BAYRAQDAR MEDİA – Suvarma kanallarının və arxların lildən, kol-kosdan, alaq otlarından və digər su bitkilərindən təmizlənməsi kənd təsərrüfatının inkişafı, su ehtiyatlarından səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Regional Su Meliorasiya QSC-dən bildirilib ki, suvarma infrastrukturunun mütəmadi təmizlənməsi və texniki vəziyyətinin yaxşılaşdırılması suyun əkin sahələrinə vaxtında və tələb olunan həcmdə çatdırılmasına, suvarmanın səmərəliliyinin artırılmasına, eləcə də torpaqların məhsuldarlığının qorunmasına xidmət edir.
Kanallarda lilin toplanması, kol-kosun və su bitkilərinin artması suyun ötürülmə qabiliyyətini zəiflədir, suvarma prosesində çətinliklər yaradır. Bu baxımdan təmizləmə işləri yalnız infrastrukturun texniki istismarı deyil, həm də fermerlərin su təminatının yaxşılaşdırılması və aqrar istehsalın davamlılığının təmin edilməsi üçün zəruri tədbirlərdən biridir.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 may tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması Qaydaları”nın 1.6.6-cı bəndinə əsasən, meliorasiya və irriqasiya sistemlərinin vaxtaşırı təmiri, lildən, alaq otlarından, kol-kosdan və digər su bitkilərindən təmizlənməsi istismar tədbirləri sırasına daxildir. Həmin qaydalar Prezidentin 23 noyabr 2007-ci il tarixli 664 nömrəli Fərmanının icrası ilə əlaqədar qəbul edilib.
Su obyektlərinin mühafizəsi ilə bağlı hüquqi tələblər də nəzərə alınmalıdır. Su Məcəlləsinin 82-ci maddəsi su obyektlərinin qorunması məqsədilə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının müəyyən edilməsini, həmin ərazilərdə xüsusi mühafizə rejiminin tətbiqini nəzərdə tutur. Bu ərazilərdə fəaliyyət qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
Bununla yanaşı, Prezident İlham Əliyevin 2024-cü il 21 may tarixli 68 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıya əsasən, suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitən yaşıllığın götürülməsi üçün ayrıca icazə tələb olunmur.
Həmçinin Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli Sərəncamı ilə həmin Fərmanın icrasının təmin edilməsi istiqamətində tədbirlər görülüb, 2024-cü il 5 sentyabr tarixli 397 nömrəli Qərarla isə Yaşıllıqların götürülməsi Qaydasına müvafiq dəyişiklik edilib və qeyd olunan işlər zamanı yaşıllığın götürülməsi vərəqinin tələb olunmadığı müəyyənləşdirilib.
Beləliklə, qanunvericilik su obyektlərinin və mühafizə zonalarının qorunması ilə yanaşı, su təsərrüfatı infrastrukturunun normal fəaliyyətinin təmin edilməsi üçün zəruri istismar və təmizləmə tədbirlərinin həyata keçirilməsinə də hüquqi çərçivə yaradır. Bu işlərin müəyyən edilmiş ərazilər, hüquqi rejim və ekoloji tələblər daxilində aparılması vacibdir.
Suvarma sistemlərinin işlək vəziyyətdə saxlanılması kənd təsərrüfatında məhsuldarlığın artırılması, yerli istehsalın genişləndirilməsi, fermerlərin iqtisadi imkanlarının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm amildir. Mövcud su infrastrukturu ilə yanaşı, onun mütəmadi təmizlənməsi və düzgün istismarı da su ehtiyatlarının səmərəli idarə olunmasına töhfə verir.
Kanalların və arxların təmizlənməsi nəticə etibarilə suyun əkin sahələrinə daha səmərəli çatdırılmasına, torpaqların məhsuldarlığının qorunmasına, fermerlərin əməyinin nəticəsinin yaxşılaşdırılmasına və ölkənin aqrar inkişafına xidmət edir.






İlk şərhi yaza bilərsiniz