Press "Enter" to skip to content

Sedat Serdaroğlu: Biz keçmişdə baş verənləri tez unuduruq

Sedat Serdaroğlu

Son yeniləmə: 21 Dekabr 2021 16:01

Xocalı soyqırmını da əsas götürməklə türklərə qarşı törədilən bütün soyqırımları haqqında gənclərimizin bilgiləndirilməsinə çalışırıq

Bayraqdar.info – Qardaş Türkiyənin hər yerində olduğu kimi Denizli şəhərində də Azərbaycanı çox sevirlər. Artıq 10 ilə yaxın müddətdir ki, burada Azərbaycanın tanıdılması, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində önəmli işlər görülür. Lakin başqa şəhərlərdən fərqli olaraq burada həmin işləri şəhər bələdiyyəsi, ölkəmizin dostları olan ziyalılar, o cümlədən məktəblilər, son üç il ərzində isə həm də bəzi fəal azərbaycanlı tələbələr həyata keçirirlər. Səbəb isə bu günə qədər Denizlidə hər hansı bir diaspor təşkilatımızın, yaxud ortaq birlik, cəmiyyətin olmamasıdır. Ümid edirik ki, heç olmasa yeni ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu istiqamətdə olumlu bir addım atılacaq.

Gənclər və məktəblilər bu faciə haqqında ətraflı məlumatlandırlmalıdır

Hələlik isə qayıdaq o məsələyə ki, Azərbaycanla, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği işində Denizlidə məktəblilər də mühüm rol oynayır. Bu işdə Denizlidə yerləşən Türk Eğitim Vəqfi Anadolu Liseyinin tarix müəllimi Sedat Serdaroğlunun rolunu xüsusi vurğulamaq lazımdır.

Məlumat üçün bildirək ki, S.Serdaroğlu Xocalı soyqırımı haqqında həqiqətləri böyüməkdə olan nəsillərə çatdırmaq üçün uzun illər Türkiyənin bır sıra şəhərlərində fəaliyyət göstərib. Eyni zamanda onun təşəbbüsü və rəhbərliyi ilə Denizlidəki Türk Eğitim Vəqfi Anadolu Liseyinin müəllim və şagirdlərindən ibarət “Xocalı çalışma qupu” adlı dərnək yaradılıb.

Bayraqdar.info-nun “Xocalı Çalışma Qrupu”nun yaranması və fəaliyyəti, həmçinin digər məsələlərlə bağlı suallarına S.Serdaroğlunun cavablarına keçməzdən öncə onu da vurğulayaq ki, onun Xocalı soyqırımından da bəhs edən “Vətənsiz çiçəklər” adlı bir romanı da çap olunub.

Beləliklə, bayraqdar.info-nun bu qrupun yaranma səbəbinə dair sualını cavablandıran S.Serdaroğlu öncə deyib ki, uzun illər Türkiyənin müxtəlif şəhərlərində Xocalı soyqırımı haqqında tədbirlərdə, konfranslarda olub: “Həmin tədbirlərdə ünsüyyətdə olduğum insanlarla söhbət, həmçinin apardığım müşahidələr nəticəsində bu qənaətə gəldim ki, xüsusilə gənclər, məktəblilər bu faciə haqqında ətraflı şəkildə məlumatlandırlmalıdır. Məhz bundan yola çıxaraq Denizlidə fasiləsiz olaraq bır sıra liseylərdə konfranslar təşkil etdik”.

Müsahibimizin sözlərinə görə, ikin müşahidələr əsasında Türkiyənin bir çox yerlərində olduğu kimi Denizli gənclərinin də Xocalı soyqırımı barədə kifayət qədər məlumatının olmadığı bəlli olub: “Buna görə də düşündüm ki, gənclərə, məktəbli və tələbələrə bir məlumatın daha effektiv şəkildə çatdırlması üçün məhz məktəblilərin özləri önə çıxmalıdır. Yəni baş verənləri bilmək və tanıtmaq üçün fəaliyyətimizi liseyimizin şagirdlərindən ibarət “Xocalı Çalışma Qrupu” dərnəyini yaratmaqla başladıq”.

S.Serdaroğlu bildirib ki, ermənilər bu günə qədər istər Azərbaycan torpaqlarında, istərsə də Anadolu torpaqlarında türklərə qarşı çoxsaylı soyqırımları törədiblər: “Bu soyqırımların son dönəmdəki ən dəhşətlisi isə məhz Xocalı soyqırımıdır. Bu faciələr həm də ona görə təkrarlanır ki, biz keçmişi unuduruq. Halbuki biz bunları unutmamalı və gələck nəsilləri də məlumatlandırmalıyıq. Yəni çalışmalıyıq ki, gənclərimiz keçmişdə və bu gün düşmənlərimizin bizə yaşatdıqlarını, dostun kim, düşmənin kim olduğunu yaxşı bilsinlər. Buna görə də biz Xocalı soyqırmını da əsas götürməklə türklərə qarşı törədilən bütün soyqırımları haqqında gənclərimizin bilgiləndirilməsinə çalışırıq”.

Biz türklər düşmənlərimizi yaxşı tanımalıyıq

“Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda vəziyyət dəyişib. Bununla belə ermənilərlə informasiya savaşımız davam edir. Bu kontekstdə ““Xocalı Çalışma Qrupu” olaraq gələcək fəaliyyətinizdə nələrə üstünlük verməyi planlaşdırırsınız” sualına müsahibimiz aşağıdakı cavabı verib: “Bu gün bu cinayəti törədənlər hələ beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməyiblər. Biz sadəcə ötən il 44 günlük Vətən savaşındakı son zəfərlə işğal altındakı torpaqları azad etdik. Amma Xocalı soyqırmının bütün günahkarları cəzalandırılana, ermənilər buna görə üzr istəyəcəkləri günə və Türkiyədəki gənc nəsillər də bu faciə haqqında tam bilgi əldə edənə qədər biz fəaliyyətimizi davam etdirəcəyik. Təbii ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə gedən yol barədə hər kəsi davamlı olaraq məlumatlandırmağımız lazımdır ki, bu istiqamətdə də işlərimiz davam edəcək. Bundan sonra həyata keçirəcəyimiz fəaliyyətlərdə Birinci Qarabağ Savaşında niyə məğlub olduğumuzu anlatdığımız kimi, İkinci Qarabağ Savaşında da uğurlarımızın nədən qaynaqlandığını gənclərə öyrətməliyik. Amma dediyim kimi Xocalı çalışmalarımız da davam edəcək. Bir daha təkrar edirəm, biz türklər düşmənlərimizi yaxşı tanımalıyıq ki, gələcəkdə təkrar faciələrə tuş gəlməyək”.

Denizlidə diaspor təşkilatınn olması vacibdir

Denizlidə Azərbaycanın diaspor təşkilatının olmamasını nəzərə alaraq heç olmasa yaxın gələcəkdə dostluq qrupunun yaradımaısnın mümkünlüyünə dair suala gəlincə S.Serdaroğlu, “öncə onu deyim ki, türk olub da Azərbaycanı sevməmək, Azərbaycanın sevinci ilə sevinib, kədəri ilə kədərlənməmək mümkün deyil. Bu baxımdan biz hər zaman Azərbaycanın yanındayıq. Diaspor təşkilatı olsa da, olmasa da biz qardaşlarımızla birlikdəyik. Amma təbii ki, hər hansı bir diaspor təşkilatının olması ümumi işin xeyrinə ola bilərdı. Dostluq cəmiyyətinə gəlincə, məncə bizim münasibətlərimiz dostluqdan daha dərinə gedib. Yəni dostluq deyil, qardaşlıq cəmiyyətinin, birliyinin qurulması çox gözəl olardı. Təbii ki, belə bir diaspor fəaliyyəti, buradakı Azərbaycan türklərini və Azərbaycan dostlarını bir araya gətirə biləcək bir təşkilat daha koordinasiyalı hərəkət edilməsi baxımından çox yararlı ola bilər”, – deyə bildirib.

Mission News Theme by Compete Themes.