Press "Enter" to skip to content

Zəminə Mirhadıyeva: Dünya Ermənistanın 30 il ərzində törətdiyi müharibə cinayətlərindən xəbərdar olmalıdır

Bayraqdar.info – “Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən diaspor təşkilatlarımız var. Onlardan biri də mənim təmsil olunduğum Azərbaycan Nyu-York Assosiasiyasıdır. Bu təşkilatı 2005-ci ildə yaratmışıq. Həmin il mən, Əli Nəsibov bir də Həsən Sərdarlı tərəfindən yaradılan Azərbaycan Nyu-York Assosiasiyası ötən müddət ərzində Amerikada Azərbaycanın haqq səsinin eşidilməsi üçün davamlı addımlar atıb.”

Bunu bayraqdar.info-ya açıqlamasında Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva deyib.

Onun sözlərinə görə, ilk dəfə 2000-ci ildə ABŞ-a gedəndə arzuolunmaz mənzərənin şahidi olub: “Gördüm ki, Azərbaycan əleyhinə yazılar dərc edən qəzetlər çoxdu. Hətta rus dilində dərc olunanlar da vardı. Baxmayaraq ki, bizim 20 faiz torpaqlarımız işğal altında idi, ermənilər başımıza min cür fəlakətlər gətirmişdilər, bundan əlavə Xocalı soyqırımı kimi dəhşətli bir faciə yaşamışdıq. Lakin bu qəzetlər Azərbaycanı günahkar kimi qələmə verirdilər”.

Z.Mirhadıyeva bildirib ki, ermənilər hətta Xocalı faciəsindən də öz çirkin məqsədləri üçün istifadə edirlərmiş: “Xocalıda qətlə yetirilən azərbaycanlı uşaqların şəklini ermənilər özlərinin adından təqdim edirdilər. Guya türklər soyqırımı edib və fotolardakı da öldürülən erməni uşaqlarıdır. Beləliklə, ilk işim ondan ibarət oldu ki, bu cür məqalələri toplayıb, bir-bir həmin redaksiyalara getdim. Bildirdim ki, bu məqalələrə görə sizi məhkəməyə verə bilərik, yalan məlumat yayırsınız, həmçinin milli münaqişə yaradırsınız. Ondan sonra bu cür məlumatlar yığışdırıldı”.

“Ümumiyyətlə, həm təmsil olunduğum təşkilatın üzvləri, həm də bütövlükdə, Birləşmiş Ştatlarda yaşayan soydaşlarımızla birlikdə Ermənistanın işğalçılıq siyasətinin ABŞ-da ifşa olunması üçün davamlı tədbirlər keçirdik. Bu müddət ərzində hər il BMT qarşısında keçirilən nümayişdə münaqişəyə dair BMT-nin qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini tələb etdik. “Xocalıya ədalət!” tələbi ilə hər il nümayişlər keçirdik. Konqresmenlərə məktublar ünvanladıq”, – deyə o, bildirib.

İyul ayında Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya səfər edən diaspor təmsilçilərimiz arasında olan Z.Mirhadıyeva əlavə edib ki, bundan sonra diaspor təmsilçilərimizin üzərinə yeni vəzifələr düşür: “İndi biz yaşadığımız ölkələrdə Ermənistanın müharibə cinayətləri haqqında həqiqətlərin daha geniş şəkildə çatdırılması üçün fəallığımızı bir qədər də artırmalıyıq. Dünya Ermənistanın 30 il ərzində törətdiyi müharibə cinayətlərindən xəbərdar olmalıdır”.

Mission News Theme by Compete Themes.