Press "Enter" to skip to content

Media forumlarının digər türk dövlətlərini də əhatə etməsi lazım

Hasan Öztürk və Nadir Azəri

Son yeniləmə: 22 İyun 2022 18:23

Hasan Öztürk: İgid Azərbaycan əsgərləri səngərdə, iki qardaş ölkənin media təmsilçiləri isə informasiya cəbhəsində inanılmaz qəhrəmanlıq göstərdilər

Bayraqdar.info – “2022-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi türk dünyasında böyük qürur yaratdı. Bu müharibə zamanı dünya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bir daha gördü. Vətən müharibəsi eyni zamanda Azərbaycan və Türkiyənin media təmsilçilərinin qardaşlığının da dünyaya nümayiş etdirilməsinə səbəb oldu”.

Bunu bayraqdar.info-ya qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke TV”nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib. Məlumat üçün bildirək ki, iyunun 17-də Bakıda keçirilən “Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu”nda iştirak edən H.Öztürk bayraqdar.info-ya qısa bir müsahibə verib.

Müsahibəsində öncə Azərbaycanın tarixi Zəfər əldə etdiyi Vətən müharibəsinin nəticələrinə toxunan H.Öztürk deyib ki, savaşın ilk saatlarından son gününə qədər Azərbaycan və Türkiyənin media təmsilçiləri birlikdə, çiyin-çiyinə fəaliyyət göstərdilər: “Əslində onlar da savaşdılar. İgid Azərbaycan əsgərləri səngərdə, iki qardaş ölkənin media təmsilçiləri isə informasiya cəbhəsində inanılmaz qəhrəmanlıq göstərdilər. Bu müharibə barədə həqiqətləri dünya birliyinə çatdırdılar. Bir sözlə, bu sınaqdan da üzüağ çıxdıq”.

Müsahibimiz qeyd edib ki, həmin günlər iki qardaş ölkənin media təmsilçilərinin işi keyfiyyətli qurmasının nəticəsi tezliklə öz bəhrəsini verdi: “Tezliklə bütün dünyanın nəzərləri Azərbaycana yönəldi. Həmçinin dünya ictimaiyyəti müharibə haqqında məlumatları CNN Internationaldan, Reuters-dən deyil, Anadolu Ajansından, AZƏRTAC-dan, AzTV-dən, bir sözlə Türkiyə və Azərbaycan mediasından aldı. Bu da iki qardaş ölkənin mediasının da səmərəli fəaliyyətinin nəticəsi idi”.

H.Öztürk Vətən savaşındakı tarixi qələbənin türk dünyasında inteqrasiyanın daha da dərinləşməsinə də təkan verdiyini deyib: “SSRİ dağılandan sonra türk respublikaları da müstəqil oldu və bu respublikalar arasında, o cümlədən bu respublikalarla Türkiyə arasında inteqrasiya üçün imkanlar açıldı. Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərindən sonra isə türk dünyasında inteqrasiyanın yeni mərhələsi başlandı. Təbii ki, bu işdə də iki qardaş ölkənin mediasının rolu danılmazdır. Belə ki, müharibə günlərində Türkiyə və Azərbaycan mediasının birlikdə hərəkət etməsi türk dünyasını da hərəkətə gətirdi”.

Müsahibəsində türk dünyasında media sahəsində ortaq addımların atılması, ortaq platformaların yaradılması məsələsinə də toxunan H.Öztürk deyib ki, bu sahədə dövlət qurumları tərəfindən davamlı işlər görülür: “Türkiyənin bununla bağlı təşəbbüsləri var. İletişim Başqanlığımız bunu həm türk dünyası, həm də İslam dünyası üçün edir. Eyni zamanda Afrika, Balkan açılımı da var. Məsələn, bu günlərdə TRT Balkan fəaliyyətə başladı. Bütün bu işlərdə də Azərbaycan-Türkiyə ortaq media fəaliyyətləri nümunə göstərilir. Bu işlər təqdiredicidir”.

Müsahibimiz bu sahədə türk dövlətlərində özəl media qurumları, həmçinin QHT-lərin də fəallıq göstərməsinin vacib olduğunu əlavə edib: “Bəlli olduğu kimi, türk dövlətlərində rəsmi media ilə yanaşı özəl media formalaşıb. Biz Türkiyə və Azərbaycanın özəl mediası olaraq bu işdə könüllü şəkildə fəaliyyət göstəririk. Amma düşünürəm ki, digər türk dövlətlərində də özəl media fəallıq göstərməlidir. O cümlədən QHT sektoru da bu işdə fəal olmalıdır. Ümumiyyətlə isə bu əməkdaşlığın daha da dərinləşəcəyini, Türkiyə-Azərbaycan mərkəzli media forumlarının tezliklə digər türk dövlətlərini də əhatə edəcəyini düşünürəm”.

Mission News Theme by Compete Themes.