Son yeniləmə: 1 Fevral 2022 14:09
Bayraqdar.info – Uzun müddət fəaliyyətini dayandırmış “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirilib.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir: “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tam gücü ilə fəaliyyət göstərməyən və ya ümumiyyətlə fəaliyyətini dayandırmış dövlət müəssisələrinin iqtisadi dövriyyəyə qaytarılması və inkişafı istiqamətində işləri davam etdirir. Belə ki, uzun müddət fəaliyyətini dayandırmış “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib”.
Qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 dekabr 2021-ci il tarixində Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən “Sumqayıt Tikinti Xidmət” ASC-nin nizamnamə kapitalının 99,91 faizini təşkil edən 129 min 799 səhminin satışı üzrə investisiya müsabiqəsi elan olunub. 12 yanvar 2022-ci il tarixində müsabiqə komissiyasının iclası keçirilib və müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra, komissiya tərəfindən açıq səsvermə yolu ilə “EVSAN” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqənin qalibi ilə 26 yanvar 2022-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, investor dövlət büdcəsinə 1 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 1 milyin 510 min manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
O da bildirilib ki, İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır. Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikasının, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur.
“İnvestor tərəfindən İnvestisiya Proqramının bir il ərzində icrası, 30-dan az olmamaqla, yeni iş yerlərinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti tikinti məmulatlarının istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə töhfə verəcək”, – deyə sonda vurğulanır.