Press "Enter" to skip to content

Düşmənə qarşı mübarizədə ön sırada olmalıyıq

Ayhan Demirçi

Ayhan Demirçi: Əminəm ki, Azərbaycan diasporu bu dəfə də sınaqdan üzüağ çıxacaq

BAYRAQDAR MEDİA – Bu gün dünyanın müxtəlif yerlərində diaspor təşkilatları fəaliyyət göstərir. Onlar arasında öz çevik fəaliyyəti ilə fərqlənən təşkilatlardan biri də Belçika-Azərbaycan Dostluq Cəmiyyətidir. Bu Cəmiyyət istər Vətən müharibəsindən əvvəl, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərini dünyaya, xüsusilə də Belçika ictimaiyyətinə çatdırmaq üçün əzmlə çalışır. Elə Cəmiyyətin başqanı Ayhan Demirçi ilə söhbətimizdə də bu məqamlarla bağlı suallara cavab almağa çalışdıq.

Belçikada Azərbaycan həqiqətlərinin təbliği məqsədilə keçirilən tədbirlərdən biri
Belçikada Azərbaycan həqiqətlərinin təbliği məqsədilə keçirilən tədbirlərdən biri

Öncə onu deyək ki, 1960-cı ildə Türkiyənin İğdır şəhərində dünyaya gələn A.Demirçinin ata-babaları Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindən, Dəmirçilər kəndindən Türkiyəyə köçüb. O, 1980-ci ildən Belçikada yaşayır. Belçikada Azərbaycan üçün əlindən gələni əsirgəməyən Ayhan bəy soydaşları ilə müxtəlif təşkilatlar yaradıb və 1982-2001-ci illərdə onlarla birlikdə fəaliyyət göstərib. 2001-ci ildə Azərbaycan-Belçika Dostluq Cəmiyyətini təsis edib və hazırda bu quruma sədrlik etməkdədir.

Azərbaycan haqqında həqiqətləri Belçikada hər zaman dilə gətirmişik

Bizimlə söhbətində o, qeyd etdi ki, Cəmiyyət 2000-2001-ci illərdə qurulub: “Amma biz bundan öncə də Azərbaycanla, Türkiyə ilə bağlı fəaliyyətlər göstərmişik. Bura müxtəlif bayram tədbirlərinin keçrilməsi və.s. daxildir. Bundan başqa, təbii ki, Azərbaycan haqqında həqiqətləri Belçikada hər zaman dilə gətirmişik. Məsələn, 1990-cı ilin 20 yanvar faciəsindən, Xocalı soyqırımından və digər bu kimi hadisələrdən sonra mitinqlər keçirib Azərbaycanın haqq səsini gücümüz çatdığı qədər buraların rəsmi təşkilatlarına, dövlət qurumlarına çatdırmağa çalışmışıq. Bu işi bu gün də davam etdiririk”.

Belçikada Qarabağ atı

Bu məqamda vacib bir haşiyə çıxmaq istərdik. Məsələ burasındadır ki, A.Demirçi Qarabağ həqiqətlərinin dünyada, o cümlədən Belçikada təbliği üçün maraqlı bir layihənin gerçəkləşməsinə də vasitəçi olub. Məhz onun uzun sürən fəaliyyəti və gərgin əməyi sayəsində 2017-ci ildə Belçikada, Ham bələdiyyəsinin önündə Qarabağ atına abidə qoyulub.

Diaspor təmsilçiləri Qarabağ atı abidəsi önündə
Diaspor təmsilçiləri Qarabağ atı abidəsi önündə

Bildirdiyimiz kimi, abidə A.Demirçinin yerli bələdiyyə ilə uzun sürən danışıqlarının, gərgin işinin nəticəsində qoyulub. Beləliklə, hələ Qarabağ torpaqları işğal altında olanda bu abidə önünə gələn belçikalılar Qarabağ atı haqqında məlumat əldə etmək istəyirdilər. Bu da öz növbəsində sonda onların Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məlumatlandırılması ilə nəticələnirdi. Yəni abidə ilə maraqlanan hər bir belçikalı Qarabağ atının vətəninin işğal altında olduğunu öyrənmiş olurdu.

Tarixi qələbə Belçikada yaşayan azərbaycanlıları da qürurlandırıb

A.Demirçi bildirdi ki, Vətən müharibəsindəki tarixi qələbə Belçikada yaşayan azərbaycanlıları da qürurlandırıb: “Vətən müharibəsindəki qələbə əlbəttə ki, bizi çox şad etdi. Fəxr edirik ki, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu işdə əməyi keçən hər kəsi hörmət və sevgi ilə anırıq. Bilirsiniz ki, Vətən müharibəsi ərəfəsində dünya dövlətlərinin bir çoxunda Azərbaycana münasibət birmənalı deyildi. Həmin vaxt biz də əlimizdən gəldiyi qədər yerli mətbuata, dövlət qurumlarına Azərbaycanın haqlı olmasını bildirir, bununla bağlı davamlı addımlar atırdıq. Amma müharibə dayanmış olsa da informasiya müharibəsi bu gün də davam etməkdədir. Ona görə də biz fəaliyyətimizi eyni əzmlə davam etdirməkdəyik”.

Birgə addımlamağımız daha səmərəli fəaliyyət göstərməyimizlə nəticələnə bilər

Belçikadakı Türkiyə və Azərbaycanı təmsil edən diaspor təşkilatları arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edən A.Demirçi, “Burada fəaliyyət göstərən, əməkdaşlığa hazır olan hər bir təşkilatla biz də əməkdaşlığa hazır olmuşuq. Çoxsaylı təşkilatlar var ki, onlarla münasibətlərimiz hər zaman yüksək olub və əməkdaşlıq etmişik. Bu gün isə bu birliyə daha çox ehtiyacımız var. Bizim birgə addımlamağımız daha səmərəli fəaliyyət göstərməyimizlə nəticələnə bilər. Yetər ki, diaspor fəaliyyəti adı altında bəziləri işlərimizə müdaxilə etməsin, təşkilatlar arasında ayrı-seçkilik göstərməsinlər”.

Prezident İlham Əliyev diaspor qarşısına çox mühüm vəzifələr qoyub

Müsahibəsində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə də toxunan Cəmiyyət rəhbəri daha sonra deyib: “Təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə o qurultayda iştirak etmədik. Ona görə də ölkə başçısının orada qaldırdığı məsələləri birbaşa özündən eşitmək imkanımız olmadı. Amma əlbəttə ki, mətbuatdan bu çıxışla bağlı məlumat əldə etdik. Prezident İlham Əliyev diaspor qarşısına çox mühüm vəzifələr qoyub. O vəzifələrin yerinə yetirilməsi üçün var gücümüzlə çalışırıq və bundan sonra da çalışacağıq. Biz çalışırıq ki, yerli dövlət qurumları, təşkilatlarla, Avropa Parlamenti və.s. ilə əlaqələr saxlayaq və haqq səsimizi onlara çatdıraq. Əminəm ki, bu vaxta qədər olduğu kimi, bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik”.

Unutmayaq ki, düşmən yatmayıb, oyaqdır

A.Demirçi sonda istər Belçikada, istərsə də dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara, diaspor təşkilatlarının təmsilçilərinə müraciət edib: “Biz Vətən mühairbəsində tarixi Zəfər əldə etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Aəzrbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızın işğalına son qoydu. Lakin yuxarıda da qeyd etdiyim kimi, informasiya mühairbəsi bu gün də davam edir. Üstəlik, bəlli olduğu kimi, düşmənin sərhəd nöqtələrində təxribatları səngimir.

Ermənistanın işğalçılıq siyasətinə qarşı keçirlən aksiyalardan biri
Ermənistanın işğalçılıq siyasətinə qarşı keçirlən aksiyalardan biri

Son belə təxribat sentyabrın 12-13-də baş verdi. Mən BAYRAQDAR MEDİA-nın yaratdığı bu imkandan istfadə edib bütün şəhidlərə, o cümlədən son təxribat zamanı şəhid olan vətən övladlarına Allahdan rəhmət diləyir, Azərbaycna xalqına başsağlığı verirəm. Eyni zamanda, sözümün əvvəlinə qayıdaraq demək istəyirəm ki, bu gün Azərbaycanın müzəffər ordusu sərhəddə düşmənlə necə əzmlə mübarizə aparırsa, biz diaspor təmsilçiləri də eyni əzmkarlıqla mübarizə aparmalıyıq. Unutmayaq ki, düşmən yatmayıb, oyaqdır və bizə bütün cəbhələrdə zərbə vurmağa çalışır. Ona bu fürsəti verməmək üçün dünya azərbaycanlıları həmişəkindən daha fəal, daha ayıq və daha cəsarətli olmalıdır. Əminəm ki, Azərbaycan diasporu bu dəfə də sınaqdan üzüağ çıxacaq”.

Mission News Theme by Compete Themes.