Press "Enter" to skip to content

“Ziraat Bank Azərbaycan”ın sayca 7-ci filialı

Bayraqdar.info – Türkiyə Cümhuriyyətinin “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” ASC filial şəbəkəsini genişləndirməyə davam edir. Bu silsilədən növbəti, sayca 7-ci olan “Səməd Vurğun” filialı isə fevralın 10-da açıldı.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Mustafa Kemal Beyazbayram, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Selçuk Demir, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycandakı türk şirkətlərinin nümayəndələri iştirak edirdi.Mərasimi giriş sözü ilə açan S.Demir 158 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” ASC-nin filial şəbəkəsinin genişləndirilməsində əsas məqsədin ölkənin real sektoruna hərtərəfli dəstək olmaqla, artan müştəri bazasına daha da keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsi olduğunu bildirdi.

Açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında isə S.Demir “Ziraat Bank Azərbaycan”ın 2014-cü ildən fəaliyyət göstərdiyini dedi. O, gələcəkdə Naxçıvan Muxtar Respublikası başda olmaqla daha bir neçə filial açacaqlarını qeyd etdi.

İşğaldan azad edilmiş torpaqlarda filialların açılması perspektivinə gəlincə S.Demir bu addımın həmin bölgələrin inkişaf vəziyyətinə uyğun olaraq atılacağına işarə etdi.

O, eyni zamanda məqsədlərinin Azərbaycanda çox yaxşı işlər görmək olduğunu bəyan etdi.

Mərasimdə çıxış edən səfir C.Bağcı Türkiyənin ən köklü bankının Bakıda yeni filialının açılmasının önəminə toxundu. Səfir “Ziraat Bank Azərbaycan”ın tezliklə Azərbaycanın digər şəhər və rayonlarında da açılmasının arzuolunan olduğunu dedi.

Səfir bildirdi ki, “Ziraat Bank Azərbaycan” həm kommersiya kreditləri, həm də fərdi fəaliyyətləri ilə Türkiyənin ən məşhur, qürurlu və güclü bankıdır: “Bu baxımdan Bakıda bu filialın açılması bizim üçün böyük qürur mənbəyidir”.Məlumat üçün bildirək ki, şəhərin mərkəzində – Səməd Vurğun küç., 53 (World Business Center-in 1-ci mərtəbəsi) ünvanında yerləşən “Səməd Vurğun” filialı müasirliyi və funksionallığı ilə yanaşı, digər filiallar kimi bankın “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq xidmət göstərəcək. İstər hüquqi, istərsə də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri göstərəcək filial həftəiçi hər gün saat 09:00-dan 17:00-dək müştərilərin xidmətində olacaq.

 

 

Mission News Theme by Compete Themes.