Press "Enter" to skip to content

Bakıda “Caspian Agro 2022” sərgisi keçiriləcək

Caspian-aqro

Son yeniləmə: 9 Fevral 2022 18:04

Bayraqdar.info – Mayın 18-20-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” sərgisi keçiriləcək.

Bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumatda bildirilir ki, sərgidə Azərbaycan, ABŞ, Gürcüstan, Hollandiya, İspaniya, İsrail, İtaliya, Rusiya, Türkiyə və Ukraynadan olan şirkətlər iştirak edəcək.

“Kənd təsərrüfatının müxtəlif sahələrində innovasiyalar həmişə sərginin tərkib hissəsi olub və bu il də istisna deyil. “Caspian Agro 2022” yüksək texnologiyalara fokuslanaraq “Ağıllı Kənd”, “Əşyaların İnterneti”, “Süni İntellekt”, “IT xidmətləri”, “Pilotsuz uçuş aparatları (Dronlar)”, eləcə də “Robot kompleksləri” kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Üç gün davam edəcək sərgi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq və sahibkarlar ilə sərgi iştirakçıları arasında işgüzar görüşlər keçiriləcək.

““Smart Agro” bölməsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq. “Smart Agro” kənd təsərrüfatının gələcəyidir və “Caspian Agro 2022” sərgisi məhz bunu nümayiş etdirəcək.

““Caspian Agro 2022” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgi, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

“Sərginin sponsorları arasında “Gubre.az” və “Silo Construction” yer alır. Sərginin təşkilatçıları “Caspian Event Organisers (CEO)” və xarici tərəfdaşlarıdır”, – deyə xəbərdə bildirilir.

Nazirlikdən bildirilir ki, “Smart Agro” sektorunda iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994 12 4041043.

Mission News Theme by Compete Themes.