Press "Enter" to skip to content

İlham Məmmədov: Şəhid ailələrinin və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir

Bayraqdar.info – “Azərbaycanda şəhid ailələrinin və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Hər il bu məqsədlə dövlət büdcəsindən böyük həcmlərdə vəsait ayrılır. Cənab Prezidentin bəyan etdiyi kimi, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər.”

Bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Bu sahədə imzalanan müvafiq sənədlərə və atılan addımlara gəlincə deputat bildirib: “Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur. Müvafiq proqramın Bakıda, Sumqayıtda, Abşeron rayonunda cari ilin sonunadək tam icra edilməsi planlaşdırılıb”.

Deputat əlavə edib ki, dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq cari ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev təqdim olunması nəzərdə tutulub: “O cümlədən Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Samux rayonlarında 2500 mənzilin, digər rayonlarda isə 500 fərdi evin tikintisi planlaşdırılır. Bütövlükdə, 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək”.

İ.Məmmədov deyib ki, bundan başqa, Prezident İlham Əliyev 25 avqust 2021-ci il tarixində “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb: “Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsi həyata keçiriləcək”.

Mission News Theme by Compete Themes.