Press "Enter" to skip to content

Ramil Həsən: Azərbaycanla Türkiyə arasında birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir

Son yeniləmə: 28 Avqust 2021 10:56

Bayraqdar.info – “Azərbaycan-Türkiyə dosluq, qardaşlıq əlaqələrini hansı tərəfdən xarakterizə etsək, deyə bilərik ki, bölgədə güclü iki dövlət yan-yana inkişaf etməkdədir. İki qardaş ölkə öz potensialını birləşdirərək bölgəyə sülh, təhlükəsizlik gətirmək istəyini ortaya qoyur.”

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Deputat bildirib ki, ötən il 44 günlük İkinci Qarabağ savaşı zamanı dünya bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu gördü: “Cənab Prezidentin “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı bəyan etdiyi kimi bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Hesab edirəm ki, cənab Prezidentin həmin müsahibədə bəyan etdiyi aşağıdakı fikirlər Türkiyə-Azərbaycan qardaşlığına verilən ən gözəl tərifdi:

“Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir”.

Bəli, vurğulandığı kimi Azərbaycanla Türkiyə arasında birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Bu gün biz bölgə xalqları üçün mükəmməl örnək olan Azərbaycan-Türkiyə birliyinin şahidiyik”.

Deputat onu da bildirib ki, iki qardaş ölkə bu gün dünyada söz sahibi olan, sülh üçün çalışan, eyni zamanda, milli və dövlət maraqlarını hər şeydən üstün tutan dövlət rəhbərlərinə sahibdir: “Ona görə də biz bir daha mesaj vermək istəyirik ki, yeni reallıqlar çərçivəsində bölgəmizdə sülhün ən yüksək səviyyədə bərqərar olunması və revanşist qüvvələrin bir an öncə ağıllarını başlarına toplayaraq artıq bölgə ilə bağlı xam xəyallardan yan keçmələri onlar üçün ən mükəmməl bir yol olardı. Bir sözlə, Azərbaycan bölgədə sülh, inkişaf, yaxşı gələcək istəyən, bu istiqamətdə Türkiyə ilə birgə addımlar atan dövlətdir”.

Mission News Theme by Compete Themes.