Press "Enter" to skip to content

Dünya iqtisadiyyatının nəbzi Palandökəndə döyünəcək

BAYRAQDAR MEDİA – Türkiyə 2026-cı il ərzində bir sıra mühüm beynəlxalq forum və sammitlərə ev sahibliyi edib. İlin son böyük iqtisadi tədbirlərindən biri isə Ərzurumda keçiriləcək. Qlobal iqtisadiyyatın gələcəyi, beynəlxalq investisiyalar və yeni ticarət imkanları bu dəfə Palandökəndə müzakirə olunacaq.

Türkiyənin aparıcı qış turizmi mərkəzlərindən biri olan Ərzurumun Palandökən bölgəsi dünya iqtisadiyyat, maliyyə və diplomatiya dairələrinin nümayəndələrini qəbul etməyə hazırlaşır. II Palandökən İqtisadiyyat Forumu 2026-cı il dekabrın 4-6-da Türkiyə Prezidentinin himayəsi altında keçiriləcək.

Forum nazirləri, səfirləri, beynəlxalq təşkilatların yüksəkvəzifəli nümayəndələrini, qlobal maliyyə sektorunun təmsilçilərini, iş adamlarını, vətəndaş cəmiyyəti institutlarını və alimləri bir araya gətirəcək.
“Qlobal qeyri-müəyyənlik şəraitində kapital: İnvestisiyanın yeni tənliyi” mövzusuna həsr olunacaq forumda dünya iqtisadiyyatında baş verən dəyişikliklər, kapital axınlarının yeni istiqamətləri, beynəlxalq ticarət, investisiya strategiyaları və yeni iqtisadi əməkdaşlıq imkanları müzakirə ediləcək.

Tədbirin ilk günü – dekabrın 4-də axşam saatlarında Palandökənin zirvəsində məşəllərlə müşayiət olunan xizək nümayişi təşkil ediləcək. İqtisadiyyat və diplomatiyanı qış turizmi ilə birləşdirən forumun rəsmi açılışı isə dekabrın 5-də baş tutacaq.

Açılış mərasimindən sonra dünyanın müxtəlif ölkələrindən gələn yüksək səviyyəli iştirakçılar və ekspertlər 10 ayrı sessiyada qlobal iqtisadiyyatın gələcəyini, investisiya imkanlarını və regional əməkdaşlıq perspektivlərini dəyərləndirəcəklər.

Üç gün davam edəcək forum beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə verməklə yanaşı, Ərzurumun turizm, ticarət və investisiya potensialının dünyaya tanıdılmasını da hədəfləyir.

Beləliklə, 2026-cı ilin son böyük beynəlxalq iqtisadi görüşlərindən birinə ev sahibliyi edəcək Ərzurum yalnız qış turizmi ilə deyil, iqtisadiyyat və diplomatiya sahəsindəki beynəlxalq tədbirlərlə də diqqət mərkəzində olmağa hazırlaşır.

Dekabrın 4-6-da dünyanın diqqəti Ərzurumda, iqtisadiyyatın nəbzi isə Palandökəndə döyünəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.