BAYRAQDAR MEDİA – Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Tacikistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi general-mayor Şaraf Egamzodun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan Baş Qərargah rəisi iki ölkə arasında hərbi əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edib, bu əməkdaşlığın gələcəkdə hərbi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb. Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Ş.Egamzod Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib, bu cür görüşlərin, o cümlədən müdafiə sahəsində təcrübə mübadiləsinin aparılmasının ordular arasında əlaqələrin daha da inkişaf etdirilməsində vacib rol oynadığını xüsusi vurğulayıb”.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.






İlk şərhi yaza bilərsiniz