Press "Enter" to skip to content

Müasir kitabxanaçılar üçün metodik vəsait

Müasir kitabxanaçılar üçün metodik vəsait

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın müəllifi olduğu “Müasir kitabxanaçı: peşə, bilik və bacarıqlar (yeni başlayanlar üçün)” metodik vəsait işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təqdim olunan vəsait müasir dövrdə kitabxanaçılıq peşəsinin informasiya cəmiyyətində dəyişən rolunu və yeni çağırışları əks etdirir və kitabxanaçıların gündəlik fəaliyyətində zəruri olan bilik və bacarıqların formalaşdırılmasına istiqamətlənib. Burada ənənəvi kitabxana fəaliyyəti ilə yanaşı, rəqəmsallaşma, elektron kitabxanalar və innovativ xidmət formaları geniş şəkildə təqdim olunub. Vəsait kitabxana-informasiya sahəsində çalışan mütəxəssislər, ixtisasartırma kurslarının iştirakçıları və yeni başlayan kitabxanaçıların istifadəsi üçün nəzərdə tutulub”.

Ardınca xəbərdə, “kitabın elmi məsləhətçisi MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, elmi redaktoru BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Bayramov, redaktoru isə MEK-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovadır. Kitab Giriş, “Müasir kitabxanaçının kommunikasiya bacarıqları və yeni dövrün tələbləri”, “Müasir kitabxanalarda xidmət növləri və onların strukturu”, “Rəqəmsal, elektron və innovativ xidmətlər”, “Kitabxanalarda kataloq və kartoteka sistemi”, “Kitabxana fondlarının təşkili və mühafizəsi qaydaları”, “İnnovativ kitabxana layihələri və menecmenti. Tədbirlərin təşkili və inkişaf strategiyaları” adlı bölmələrdən ibarətdir. Burada müasir kitabxanaçının peşəkar profili, rəqəmsal kommunikasiya və sosial media, kitabxanada oxucu mərkəzli xidmətin təşkili, kitabxanalararası abonement, biblioqrafik xidmətlər və vəsaitlər, ənənəvi metodlardan rəqəmsal və innovativ modelə keçid, elektron kataloq, smart kitabxana anlayışı, kataloqların növləri və formaları, kitabların biblioqrafik təsvir qaydaları, Universal Onluq Təsnifatı, kitabxana fondlarının növləri, düzlüşü, uçotu və inventarizasiyası, mühafizəsi, eləcə də innovativ kitabxana layihələri, kütləvi tədbirlərin təşkili və təbliğat növləri və digər mühüm anlayışlar haqqında ətraflı məlumat verilir” deyə diqqətə çatdırılır.

Müasir kitabxanaçının yeni kompetensiyalarını formalaşdırmaqla yanaşı, innovativ iş üsullarını mənimsəməyə və kitabxana fəaliyyətini müasir standartlar səviyyəsində təşkil etməyə xidmət edən metodik vəsaitin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitablar” bölməsində tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.