Press "Enter" to skip to content

Türkiyə Qırğızıstana böyük maraq göstərir

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) başqanı Mustafa Rifat Hisarcıklıoğlunu qəbul edib.

Bu haqda xəbəri bayraqdar.info-ya oktyabrın 29-da Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.

Xəbərdə deyilir ki, tərəflər iqtisadi və ticari məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Qırğızıstan üçün sadəcə strateji tərəfdaş deyil, həm də qardaş ölkədir. O, 30 il öncə əsası qoyulmuş münasibətlərin davam etdiriləcəyini də sözlərinə əlavə edib.

S.Caparov həm də deyib ki, iki ölkə arasındakı siyasi, ticari və iqtisadi münasibətlərin yeni mərhələyə yüksələcəyinə ümid edir.

Görüş zamanı S.Caparov əlavə edib ki, noyabrda İstanbulda keçiriləcək Türk Keneşi Zirvə görüşündə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüşü də nəzərdə tutulur.

TOBB başqanı da öz növbəsində Qırğızıstan Prezidentinə Türkiyə Cümhurbaşqanının salamlarını çatdırıb. Eyni zamanda müstəqilliyin 30 illiyi münasibətilə Qırğızıstanı təbrik edib.

M.R.Hisarcıklıoğlu türk yatırımçıların Qırğızıstana yüksək marağını da sözlərinə əlavə edib.

Mission News Theme by Compete Themes.