BAYRAQDAR MEDİA – Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və İtaliya Ticarət Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, energetika, tikinti və daşınmaz əmlak, rəqəmsal texnologiyalar və süni intellekt, əczaçılıq, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesi, turizm, maliyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox şirkətin nümayəndəsi iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və İtaliya arasında iqtisadi tərəfdaşlığın inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialı vurğulayıb. Ölkəmizin əlverişli biznes və investisiya mühiti, strateji mövqeyi, sənaye və infrastruktur imkanları barədə məlumat verilib, İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsinin və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. Yüksək texnologiyalar, nəqliyyat-logistika və digər prioritet istiqamətlərdə əməkdaşlıq, birgə investisiya təşəbbüslərinin reallaşdırılması, istehsal və ixrac potensialının artırılması imkanlarına diqqət çəkilib.
İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani çıxışında Azərbaycanın İtaliya üçün strateji və etibarlı tərəfdaş olduğunu vurğulayıb. İki ölkə arasında enerji sahəsində mövcud əlaqələri yüksək qiymətləndirərək, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında birbaşa əməkdaşlığın gücləndirilməsi və birgə müəssisələrin yaradılması üçün əlverişli şəraitin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Azərbaycanın Orta Dəhlizin inkişafında strateji roluna diqqət çəkib, həmçinin kritik xammal sahəsində üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sənaye istehsalının rəqabətqabiliyyətliliyinin artırılması perspektivlərini diqqətə çatdırıb.
Forum çərçivəsində “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni mərhələsi” mövzusunda plenar sessiya təşkil olunub. Azərbaycan və İtaliya arasında qarşılıqlı investisiyaların və ticarət əlaqələrinin genişləndirilməsi, birgə müəssisələrin yaradılması və sənaye əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi, İtaliya şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakı, eləcə də birgə layihələrin regional və beynəlxalq bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sessiyada Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ələt Azad İqtisadi Zonası, Azərbaycan Biznesinin İnkişafı Fondu, “AzerGold” QSC, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Respublikası Dövlət Neft Fondu, İtaliyanın Müəssisələr və “MadeinItaly” Nazirliyi, İtaliya Sənaye Konfederasiyası, “CassaDepositi e PrestitiS.p.A.”,“SIMEST”, SACE” şirkətləri, İtaliya Ticarət Palataları İttifaqı nümayəndələri mövzu ilə bağlı fikirlərini və təkliflərini bildirib, fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat veriblər.






İlk şərhi yaza bilərsiniz