Press "Enter" to skip to content

Qeydiyyata alınmış daşınmaz əmlakın sayı 30,2 faiz artıb

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərini davam etdirir.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 30,2 faiz artıb. Belə ki, 2021-ci ilin yanvar-iyun ayları ərzində 144 min 558 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 33 min 129-u ilkin, 111 min 429-u isə təkrar qeydiyyatdır: “Məlumat üçün bildiririk ki, ilkin qeydiyyat daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən ilk dəfə tanınması, təkrar qeydiyyat isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla başqasına keçməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır”.

Cari ilin yanvar-iyun ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 21 min 643-ü fərdi yaşayış və bağ evi, 44 min 576-sı mənzildir. Həmçinin həmin dövrdə qeydiyyatı aparılan əmlakdan 71 min 904-ü torpaq sahəsi, 1 min 645-i qeyri-yaşayış binası, 4 min 411-i qeyri-yaşayış sahəsi, 363-ü əmlak kompleksi, 16-sı isə çoxmərtəbəli yaşayış binasıdır.

2021-ci ilin ilk 6 ayı ərzində 7 min 533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,6 faiz artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə bu ilin yanvar-iyun ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 28,3 faiz artaraq 7 min 653, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 36,4 faiz artaraq 2 min 260 olub.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 37,1 faiz artaraq 14 min 110, mənzillər üzrə 59,5 faiz artaraq 29 min 111, torpaq sahələri üzrə 35,8 faiz artaraq 64 min 251, qeyri-yaşayış sahəsi üzrə 58,7 faiz artımla 2 min 151 təşkil edib.

Ümumilikdə isə, ötən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 41,9 faiz artaraq 78 min 508-dən 111 min 429-a yüksəlib.

Mission News Theme by Compete Themes.