Son yeniləmə: 24 Noyabr 2026
Nadir Azəri: Azərbaycanın BMT indeksində 38-ci yerə yüksəlməsi rəqəmsal inkişafın beynəlxalq qiymətidir
BAYRAQDAR MEDİA – “BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın cəmi iki il ərzində 36 pillə irəliləyərək 74-cü yerdən 38-ci mövqeyə yüksəlməsi təsadüfi uğur deyil. Bu nəticə ölkədə rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi və müasir texnologiyaların dövlət idarəçiliyinə tətbiqinin nəticəsidir. Əsas diqqətçəkən məqamlardan biri də rəqəmsallaşmaya yalnız texnoloji yenilənmə kimi deyil, idarəetmənin səmərəliliyinin artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi vasitəsi kimi yanaşılmasıdır”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşmanın dövlət idarəçiliyinə verdiyi əsas töhfələrdən biri operativliyin və çevikliyin artırılmasıdır.
“Müxtəlif dövlət qurumları arasında elektron məlumat mübadiləsinin genişlənməsi, informasiya sistemlərinin əlaqələndirilməsi və sənəd dövriyyəsinin rəqəmsallaşdırılması qərarların daha çevik qəbuluna, mövcud problemlərin vaxtında müəyyənləşdirilməsinə və onların həlli prosesinin sürətləndirilməsinə imkan yaradır. Bu yanaşma, eyni zamanda, inzibati prosedurların sadələşdirilməsinə, vaxt itkisinin və bürokratik maneələrin azaldılmasına xidmət edir. Rəqəmsal transformasiyanın digər mühüm istiqaməti vətəndaş məmnunluğunun yüksəldilməsidir. Elektron xidmətlərin genişləndirilməsi insanların müxtəlif dövlət qurumlarına müraciət etmək üçün əlavə vaxt və resurs sərf etməsinin qarşısını alır. Vətəndaşlar müraciətlərini elektron platformalar vasitəsilə ünvanlaya, xidmətlərdən daha rahat yararlana və müraciətlərinin icra vəziyyətini izləyə bilirlər. Beləliklə, dövlət-vətəndaş münasibətlərində əlçatanlıq, operativlik və şəffaflıq imkanları genişlənir”, – deyə Nadir Azəri qeyd edib.
İB sədrinin fikrincə, Azərbaycanın beynəlxalq indeksdə əldə etdiyi irəliləyiş rəqəmsal inkişafın formal göstəricilərlə məhdudlaşmadığını, konkret institusional və texnoloji dəyişikliklərlə müşayiət olunduğunu göstərir. “Mygov” platformasının inkişafı, dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi, “Kağızsız hökumət” prinsipinin tətbiqi, eləcə də çağrı mərkəzlərinin fəaliyyətinin müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsi bu istiqamətdə görülən işlərin nümunələridir. Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 38-ci yerə yüksəlməsi təkcə reytinq göstəricisi deyil, ölkədə rəqəmsal hökumətin inkişafı istiqamətində görülən işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsidir.
Onun sözlərinə görə, qarşıdakı dövrdə bu sahədə əldə olunan nəticələrin daha da möhkəmləndirilməsi üçün ciddi imkanlar mövcuddur. Dövlət siyasətində rəqəmsal transformasiyaya verilən önəm, institusional islahatlar və innovativ texnologiyaların tətbiqi Azərbaycanın müasir, çevik və vətəndaşyönümlü idarəetmə sisteminin inkişafına əlavə təkan verə bilər.






İlk şərhi yaza bilərsiniz