Press "Enter" to skip to content

İndi nağıl qəhrəmanları deyil, gerçək qəhrəmanlardan öyrənməliyik

Vüqar İskəndərov: Vətən müharibəsinin şəhid və qazisi olan yüzlərlə, minlərlə qəhrəmanlarımız var ki, gənc nəsil onların həyatını öyrənməli, örnək götürməlidir

Bayraqdar.info – “Ötən il 44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi, tarixi Zəfərimizlə başa çatdı. Bu müharibə gənc nəslin milli köklərimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən siyasətin hədər getmədiyini də təsdiqlədi.”

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ölkəmizdə gənclərə hərtərəfli diqqət və qayğı göstərilir: “Bəlli olduğu kimi Azərbaycanda gənclərin keyfiyyətli təhsilə əlçatanlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Bacarıqlı gənclər müxtəlif vəzifələrə irəli çəkilir, onlara öz potensiallarını nümayiş etdirmək üçün hər cür şərait yaradılır. Təbii ki, gənclərimiz də bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətlərini dərindən dərk edirlər. Azərbaycan gəncləri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsi, Respublikamızın qüdrətinin daha da artması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar”.

V.İskəndərov bildirib ki, müxtəlif sahələrdə, beynəlxalq arenalarda uğurlar qazanan Azərbaycan gəncləri onlara bəslənilən ümidləri Vətən müharibəsində də layiqincə doğrultdular: “Vətən müharibəsində məhz gənc əsgər və zabitlərimizin rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımız Ermənistanın işğalından azad edildi. Müharibə dövründə Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazır olduqlarını bir daha nümayiş etdirdilər. Müharibədə torpaqlarımızın azadlığı uğrunda düşmənə qarşı vuruşmaq hər bir Azərbaycan gəncinin həyat amalına çevrilmişdi. Gənclərimiz döyüş meydanında göstərdikləri şücaətləri ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını layiqincə doğrultmağa, üzərlərinə düşən missiyanı yerinə yetirməyə qadir olduqlarını təsdiqlədilər. Heç şübhəsiz, bu həm də müstəqillik illərində gənclərin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən siyasətin nəticəsidir”.

Deputat bu siyasətin postmüharibə dövründə də davam etdirilməsinin vacibliyini vurğulayıb: “Ümumiyyətlə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması hər zaman, hər bir dövlətdə diqqət mərkəzində olmalıdır. Konkret olaraq Azərbaycana gəlincə hesab edirəm ki, müharibədən əvvəl olduğu kimi, postmüharibə dövründə də bu məsələ gündəmimizdə olmalıdır. Sadəcə olaraq postmüharibə dövründə bu siyasətin reallaşmasını asanlaşdıran vacib bir məqam var. Bu da real qəhrəmanların olmasıdır. Əgər biz Vətən müharibəsinə qədər qəhrəmanlıq və qəhrəmanlar haqqında dastanlardan, nağıllardan oxuyub öyrənirdiksə, bu gün vəziyyət dəyişib. Bu gün Vətən müharibəsinin şəhid və qazisi olan yüzlərlə, minlərlə qəhrəmanlarımız var ki, gənc nəsil onların həyatını öyrənməli, örnək götürməlidir. Buna görə də gənc əsgər və zabitlərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqların yüksək səviyyədə təbliğ olunması müstəsna əhəmiyyətə malikdir. Bu, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda formalaşması üçün çox vacibdir”.

Deputatın sözlərinə görə, yeni dərsliklərin yazılması, bu dərsliklərdə qəhrəmanlarımızın keçdikləri həyat yolundan, onların döyüş meydanında göstərdikləri şücaətlərdən bəhs edilməsi mühüm əhəmiyyət kəsb edir.

Mission News Theme by Compete Themes.