Press "Enter" to skip to content

Bu hissləri sözlə ifadə etmək çətindir

Bülent Uğur

Son yeniləmə: 9 Dekabr 2022 16:41

Bülent Uğur: Şuşada, Cıdır düzündə əllərimi göyə qaldırıb şükür duası etdim

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi qardaş Türkiyənin Azərbaycandakı səfirliyində 2005-2010-ci illərdə basın müşaviri işləmiş, hazırda isə “Yeni Gün” qəzetinin yazarı olan Bülent Uğur ötən ay Azərbaycana səfər edib.

Türkiyə-Azərbaycan qardaşlığının daha bir təntənəsi

Səfər çərçivəsində BAYRAQDAR MEDİA-ya özəl müsahibə verən B.Uğur bir sıra maraqlı məqamlara toxunub.

Qalib Azərbaycana səfər etmək çox böyük qürurdur

-Bülent bəy, buradakı vəzifədən ayrıldıqdan sonra bu, Azərbaycana neçənci səfərinizdir?

-İkinci. Birinci dəfə buradan gedəndən təxminən il yarım – iki il sonra gəldim. Səfər zamanı bir iş görüşü etdik. Ondan sonra TMB-nin (Turkish Music Box) rəhbəri oldum. Aradan 10 il keçdi və bu, artıq ikinci səfərimdir.

-Bu dəfə siz qalib Azərbaycana səfər etdiniz. Eyni zamanda Şuşada oldunuz. Bu, sizdə hansı hisslər yaratdı?

-Qalib Azərbaycana səfər etmək olduqca önəmlidir və çox böyük qürurdur. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Zatən 44 günlük müharibənin hər günündə, hətta deyərdim ki, hər saatında bizim də ürəyimiz Azərbaycanla birgə döyündü. Ermənistan Gəncəni, Bərdəni, digər şəhərləri, dinc sakinləri raket atəşinə tutanda Azərbaycanla bərabər kədərləndik. Eyni zamanda Azərbaycan Ordusunun hər bir qələbəsində qardaş Azərbaycan xalqı ilə birlikdə sevindik.

Bülent Uğur deyir ki, mənim üçün işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, Şuşada olmaq xoşbəxt günlərdən biri idi
Bülent Uğur deyir ki, mənim üçün işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, Şuşada olmaq xoşbəxt günlərdən biri idi

Əslində, mən hər zaman deyirəm ki, “biz-siz” kəlməsi yanlışdır. Çünki biz birik, bərabərik. O hisslərlə mən Qarabağı, Şuşanı görmək istəyirdim. Hətta illər öncə bir söz vermişdim. Yaxşı xatirimdədir. Burada basın müşaviri olarkən Mətbuat Şurasının Azərbaycan Milli Mətbuat Günü münasibətilə keçirdiyi tədbirdə o vaxtki sədr Əflatun Amaşov mənə də çıxış üçün söz vermişdi. Mən də çıxışımın sonunda “İnşallah, bir gün Qarabağ da işğaldan azad olunar, Şuşada da bir Milli Mətbuat Günü keçirilər. O gün iki əlim qanlı olsa belə, mütləq gəlib həmin tədbirdə iştirak edərəm” demişdim.

Bülent Uğur: Bu, erməni ilə azərbaycanlının, Ermənistanla Azərbaycanın həyata, insanlığa, dünyaya baxışını da ortaya qoyur. Bir tərəfdən işğalçı, vəhşi, hətta Allahın evini də dağıdan dövlət və xalq, digər tərəfdə quran, yaradan, bütün dinlərə hörmətlə yanaşan, tolerant dövlət və xalq
Bülent Uğur: Bu, erməni ilə azərbaycanlının, Ermənistanla Azərbaycanın həyata, insanlığa, dünyaya baxışını da ortaya qoyur. Bir tərəfdə işğalçı, vəhşi, hətta Allahın evini də dağıdan dövlət və xalq, digər tərəfdə quran, yaradan, bütün dinlərə hörmətlə yanaşan, tolerant dövlət və xalq

Bu, mənim həm özümə, həm də azərbaycanlı qardaşlarıma verdiyim bir söz idi. Allaha çox şükür ki, Qarabağ işğaldan azad olundu. Mən də o torpaqlara, o cümlədən Şuşaya səfər etdim. Şuşada, Cıdır düzündə əllərimi göyə qaldırıb şükür duası etdim. Əminəm ki, növbəti mətbuat günündə Şuşada keçiriləcək tədbirə də dəvət alacağam. Ümumiyyətlə dediyim kimi, bu hissləri, bu sevinci sözlə ifadə etmək çətindir. Belə deyək, insanın həyatında xoşbəxt günləri olur. Məsələn, evlənirsən, həmin gün həyatının xoşbəxt günü olur. Yaxud övladın dünyaya gəlir, yenə də xoşbəxt gün olur. Bax, mənim üçün də işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, Şuşada olmaq həmin o xoşbəxt günlərdən biri idi.

Bir daha türk olduğuma görə fəxr etdim

-Bəs ümumilikdə işğaldan azad edilmiş ərazilərə səfərinizdən hansı təəssüratla ayrıldınız?

-Mən Şuşaya gedərkən yolboyu Ermənistanın 30 il ərzində Azərbaycanda törətdiyi dağıntıları gördüm. Şuşada ermənilər tərəfindən neçə-neçə məscidin dağıdıldığı, digər rayonlarda işğal dövründə məscidlərdə, Allahın evində donuz saxladıqları barədə məlumat aldım. Bir də Şuşada Azərbaycan dövləti tərəfindən qorunan və təmir edilən kilsəni gördüm.

Düşmənlərimiz türkün gücünü bir daha gördü
Düşmənlərimiz türkün gücünü bir daha gördü

Bu, əslində, hər şeyi ortaya qoyur. Bu, erməni ilə azərbaycanlının, Ermənistanla Azərbaycanın həyata, insanlığa, dünyaya baxışını da ortaya qoyur. Bir tərəfdə işğalçı, vəhşi, hətta Allahın evini də dağıdan dövlət və xalq, digər tərəfdə quran, yaradan, bütün dinlərə hörmətlə yanaşan, tolerant dövlət və xalq. Şuşada, Cıdır düzündə igid Azərbaycan övladlarının böyük qəhrəmanlıqla dırmaşaraq şəhəri işğalçılardan azad etdikləri o sıldırım qayaları görəndə isə bir daha türk olduğuma görə fəxr etdim. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bununla həm də müasir dövrdə türk dünyasının şərəf tarixini yazıb.

Bu Zəfər türk millətinin son dönəmdə yaşadığı ən böyük qürurdur

-Səhv etmirəmsə, səfəriniz də elə tarixi Zəfərin ikinci ildönümü ilə bağlı idi…

-Bəli. Səfərdə məqsəd Bakıda keçirilən “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbirdə iştirak idi. “Şuşa “İli” çərçivəsində təşkil edilən tədbir “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik hüquqi şəxsin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində oldu. Mən orda çıxış edərək tarixi Zəfərin türk dünyası üçün əhəmiyyətinə toxundum. Qeyd etdim ki, bu zəfər türk millətinin son dönəmdə yaşadığı ən böyük qürurdur. Həm də Ahmet Samurun “Zəfərin mübarək” şeirini oxudum. Hər halda BAYRAQDAR MEDİA oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq, o şeiri bir daha səsləndirirəm:

Zafer Yazdık Karabağ’ın toprağına, taşına,
“Demir Yumruk” indi Ermeni’nin başına.
Can Azerbaycan koç yiğitler otağı,
Ay yıldızla süslüdür üç renkli bayrağı.

Özgürlüğe yol açtık İlham Aliyev başta,
Dünyaya örnek olduk, haklıydık bu savaşta.
“Yurtta Sulh, Cihanda Sulh” Atatürk’ten emanet,
Kardeş gibi sarılır Türkiye’yle bu millet.

Beləliklə, həm bu gözəl tədbirdə iştirak etdim, həm Bakıda Hərbi Qənimətlər Parkında oldum, həm də buradakı dostlarımla yenidən görüşmək fürsəti qazandım. Ən önəmlisi isə Qarabağda oldum.

-Dostlardan söz düşmüşkən, siz Türkiyənin gəlib-keçmiş basın müşavirlərindən əllə sayılacaqlarından birisiniz ki, məhz səmimi olduğunuz və işinə zərgər dəqiqliyi ilə yanaşdığınız üçün burada çoxlu dostlar qazanmısınız. Mənim üçün maraqlıdır ki, həmin dostların hamısı sonuna qədər sədaqətli qaldımı? Bu gün də əlaqələriniz varmı?

-Müasir dövrümüzdə sosial medianın güclü olması, insanlar arasında əlaqələrin də davamlı olmasına imkan yaradır. Bu baxımdan buradakı dostlarla əlaqələrimiz davamlı oldu. Bəlkə bizdən öncəki dostlar da bunu edə bilərdi. Amma o dövrdə sosial media indiki qədər güclü olmaya da bilərdi. Biz isə, dediyim kimi, sosial medianın yaratdığı imkanlardan səmərəli şəkildə yararlandıq və buradakı dostlarla əlaqələri davam etdirdik. O ki, qaldı dediyiniz səmimi münasibətlərə, nə gizlədim, vəzifədən sonra göstərilən münasibət mənim çox xoşuma gəldi. Təsəvvür edirsiniz, Bakıya gəlirəm, Azərbaycan mobil nömrəsi ilə dostuma zəng edirəm. O nömrəni tanımadığı üçün “Bülent Uğurdur danışan. Türkiyə səfirliyinin keçmiş mətbuat müşaviri” deyirəm. Bilirsinizmi, cavabında nə deyir?

“Bizim Bülent bəy”, “keçmiş deyil, daimi mətbuat müşaviri”…

-Maraqlıdır, nə deyir?

-Deyir ki, “keçmiş deyil, daimi mətbuat müşaviri”. Yaxud, bir başqa dostumuz, “keçmiş deyil, məşhur mətbuat müşaviri”, üçüncüsü, “Bizim Bülent bəy” deyir. Bax, bu sözləri eşitmək insanda bir sevinc, bir xoşbəxtlik yaradır. Hesab edirəm ki, bu, mənim Azərbaycandakı fəaliyyətimə verilən ən səmimi və qürurverici dəyərdir. Demək ki, biz burada 5 il ərzində həqiqətən də çalışmışıq.

Bülent Uğur və Nadir Azəri
Bülent Uğur və Nadir Azəri

Amma sadəcə iş görməmişik, həm də çox gözəl dostluqlar, dəyərli dostlar qazanmışıq. Mən gəldiyimdə axtardığım dostlardan biri də hazırda qarşımda dayanan Nadir Azəridir. Təbii ki, bu səfər zamanı heç də bütün dostlarla görüşmək imkanım olmadı. Amma zəng edib, axtarıb görüşmək təklifi edən, ancaq vaxt darlığı ucbatından görüşə bilmədiyim dostlara deyirəm ki, inciməsinlər. İnşallah, növbəti səfərdə də bu dəfə görüşə bilmədiyim dostlarla görüşəcəyəm.

-Bu gün türk dünyası çoxdan arzuladığımız birliyinə qovuşub. Dövlət qurumları üzərlərinə düşən işləri görürlər. Amma bir də QHT-lərin, ictimaiyyətin, medianın dəstəyi də güclü olsa, işlər daha sürətlə gedər. Bu baxımdan media sahəsində hansı işlər görülməlidir?

-Əslində, biz burada diplomat olaraq çalışarkən bu barədə hər zaman düşündük və hansısa işləri görməyə çalışdıq. Normalda bütün diplomatlar görəv aldıqları ölkələrdə öz dövlətləri üçün çalışır. Amma biz Azərbaycandakı fəaliyyətimiz dövründə Türkiyə ilə yanaşı Azərbaycan üçün də çalışdıq. Türk dünyasının daha da yaxın olması üçün bir şeylər etməyə çalışdıq. Sizin də bildiyiniz kimi, Azərbaycan mətbuatının inkişafına dəstək üçün əlimizdən gələni etdik, müxtəlif tədbirlər təşkil etdik. Azərbaycan-Türkiyə media konfransları oldu. Radyo Televizyon Üst Kurulu ilə Azərbaycan Milli Teleradio Şurasını bir araya gətirdik. Türkiyədə olan Basın İlan Kurulu kimi bir qurumun burada da yaranması üçün oradan genel müdirin Azərbaycana səfərini təşkil etdik.

Hrəbi Qənimətlər Parkı
Hərbi Qənimətlər Parkı

Buradan jurnalistlərin Türkiyəyə çeşidli, özü də işgüzar səfərlərini təşkil etdik. Yəni bu səfərlər təkcə səyahət xarakterli olmadı, orada təhsil də aldılar. Bunları xatırlatmaqla yanaşı qeyd etmək istəyirəm ki, ölkələr arasındakı əlaqələrin inkişafı üçün sadəcə, dediyiniz kimi, dövlət qurumları çalışmamalı, QHT-lər, media da addımlar atmalıdır. Bir media birliyi formalaşmalıdır. Hansı ki, yenə də öz fəaliyyətimiz dövrünə istinad edəcəyəm. Həmin vaxt biz Mətbuat Şurası ilə Türkiye Gazeteciler Cemiyetini bir araya gətirdik. Parlament Jurnalistlər Birliyi ilə Alanya Gazeteciler Cemiyetini bir araya gətirdik. Yəni mən Azərbaycanda fəaliyyət göstərdiyim üçün Azərbaycanla Türkiyə arasında bu işləri gördük. Hesab edirəm ki, digər türk dövlətləri arasında da oxşar addımlar atılmalıdır və bu, ümumi işimizə, türk dünyasının daha da dərindən inteqrasiyasına yardım edə bilər.

Qocaman qələm sahiblərinin təcrübəsinə müraciət etmək işin xeyrinə ola bilər

-Bəs bu məsələdə peşəkar media təmsilçilərinin, qocaman qələm sahiblərinin təcrübəsindən istifadə işin xeyrinə ola bilərmi?

-Təbii ki, ümumiyyətlə təkcə bu deyil, digər sahələrdə də qocaman şəxslərin təcrübəsinə müraciət etmək işin xeyrinə ola bilər. Sadəcə olaraq bu şəxslərin də bir araya gətirilməsi üçün vahid bir proqram işlənib hazırlanmalıdır. Bu cür siyasət bütün türk dövlətlərində reallaşdırılsa, önümüzdə kimsə dura bilməz.

Yeni dövrün tələbləri ilə ayaqlaşmaq vacibdir

-Azərbaycan mətbuatı ilə bağlı fikirləriniz də maraqlı olardı…

-Bütün dünyada mətbuatda bir dəyişiklik var. Müasir dünyada elektron media önə çıxır ki, bu da günün tələbidir. Yəni bu gün keçmişdə olduğu kimi, media təkcə qəzet, jurnal üzərində fokuslanmayıb. Bu gün sosial media önə çıxıb. Bütün dünyada bununla ayaqlaşmaq üçün addımlar atılmalıdır. Media sahəsində uğur qazanmaq üçün yeni dövrün tələbləri ilə ayaqlaşmaq vacibdir. Saytların fəaliyyətinə üstünlük verilməlidir. Çünki insanlar məlumatı daha tez əldə etmək istəyir. Azərbaycan da bu yeniliklə ayaqlaşmaq yolunda addımlar atır.

“Mənim ilçəmdə, Ağın ilçəsində danışılan ləhcə Azərbaycan ləhcəsidir”

-Maraqlı müsahibəyə görə çox sağ olun.

-Mən də fikirlərimi çatdırmaq üçün imkan yaratdığınıza görə minnətdaram. Son olaraq onu da qeyd etmək istəyiərm ki, Azərbaycana mənim baxışım daha fərqlidir.

Bülent Uğur: Vətən müharibəsində Azərbaycanda xalq-ordu-dövlət birliyinin bütün dünyaya nümayiş etdirilməsi, uşaqlarda milli hisslərin oyanması qürurvericidir
Bülent Uğur: Vətən müharibəsində Azərbaycanda xalq-ordu-dövlət birliyinin bütün dünyaya nümayiş etdirilməsi, uşaqlarda milli hisslərin oyanması qürurvericidir

Çünki mən Elazığ şəhərindənəm. Elazığ şəhərindən vaxtı ilə Oğuz boyları keçiblər. Mənim ilçəmdə, Ağın ilçəsində danışılan ləhcə Azərbaycan ləhcəsidir. Mən ilk dəfə bura gələndə sanki Ağına getmiş kimi hiss etmişdim özümü. Dolayısı ilə mənim Azərbaycana baxışım daha istidir. Bu çərçivədə yenidən Azərbaycanda olmaq sevindirci idi. Azərbaycanın hər bir uğuru, 44 günlük Vətən müharibəsində Azərbaycanda xalq-ordu-dövlət birliyinin bütün dünyaya nümayiş etdirilməsi, uşaqlarda milli hisslərin oyanması qürurvericidir. Bu, məni çox xoşbəxt edir. Ümumiyyətlə buradakı hər gözəllik məni xoşbəxt edir.

Bülent Uğur deyir ki, arxada görünən Xankəndidi və inşallah tezliklə orada da türkün səsi eşidiləcək
Bülent Uğur deyir ki, arxada görünən Xankəndidir və inşallah, tezliklə orada da türkün səsi eşidiləcək
Mission News Theme by Compete Themes.