Press "Enter" to skip to content

Haqsız rəqabətlə mübarizə davam edir

Bayraqdar.info – Haqsız rəqabət halları ilə mübarizənin sahibkarlarla dövlət qurumları arasında tərəfdaşlıq müstəvisində aparılması bu sahədə səmərəliliyi təmin edən əsas amillərdəndir.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu baxımdan sahibkarlıq subyektlərinin Dövlət Xidməti ilə əməkdaşlığı bazarda ədalət prinsipinin bərqərar olmasında xüsusi əhəmiyyət kəsb edir. Artıq bu əməkdaşlığın nümunəsi də var. Belə ki, çatdırılma xidmətləri bazarında fəaliyyət göstərən “Volt Azərbaycan” MMC qisa müddət ərzində Dövlət Xidmətinin göstərişlərini yerinə yetirib. Eyni zamanda, sözügedən MMC haqsız rəqabətə səbəb olan müqavilə şərtlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırıb.

MMC-nin Dövlət Xidmətinə ünvanladığı müraciətində gələcəkdə bu cür hallarla qarşılaşmamaq məqsədilə partnyorlarla münasibətləri bir daha nəzərdən keçirəcəyi, qanunvericiliyə uyğun olmasına daha çox diqqət yetirəcəyi vurğulanıb.

Məlumatda o da vurğulanıb ki, Dövlət Xidməti rəqabət sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurum olaraq bazar iştirakçıları ilə dialoq üçün həmişə açıqdır. Dövlət Xidməti həmçinin bütün sahibkarları əməkdaşlığa dəvət edir: “Məqsəd haqsız rəqabət hallarına qarşı sahibkarlarla birgə mübarizə aparmaqla bazarın bütün iştirakçıları üçün ədalətli mühitin yaradılması və bir rəqibin digərləri üzərində əsassız üstünlük qazanması hallarının qarşısının alınmasıdır”.

Mission News Theme by Compete Themes.