərbiyəsini davamlı şəkildə gücləndirməli, daha vətənpərvər gənclər yetişdirməli, daha hazırlıqlı cəmiyyət formalaşdırmalıyıq

BAYRAQDAR MEDİA – “İlk növbədə bir həqiqəti qəbul etməliyik: və¬tənpərvərlik emosional bağlılıqdan savayı, həm də şüurlu seçim, mənəvi mövqe və əməli məsuliyyətdir. İnsan Vətənini sevdiyini söyləyə bilər; ancaq bu sevginin həqiqi dəyəri onun davranışında, qanuna münasibətində, ictimai faydalılığında, öz peşəsinə və vəzifəsinə vicdanlı yanaşmasında üzə çıxır. Bu mənada hərbi-vətənpərvərlik ümumi vətəndaşlıq tərbiyəsindən ayrı təsəvvür edilə bilməz. Güclü ordu həm də sağlam düşüncəli, intizamlı, bilikli və məsuliyyətli insanlarla formalaşır”.

Bunu Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda keçirilən tədbirdəki çıxışında bildirib.

F.Mustava deyib ki, artıq Azərbaycan qalib dövlətdir və öz ərazi bütövlüyünü təmin edib: “Lakin bu, o demək deyil ki, bütün təhlükələr həmişəlik arxada qalıb. Biz hərbi-vətənpərvərlik tərbiyəsini davamlı şəkildə gücləndirməli, daha vətənpərvər gənclər yetişdirməli, daha hazırlıqlı cəmiyyət formalaşdırmalıyıq. Bu, gələcək sınaqlardan da uğurla çıxmağımızı təmin edəcək əsas amillərdəndir. Bunun üçün isə təhsil amilinə xüsusi diqqət yetirməli, heç kəsin təhsildən qıraqda qalmasına imkan verməməliyik”.

Vurğulanıb ki, biz gənclərə Zəfərin hansı fədakarlıqlar hesabına əldə olunduğunu, onu qorumaq üçün hansı biliklərə, mənəvi keyfiyyətlərə və vətəndaşlıq məsuliy¬yətinə ehtiyac duyulduğunu da anlatmalıyıq. Burada şəhidlərin əziz xatirəsi, qazilərin və müharibə iştirakçılarının həyat təcrübəsi xüsusi yer tutur. On¬ların xidmətləri bugünkü cəmiyyət üçün də mənəvi örnəkdir

Hərbi-vətənpərvərlik tərbiyəsinin mahiyyətinə çağdaş dövlətçilik düşüncəsi kontekstində yanaşan komitə sədri vətənpərvərliyin yalnız duyğusal bağlılıq, qəhrəmanlıq tariximizin təbliği və hərbi xidmətə hazırlıqla məhdudlaşmadığını, onun həm də hüquqi şüur, vətəndaş məsuliyyəti, milli təhlükəsizlik mədəniyyəti və dövlət qarşısında öz öhdəliklərini dərk etmək məsələsi olduğunu diqqətə çatdırıb. Bu baxımdan, qanunlara sayğı, peşəkar hazırlıq, ictimai intizam, dövlət əmlakına qayğı və cəmiyyətə faydalı olmaq da vətənpərvərliyin əməli təzahürləridir.

Fazil Mustafa Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra hərbi-vətənpərvərlik tərbiyəsinin qarşısında yeni vəzifələrin dayandığına diqqət çəkib. İşğal dönəmində torpaqlarımızın azad edilməsi başlıca milli hədəf idisə, yeni tarixi mərhələdə qazanılmış Zəfərin qorunması, dayanıqlı sülhün təmin olunması, milli birliyin möhkəmləndirilməsi, azad edilmiş ərazilərin dirçəldilməsi və Azərbaycanın gələcək inkişafına töhfə verilməsi vətənpərvərlik tərbiyəsinin vacib istiqamətləri kimi ön plana çıxır. Zəfərdən quruculuğa keçid gənc nəslin elmi, intellektual və texnoloji hazırlığına daha böyük önəm verilməsini şərtləndirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.