Dr. Yücel Karauz: Dostluğu düşmənçiliklə, xoş niyyəti təhdidlə qarşılayan siyasət İranın təhlükəsizliyini gücləndirmir, əksinə, ölkəni daha ağır strateji təcridə sürükləyir
BAYRAQDAR MEDİA – “Beynəlxalq münasibətlərdə dövlətlərin gücü yalnız malik olduqları silahlarla, raketlərlə və hərbi imkanlarla ölçülmür. Əsl strateji güc dostla düşməni düzgün müəyyənləşdirmək, tarixi həqiqətləri nəzərə almaq, təhlükələri doğru qiymətləndirmək və böhran dövrlərində yeni düşmənlər qazanmaq əvəzinə, mövcud problemləri azaltmaq bacarığıdır. Xüsusilə müharibə şəraitində dövlət xadimlərindən gözlənilən emosiyalarla deyil, strateji ağılla hərəkət etməkdir. Təəssüf ki, İran parlamentinin üzvü, keçmiş diplomat Əbülfəzl Zöhrəvəndin son açıqlamaları bu fundamental həqiqətdən nə qədər uzaqlaşıldığını göstərir”.
Bunu qardaş Türkiyənin ehtiyatda olan briqada generalı Dr. Yücel Karauz BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində deyib.
Xatırladaq ki, iranlı deputat, sabiq diplomat Əbülfəzl Zöhrəvənd “İran yenidən müharibə başlayacağı təqdirdə ilk mərhələdə Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraqı məhv edəcək” deyə iddia edib. Lakin bu da son deyil. Həddini aşan iranlı deputat “Tehran bununla da kifayətlənməyəcək. Növbəti mərhələdə isə Azərbaycan və Türkiyəni hədəfə alacağıq” deyə sərsəmləyib.
Məsələyə münasibət bildirən Dr. Yücel Karauz deyib ki, iranlı deputatın mümkün yeni müharibə zamanı əvvəlcə Körfəz ölkələrinin, daha sonra isə Türkiyə və Azərbaycanın hədəfə alınacağını bildirməsi sadəcə diplomatik etikadan uzaq açıqlama deyil. Bu, eyni zamanda İranın coğrafiyasını, tarixini, mövcud təhlükəsizlik problemlərini və regional güc balansını nəzərə almayan son dərəcə təhlükəli yanaşmadır. İranın bu gün ehtiyacı olan məsələ yeni cəbhələr açmaq deyil, mövcud cəbhələri bağlamaq, yeni düşmənlər qazanmaq deyil, qonşuları ilə etimad münasibətlərini bərpa etməkdir.
Beləliklə, onun dəyərləndirməsini təqdim edirik:
Türkiyə və Azərbaycan İranın düşməni deyil
Tarixi həqiqətlər göz qabağındadır. Türkiyə ilə İran 1639-cu il Qəsri-Şirin müqaviləsindən etibarən köklü sərhəd və qonşuluq münasibətlərinə malikdir. Əsrlər ərzində müxtəlif siyasi və geosiyasi rəqabətlər yaşansa da, iki dövlət münasibətlərini daimi müharibə və düşmənçilik müstəvisinə daşımamağı bacarmışdır.
Türkiyə İranın ərazi bütövlüyünü və suverenliyini müdafiə edən, bu ölkənin parçalanmasının bütün regionda ciddi qeyri-sabitlik yaradacağını anlayan dövlətdir.
Azərbaycanın da İranla dərin tarixi, mədəni, iqtisadi və ictimai əlaqələri mövcuddur. İranda yaşayan milyonlarla azərbaycanlının varlığı bu münasibətlərin yalnız diplomatik əlaqələrlə məhdudlaşmadığını göstərir.
Türkiyə və Azərbaycanın İran rəhbərliyinin bəzi siyasətlərinə etiraz etməsi İran dövlətinin ərazi bütövlüyünə qarşı çıxmaları demək deyil. Bir qonşunun siyasətini tənqid etmək başqa, onun dövlət varlığına və təhlükəsizliyinə düşmənçilik etmək isə tamam başqa məsələdir.
ABŞ –İsrail-İran müharibəsində Türkiyə və Azərbaycanın mövqeyi unudulmamalıdır
2026-cı ildə ABŞ və İsrailin İranla hərbi qarşıdurması Yaxın Şərqin təhlükəsizlik mühitini ciddi şəkildə sarsıtdı. Bu prosesdə Türkiyə İranın suverenliyinə qarşı hərbi hücumları tənqid etdi, müharibənin genişlənməsinin əleyhinə çıxdı və diplomatik həll yollarının qorunmasını müdafiə etdi. Ankaranın əsas məqsədi İrana qarşı müharibənin iştirakçısına çevrilmək deyil, regional sabitliyi, beynəlxalq hüququ və qonşuluq münasibətlərini qorumaq idi.
Azərbaycan da İranın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının, regional qarşıdurmanın genişlənməməsinin tərəfdarı olduğunu bildirdi.
Bununla yanaşı, müharibə dövründə Türkiyəyə yönələn ballistik təhdidlər və Azərbaycanın Naxçıvan bölgəsinə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar iki ölkənin təhlükəsizlik narahatlıqlarını artırdı.
Bütün bunlara baxmayaraq, Ankara və Bakı qarşıdurmanın daha geniş regional müharibəyə çevrilməməsinin vacibliyini ön plana çəkdilər. Belə bir şəraitdə İranın Türkiyə və Azərbaycanı hədəf kimi göstərməsi nə tarixi həqiqətlərlə, nə siyasi məntiqlə, nə də strateji maraqlarla uzlaşır.
Burada əsas sual budur: İranın ərazi bütövlüyünü müdafiə edən, müharibənin genişlənməsini istəməyən və diplomatik həlli dəstəkləyən Türkiyə ilə Azərbaycan nə üçün təhdid edilməlidir?
Şuşa Bəyannaməsi: Türkiyə və Azərbaycanın təhlükəsizliyi ortaq strateji məsələdir
İranlı deputatın nəzərə almadığı ən mühüm reallıqlardan biri 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsidir. Bu sənəd Türkiyə ilə Azərbaycan arasında tarixi qardaşlıq münasibətlərini siyasi və hərbi müttəfiqlik səviyyəsinə yüksəltmişdir.
Şuşa Bəyannaməsinə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə üçüncü dövlət tərəfindən təhdid və yaxud təcavüz yönəldilərsə, tərəflər birgə məsləhətləşmələr aparmalı və BMT Nizamnaməsinə uyğun olaraq lazımi yardımı təmin etməlidirlər. Bu müddəa iki dövlət arasında təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı məsuliyyətin açıq ifadəsidir.
Şuşa Bəyannaməsi göstərir ki, Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi isə Azərbaycanın strateji maraqlarından ayrı qiymətləndirilə bilməz. Buna görə də hər iki dövləti eyni vaxtda təhdid etmək güclü siyasi və hərbi müttəfiqliyi qarşıya almaq riskini yaradır.
NATO-nun 4-cü və 5-ci maddələri: İranın nəzərə almalı olduğu təhlükəsizlik reallığı
Türkiyə 1952-ci ildən NATO üzvüdür və Alyansın ən mühüm hərbi güclərindən biridir. Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən, üzv dövlətlərdən hər hansı biri özünün ərazi bütövlüyünün, siyasi müstəqilliyinin və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, NATO çərçivəsində məsləhətləşmələr tələb edə bilər. 5-ci maddə isə NATO-nun kollektiv müdafiə prinsipinin əsasını təşkil edir. Bu maddəyə görə, müqavilənin tətbiq dairəsinə daxil olan bir NATO üzvünə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum hesab olunur.
Deməli, Türkiyəyə qarşı silahlı hücum yalnız Türkiyə–İran münasibətləri çərçivəsində qalmaya, NATO-nun kollektiv müdafiə mexanizmini gündəmə gətirə bilər. Burada mühüm hüquqi məqam da nəzərə alınmalıdır: 5-ci maddənin tətbiqi bütün üzvlərin avtomatik olaraq müharibəyə daxil olması demək deyil. Hər bir müttəfiq zəruri hesab etdiyi tədbirləri müəyyənləşdirir.
Lakin bu müddəanın siyasi, hərbi və strateji çəkisi son dərəcə böyükdür.
Bir tərəfdə Şuşa Bəyannaməsi ilə bir-birinə bağlı Türkiyə və Azərbaycan, digər tərəfdə isə Türkiyənin NATO üzvlüyü dayanır. Buna görə İranın Türkiyə və Azərbaycana qarşı hər hansı silahlı addımının nəticələri sadəcə ikitərəfli münasibətlərlə məhdudlaşmaya bilər.
Şuşa Bəyannaməsini, NATO-nun 4-cü və xüsusilə 5-ci maddəsini nəzərə almadan Türkiyə və Azərbaycanı təhdid etmək güc nümayişi deyil, təhlükəli strateji hesablama səhvidir.
İranın ən böyük strateji səhvi: Dostlarını düşmənə çevirmək
İran bu gün ABŞ və İsraillə qarşıdurmanın yaratdığı hərbi, iqtisadi və siyasi çətinliklərlə, beynəlxalq təzyiqlərlə, regional təhlükəsizlik problemləri ilə üz-üzədir. Belə bir şəraitdə Körfəz dövlətlərini, Türkiyəni və Azərbaycanı da hədəfə almaq İranın təhlükəsizliyini gücləndirməyəcək. Əksinə, ölkənin ətrafında daha geniş siyasi və hərbi qarşıdurma mühitinin yaranmasına səbəb ola bilər.
Strateji düşüncənin əsas prinsiplərindən biri düşmənlərin sayını azaltmaq, dostların və neytral dövlətlərin sayını artırmaqdır. İranlı deputatın açıqlamalarında isə bunun tam əksi müşahidə olunur.
Burada mühüm bir sual yaranır: İranı regionda təcrid etmək, qonşuları ilə qarşı-qarşıya qoymaq və ölkəni yeni müharibələrə sürükləmək istəyən xarici qüvvələr bundan daha əlverişli siyasi bəyanat hazırlaya bilərdilərmi?
Bu cür açıqlamalar, nəticələri baxımından, İranın zəifləməsində maraqlı olan xarici kəşfiyyat dairələrinin strateji məqsədlərinə xidmət edə bilər. Lakin konkret şəxslərin xarici kəşfiyyat orqanları ilə əlaqəli olduğunu söyləmək üçün sübut tələb olunur.
Ən təhlükəli məqam budur ki, bəzən bir dövlətə ən böyük zərəri onun düşmənləri deyil, düşmənlərinin məqsədlərinə xidmət edən məsuliyyətsiz siyasi davranışlar vurur.
Türkiyə və Azərbaycanın dostluğunun dəyəri düzgün anlaşılmalıdır
Türkiyə və Azərbaycan heç bir dövlətin təhdidi qarşısında öz suverenliyindən, milli təhlükəsizliyindən və strateji maraqlarından imtina edəcək ölkələr deyil. Hər iki dövlətin tarixi təcrübəsi, hərbi imkanları, diplomatik gücü və möhkəm müttəfiqlik münasibətləri vardır. Lakin bu güc İranla qarşıdurma istəyi demək deyildir.
Əksinə, Türkiyə və Azərbaycan üçün əsas strateji maraq İranın ərazi bütövlüyünü qoruyan, qonşuları ilə sülh şəraitində yaşayan, sabit və təhlükəsiz dövlət kimi mövcudluğunu davam etdirməsidir. İran rəhbərliyi anlamalıdır ki, Türkiyə və Azərbaycanın dostluğu onun təhlükəsizliyi üçün təhdid deyil, strateji imkandır.
Eyni zamanda Tehran unutmamalıdır ki, Şuşa Bəyannaməsinin qarşılıqlı təhlükəsizlik və yardım öhdəlikləri, NATO-nun 4-cü maddəsinin məsləhətləşmə mexanizmi və xüsusilə 5-ci maddəsinin kollektiv müdafiə prinsipi regionun təhlükəsizlik arxitekturasının mühüm hissələridir. Bu reallıqları nəzərə almadan Türkiyə və Azərbaycanı təhdid etmək İranın mövcud problemlərini daha da mürəkkəbləşdirə bilər.
Dövlətlər yalnız döyüş meydanlarında məğlub olmurlar. Bəzən yanlış siyasi qərarlar, məsuliyyətsiz bəyanatlar və dostları düşmənə çevirmək cəhdləri də ağır strateji məğlubiyyətlərin əsasını qoyur. İranın bu gün ehtiyacı olan yeni düşmənlər qazanmaq deyil, mövcud qarşıdurmaları azaltmaq, qonşuluq hüququna hörmət etmək və regional əməkdaşlıq imkanlarından istifadə etməkdir.
Son olaraq bir tarixi və strateji həqiqəti xatırlatmaq lazımdır: Türkiyə və Azərbaycanın dostluğunu qazanan dövlət regionda sülh, sabitlik və uzunmüddətli təhlükəsizlik üçün güclü dayaq qazanır. Türkiyə və Azərbaycanın dostluğunu düşmənçiliyə çevirən, bu iki qardaş dövlətin suverenliyinə və təhlükəsizliyinə qarşı hərəkət edən dövlət isə bunun siyasi, diplomatik, iqtisadi və hərbi nəticələrinin son dərəcə ağır ola biləcəyini bilməlidir. Çünki Türkiyə və Azərbaycan dostluğunun dəyərini bilənlər üçün böyük strateji fürsət, bu dostluğu düşmənçiliyə çevirənlər üçün isə ağır strateji nəticələr yarada biləcək iki qardaş dövlətdir.






İlk şərhi yaza bilərsiniz