Press "Enter" to skip to content

Sayca 13-cü Ticarət Evi

Açılış mərasimi zamanı

Son yeniləmə: 31 Oktyabr 2022 17:01

Dohada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən böyük önəmin göstəricisidir

BAYRAQDAR MEDİA – Qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Qətər əlaqələri uğurla inkişaf edir. Dohada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən böyük önəmin, Qətərdə Azərbaycan məhsullarına olan marağın göstəricisidir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərdə Azərbaycan Ticarət Evinin açılışı mıraismində deyib.

İqtisadiyyat Nazirliyindən BAYRAQDAR MEDİA-ya oktyabrən 31-də bildirilib ki, Azərbaycanın xarici ölkələrdə ticarət evlərinin yaradılması müsbət nəticələr verir. Yerli məhsullarımızın ixracı təşviq edilir, “Made in Azerbaijan” brendinin tanıdılması, məhsullarımızın satışının təşkili və əlaqələndirilməsi işi uğurla həyata keçirilir.

Vurğulanıb ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfəri çərçivəsində Azərbaycan Ticarət Evinin açılışında iştirak edib: “Bu, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən sayca 13-cü ticarət evidir. Azərbaycan sahibkarlarının özəl sərmayələri hesabına Doha şəhərində yaradılanAzərbaycan Ticarət Evi yerli məhsullarımızın Qətər bazarında daha çox tanıdılmasına, ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu məhsulların satışını təşkil edəcək, sahibkarlar arasında əlaqələndirməni gücləndirəcəkdir”.

Qeyd edilib ki, Ticarət Evi Dohanın mərkəzində yerləşir: “300 kvadrat metrə yaxın sahəni əhatə edən Ticarət Evində Azərbaycanın 20-dən çox şirkətinin 600-ə yaxın növdə məhsulları – meyvə və tərəvəzlər, quru meyvələr, milli xörəklər,çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, gigiyenik məhsullar və s. nümayiş olunur. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran fəaliyyət göstərir. Ticarət Evinin sərgi salonunda işgüzar görüş zalı da yaradılıb. Bu, sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə xidmət edəcək”.

Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri M.Cabbarov vurğulayıb ki, Ticarət Evinin fəaliyyəti Azərbaycanla Qətər arasında yeni işgüzar təşəbbüslərin və iqtisadi əlaqələrin stimullaşdırılması baxımından faydalı olacaq.

Qətərin “United Development Company” səhmdar şirkətinin prezidenti İbrahim Cassim AlOsman, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Dohada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iqtisadi tərəfdaşlığın inkişafında, işgüzar əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd ediblər. Tədbirdə Qətərin Ticarət və Sənaye, Xarici İşlər nazirliklərinin, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, iş adamları da iştirak ediblər.

Sonda tədbir iştirakçıları Azərbaycan Ticarət Evi ilə tanış olublar.

Mission News Theme by Compete Themes.