BAYRAQDAR MEDİA – İğdır Universitetinin Stomatologiya fakültəsində 2026–2027-ci tədris ili üzrə “Ağ xalat geyinmə mərasimi” keçirilib. Karaağaç kampusundakı 15 İyul Şəhidləri Konfrans Salonunda təşkil olunan tədbirdə İğdır valisi M. Fırat Taşolar, universitetin rektoru professor Ekrem Gürel, akademik heyət, tələbələr və onların ailə üzvləri iştirak ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, mərasimdə çıxış edən rektor bildirib ki, Stomatologiya fakültəsi və onun nəzdindəki Ağız və Diş Sağlamlığı Xəstəxanası həm təhsilin keyfiyyəti, həm də bölgəyə göstərilən tibbi xidmət baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xəstəxananın müasir tibbi infrastrukturu sayəsində İğdır sakinlərinin müalicə üçün başqa şəhərlərə getmək zərurəti aradan qalxıb. Rektor tələbələrin nəzəri biliklərini müasir klinik şəraitdə praktikaya çevirmək imkanına malik olduqlarını vurğulayıb. Ağ xalatın insan sağlamlığına sədaqətin, dürüstlüyün, vicdanın və etik dəyərlərin rəmzi olduğunu bildirən Ekrem Gürel tələbələri peşə fəaliyyətlərində bu prinsiplərə sadiq qalmağa çağırıb. O, fakültənin və xəstəxananın yaradılmasına, inkişafına dəstək verən İğdır deputatı Cantürk Alagözə, Ali Təhsil Şurasına, Səhiyyə Nazirliyinə və digər tərəfdaşlara təşəkkür edib. Mərasim tələbələrin ağ xalat geyinməsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz