Press "Enter" to skip to content

Mənzil bazarında qiymətlərin 10 faiz artacağı gözlənilir

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı

Son yeniləmə: 24 Fevral 2022 16:56

Bayraqdar.info – Son illərdə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur. İstər mənzil, istər torpaq və qeyri-yaşayış sahələrində baş verən qiymət artımını şərtləndirən səbəblər müxtəlifdir.

Həmsöhbətimiz Əmlak Ekspert Mərkəzinin direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı mənzil bazarındakı vəziyyətlə bağlı bayraqdar.info-nun suallarına cavab verib.

-Ramil müəllim, Azərbaycanda hazırda daşınmaz əmlak bazarındakı durumu necə qiymətləndirirsiniz?

-Hazırda daşınmaz əmlak bazarında dinamikanın artımı var və bununla əlaqədar olaraq son dövrlərdə xüsusən mənzil bazarında kəskin qiymət artımı müşahidə olunur. Fevral ayı başa çatmadığı üçün indidən dəqiq rəqəmlər söyləmək mümkün deyil. Amma mən hesab edirəm ki, fevral ayı üzrə qeydə alınan mənzil bazarı qiymətləri son 10 ilin aylıq qiymət artımı üzrə rekord göstərici hesab ediləcək. Çünki bir aylıq qiymət artımının 10 faizi ötəcəyi şübhəsizdir. Düzdür, bu, hələ ehtimaldır, amma əlimizdə olan müəyyən rəqəmlərə istinadla bunu söyləyirəm. Kəskin qiymət artımının baş verməsinin bir çox səbəbləri var. Əsas səbəblərdən biri son dövrlərdə ipoteka kreditlərinin artımı və eyni zamanda daşınmaz bazarı üzrə bir sıra istiqamətlərdə təsir göstərən səbəblərdir.

Məsələn, xüsusilə ötən ilin ortalarından başlayaraq tikinti materiallarının, işçi qüvvəsinin, işçi haqlarının qiyməti artıb. Bu proses bu gün davam edir və hesab edirəm ki, qiymət artımı 2022-ci ilin müəyyən dövrlərində də davam edəcək. Azərbaycanda tikinti materiallarına kəskin tələbat var. Xüsusilə bu tələbata işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq, bərpa işlərini əsas səbəb kimi göstərmək olar. Hesab edirəm ki, proses bu il də davam edəcək və nəticə etibarilə tikintidə maya dəyərinin artımına gətirib çıxardığı üçün qiymətlərdə də davamlı olaraq artımlar müşahidə olunur. Burada bir faktoru da xüsusilə qeyd etmək istərdim ki, bir sıra inzibati qərarların da bu prosesə təsiri var. Bütövlükdə qeyd etdiyim məsələlərin üst-üstə düşməsi daşınmaz əmlak, əsasən də mənzil bazarında qiymətlərin sürətli artım dinamikasını şərtləndirir.

Hesab edirəm ki, qiymət artımı fevral ayı üçün 10 faizdən artıq olacaq. Bir aylıq göstərici üçün bu, kifayət qədər böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, hazırda mənzil bazarı üçün o qədər də xarakterik olmayan bir qiymət artımını müşahidə edirik. Adətən bu proses mart ayının əvvəllərindən müşahidə edilirdi, bu il bir qədər tez başlayıb.

-Torpaq və qeyri-yaşayış sahələrindəki vəziyyətlə bağlı nə deyə bilərsiniz?

-Digər seqmentlərə gəlincə, torpaq bazarında da qiymət artımları müşahidə edilir. Torpaq bazarındakı qiymət artımı mənzil bazarındakı kimi kəskin deyil, amma hər bir halda var. Qeyri-yaşayış ticarət və xidmət obyektlərinin dəyərində artımlar müşahidə olunur. Düzdür, bu istiqamətdə tələbin kəskin artımı olmasa da qiymətlərdə artım müşahidə olunur.

Hesab eidrəm ki, daşınmaz əmlak bazarı üzrə qiymət artımında bəzi makroiqtisadi təsirlər də rol oynayır. Məsələn, son dövrlərdə dünya bazarında neftin qiymətinin kəskin artımı manat üzərindəki neqativ təsirləri aradan qaldırıb. Adətən hər ilin sonunda növbəti ilin əvvəli manatın xarici valyuta qarşısında dəyərdən düşməsi ilə bağlı müəyyən proqnozlar, dezinformasiyalar bazara ötürülən spekulyativ məlumatlar olur ki, bu da bazara ciddi şəkildə mənfi təsir göstərir.

Amma bu il neftin qiymətindəki kəskin artımlar, Azərbaycan neftinin bəzi hallarda 100 dolları ötməsi bu neqativ təsirləri yaxın müddət üçün aradan qaldırmış olur. Təbii ki, bu, bazara pul axınını artırır, müraciətləri çoxaldır. Nəticədə müraciətlərin sayının çoxalması və pul axını artımı tələbi qiymət artımına gətirib çıxarır. Qiymət artımlarının səbəblərindən biri tikinti şərtləri ilə bağlıdır. Tikinti şərtlərinin nisbətən radikallaşması da tikintidə qiymət və maya dəyərinin artımına təsir göstərən amillərdəndir.

Mission News Theme by Compete Themes.