Press "Enter" to skip to content

Altı aylıq məhsuldar fəaliyyətin hesabatı

MÜSİAD- Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli

Son yeniləmə: 1 İyul 2022 20:47

Rəşad Cabirli: MÜSİAD Azərbaycan hazırda müxtəlif sahələrdən olan 60 üzvü ilə 4 min nəfərə iş imkanı verir

Bayraqdar.info – Bundan öncəki vaxtlarda olduğu kimi 2022-ci ilin 6 ayı ərzində də fəaliyyətimiz məhsuldar olub. Bu barədə MÜSİAD Azərbaycanın 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən görüşdə bildirilib.

Dünya üzrə 2 milyon nəfərin məşğulluğunu təmin edən qurum

Qeyd edək ki, iyulun 1-də media təmsilçiləri ilə qurumun ofisində keçirilən görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli 2022-ci ilin 6 ayına dair hesabat təqdim edib. MÜSİAD Azərbaycanın Baş katibi Mühterem Öz və İdarə Heyətinin üzvü Hüseyin Yaparın da iştirak etdiyi görüşdə R.Cabirli öncə ümumilikdə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) barədə qısa məlumat verib: “MÜSİAD üzvlərinin problemlərini, fikir və təkliflərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, “ictimai fayda dərnəyi” statusuna sahib olan güclü qeyri-hökumət təşkilatıdır. MÜSİAD olaraq 1990-cı ildən bu yana dünya üzrə 12 mindən çox üzvlə təxminən 2 milyon nəfərin məşğulluğunu təmin edirik. Türkiyədə 83, xaricdə isə 81 fərqli ölkədə cəmi 165 məntəqəmiz var”.

Görüş zamanı
Görüş zamanı

R.Cabirli daha sonra MÜSİAD Azərbaycanın məqsədlərindən bəhs edib: “MÜSİAD Azərbaycan 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb və hazırda müxtəlif sahələrdən olan 60 üzvü ilə 4 min nəfərə iş imkanı verir. Üzvlərdən 35-i Azərbaycan vətəndaşlarıdır. Milli və beynəlxalq səviyyədə müstəqil və neytral hərəkət edən iş adamları dərnəyi olaraq əvvəlcədən müəyyən etdiyimiz prinsip və dəyərləri paylaşaraq üzvlərimizin sayını artırmaq, üzvlərimiz arasındakı həmrəyliyi inkişaf etdirmək və öz aramızda təmin etdiyimiz bu birlik və bərabərlik ruhuyla ölkələrimizin maddi və mənəvi baxımından inkişaf etməsində iştirak etmək, həmçinin, Azərbaycan və Türkiyə iş dünyasının prinsipial və dəyər əsaslı sahibkar iş adamlarını adil dünya qayəsi ilə, yenilikçi bir şəraitdə görüşdürmək, qardaşlıq şüurunu ortaqlıq mədəniyyətiylə birləşdirərək qlobal iqtisadiyyatın fəal iştirakçılarından olmaq prioritet məqsədlərdəndir”.

Hesabat dövründə ümumilikdə 195 tədbir keçirilib

Çıxışında 6 aylıq fəaliyyət barədə məlumat verən R.Cabirli vurğulayıb ki, pandemiya qaydalarına baxmayaraq, 6 ay da məhsuldar olub: “Belə ki, IBF (İnternational Business Forum)-MÜSİAD-KOBİA-nın təşkilatçılığı ilə Bakıda 33 müxtəlif ölkədən 575 və ümumilikdə 1 min 83 iş adamının iştirakı ilə 25-ci IBF Konqresi keçirilib”.

Mühterem Öz (solda) Rəşad Cabirli və Hüseyin Yapar (sağda)
Mühterem Öz (solda) Rəşad Cabirli və Hüseyin Yapar (sağda)

Hesabat dövründə ümumilikdə 195 tədbirin keçirildiyini bildirən R.Cabirli, həmçinin MÜSİAD Azərbaycan İstehsalat və Ticarət Komitəsinin təşkil etdiyi ənənəvi görüşlərdən, xarici səfərlərdən, MOU sazişlərindən,  Assosiasiyalarla keçirilən görüşlərdən, seminar və təlimlərdən danışıb: “MÜSİAD Azərbaycan İstehsalat və Ticarət Komitəsinin təşkil etdiyi ənənəvi “MÜSİAD Azərbaycan İş Adamları Görüşü” MÜSİAD Azərbaycan üzvləri, rəsmi qurumların nümayəndələri, iş adamları və Kocaeli Körfez Ticarət Palatasının nümayəndə heyətinin iştirakı ilə 150-yə yaxın iş adamını bir araya gətirib”.

MÜSİAD Azərbaycan sosial proqramlarda da fəal iştirak edir

“Gənc MÜSİAD Azərbaycan Trobot AZ komandamız Teknofest Azərbaycanın finalına yüksəldi. Şuşada keçirilən VII “Qarabağ” Beynəlxalq Sosial Elmlər Konqresinin sponsoru olduq və iştirak etdik. MÜSİAD-ın bütün şöbələrinə, Türkiyədə və filiallarının olduğu ölkələrdə rəsmi qurumlara, kommersiya qurumlarına, iş adamları dərnəklərinə və mediaya paylanan “Çərçivə” jurnalında Azərbaycanda investisiya sahələri, imkanlar, dəstək və təşviqləri əhatə edən “Yüksələn Dəyər Azərbaycan” başlığı ilə xəbər hazırladıq”, – deyə R.Cabirli əlavə edib.

Media təmsilçilərinin sualları cavablandırılıb, təklif və rəyləri dinlənilib
Media təmsilçilərinin sualları cavablandırılıb, təklif və rəyləri dinlənilib

Qeyd edilib ki, MÜSİAD Azərbaycan sosial proqramlarda da fəal iştirak edir: “2022-ci ildə iftar proqramını Bakıdan kənar 4 fərqli şəhərdə keçirdik. İftar proqramlarını şəhid ailələri, qazilər və onların ailələri, səfirimiz, baş konsulumuz, müşavirlərimiz, deputatlarımız, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı qurumlarının təmsilçiləri, icra başçıları və nümayəndələri, idarə heyəti üzvlərimiz və üzvlərimizin iştirakı ilə reallaşdırdıq. İsmayıllı, Saatlı, Bərdə və Ağdamda iftar süfrələrimizə iki min yüzə yaxın qonaq qatıldı”.

“Beynəlxalq MÜSİAD Expo” noyabrda İstanbulda olacaq

R.Cabirli sonda onu da bildirib ki, hər 2 ildən bir təşkil edilən və dünyanın bir çox ölkəsindən iştirakçıların ziyarət etdiyi “Beynəlxalq MÜSİAD Expo” bu ilin noyabın 2-5-də İstanbulda TÜYAP sərgi mərkəzində keçiriləcək: “2020-ci ildə olduğu kimi, KOBİA Azərbaycan stendi ilə iştirak edəcək və Azərbaycanda fəaliyyət göstərən sahibkarlara tanıtım etmək imkanı veriləcək”.

İşğaldan azad edilmiş ərazilərdə investsiya imkanları öyrənilir

Daha sonra media təmsilçilərinin sualları cavablandırılıb, təklif və rəyləri dinlənilib. Bayraqdar.info-nun  “MÜSİAD Azərbaycan olaraq işğaldan azad edilmiş Azərbaycan ərazilərində tikinti-quruculuq işlərində hansı formada iştirak edirsiniz” sualını cavablandıran R.Cabirli deyib: “Hazırda işğaldan azad edilmiş ərazilərdə MÜSİAD Azərbaycanın üzv olan şirkətlər də çalışır. Eyni zamanda orada gələcəkdə qoyulacaq investisiyalarla bağlı planlar var.

Rəşad Cabirli bayraqdar.info-nun sualını cavablandırarkən
Rəşad Cabirli bayraqdar.info-nun sualını cavablandırarkən

Bildiyiniz kimi investisiya qısa müddətli məsələ deyil. Bunun üçün müəyyən hesablamalar aparılmalıdır. Buna görə də hərtərəfli araşdırmaların aparılması vacibdir. Eyni zamanda onu deyim ki, biz Türkiyədən olan şirkətlərin işğaldan azad edilmiş ərazilərdə iş görmək müraciətlərini qəbul edir və müsbət dəyərləndirilməsi üçün müvafiq addımlar atırıq. Məsələn, MÜSİAD Kahramanmaraş şöbəmiz işğaldan azad edilmiş ərazilərdə aqrar sahədə investisiya qoymaq üçün 2 min hektarlıq ərazinin ayrılmasını arzu edirlər. Biz də bu arzunu aidiyyəti üzrə müvafiq qurumlara yönəltmişik”.

Mission News Theme by Compete Themes.