Son yeniləmə: 26 Noyabr 2026
UNESCO BƏƏ-nin görkəmli şəxsiyyətinin və universitetinin yubileyini qeyd edir
BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mədəni və elmi irsi UNESCO-nun yubiley proqramında beynəlxalq səviyyədə diqqətə çatdırılır. Təşkilat 2026–2027-ci illər üzrə proqramına ölkənin tanınmış şairi Əhməd bin Süleymin və Birləşmiş Ərəb Əmirlikləri Universitetinin yubileylərini daxil edib.
Bu barədə BƏƏ-ni Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, UNESCO-nun bu təşəbbüsü görkəmli şəxsiyyətlərin və mühüm qurumların mədəniyyət, elm, təhsil və humanitar sahələrə verdiyi töhfələrin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. BƏƏ-dən olan şəxsiyyət və qurumların proqrama daxil edilməsi ölkənin mədəni irsinin və elmi potensialının beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.
2026-cı ildə vəfatının 50-ci ildönümü qeyd edilən Əhməd bin Süleym BƏƏ-nin tanınmış şair, ədib və tarixçilərindən biri olub. Dubayda anadan olan sənətkar klassik ərəb və nəbati poeziyanın inkişafına mühüm töhfələr verib. Onun yaradıcılığında vətən sevgisi, milli kimlik, ictimai dəyərlər, məhəbbət və həyat fəlsəfəsi əsas yer tutub.
Əhməd bin Süleym yalnız ədəbi fəaliyyəti ilə deyil, ictimai və dövlət işlərində iştirakı ilə də seçilib. O, Dubayın Məsləhətçi Bələdiyyə Şurasının üzvü olub, sonralar gömrük sahəsində rəhbər vəzifədə çalışıb. Birləşmiş Ərəb Əmirlikləri yaradıldıqdan sonra isə ilk federal hökumətdə iqtisadi və maliyyə məsələləri üzrə dövlət naziri vəzifəsini tutub. Ölkənin birləşmə prosesi ilə bağlı görüşlərdə iştirak edib, Əmirliklərin hökmdarları arasında vasitəçilik missiyasını həyata keçirib.
Şairin ədəbi irsi bu gün də tədqiqatçıların diqqət mərkəzindədir. 2009-cu ildə Dubay Beynəlxalq Şeir Festivalının Təşkilat Komitəsi onun şeirlərindən ibarət xüsusi kitab nəşr edib. UNESCO-nun yubiley proqramına daxil edilməsi isə Əhməd bin Süleymin yaradıcılığının və ictimai fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyət daşıyır.
Proqram çərçivəsində digər mühüm yubiley Birləşmiş Ərəb Əmirlikləri Universitetinin 50 illiyi ilə bağlıdır. 1976-cı ildə mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın təşəbbüsü ilə yaradılan universitet ölkənin ilk hərtərəfli milli ali təhsil müəssisəsidir. Universitetin təsis edilməsi BƏƏ-də insan kapitalının inkişafı və milli kadr potensialının formalaşdırılması istiqamətində mühüm addım olub. Hazırda universitetdə 20 mindən çox tələbə təhsil alır. Ali təhsil müəssisəsi bakalavriat, magistratura və doktorantura proqramları ilə yanaşı, süni intellekt, tibb, enerji, ərzaq və su təhlükəsizliyi kimi strateji sahələrdə elmi tədqiqatlar aparır. Beynəlxalq akademik əməkdaşlıq və tədqiqat layihələri də universitetin fəaliyyətində mühüm yer tutur.
Qeyd edək ki, 2026-cı il Birləşmiş Ərəb Əmirliklərinin dövlətçilik tarixində də əlamətdar il hesab olunur. Belə ki, 55 il əvvəl, 2 dekabr 1971-ci ildə Əbu-Dabi, Dubay, Şarja, Əcman, Umm əl-Qeyveyn və Füceyrə olmaqla altı əmirliyin birləşməsi nəticəsində müstəqil Birləşmiş Ərəb Əmirlikləri dövləti yaradılıb. Növbəti ilin fevralında isə Rəs əl-Xeymə də federasiyaya qoşularaq yeddinci əmirlik olub.
Bu baxımdan, UNESCO-nun BƏƏ-nin görkəmli şəxsiyyətinin və aparıcı ali təhsil müəssisəsinin yubileylərini beynəlxalq proqramına daxil etməsi ölkənin 55 illik dövlətçilik yubileyinə mənəvi töhfə və əlamətdar bir hədiyyə kimi də qiymətləndirilə bilər.






İlk şərhi yaza bilərsiniz